Yeni əhvali-ruihiyyə: Rohani BMT-ə gəlir

Prezident Rohani
Şəklin alt yazısı, Həsən Rohani nüvə məsələsində "tam səlahiyyətlərə" malik olduğunu deyir.

İran prezidenti Həsən Rohani BMT Baş Assambleyası tribunasından çıxış etmək ərəfəsində ölkəsinin ABŞ ilə nüvə proqramına dair əməli danışıqlar aparmağa hazır olduğuna aydın işarələr var, BBC Fars xidmətindən Bəhmən Kalbasi yazır.

Vəzifəsinin icrasına başladıqdan bəri ötmüş 1 ay ərzində İran prezidenti Həsən Rohani onun sələfinin həyata keçirdiyi xarici siyasət kursundan və ritorikadan qətiyyətlə uzaqlaşdığını nümayiş etdirib.

Onun administrasiyasının Mahmud Əhmədinejadın 8 illik səs-küylü bəyanatlar dövrünə əlvida demək istəyi bütün qabarıqlığı ilə 3 həftə əvvəl, yeni Xarici İşlər naziri yəhudiləri “Rosh Hashanah” bayramı ilə təbrik edəndə sezildi. Bundan sonra isə nazir qeyd etdi ki, İran heç zaman Holocaust hadisəsini inkar etməyib.

Həsən Rohani ABŞ prezidenti Barack Obama ilə “pozitiv” ruhda məktublaşıb və NBC ABŞ yayım şirkətinə İranın dünya ilə əlaqələrini inkişaf etdirmək istədiyini və nüvə silahının əldə edilməsinə can atmadığını bildirib.

O, hətta ABŞ qəzetində məqalə ilə çıxış etmiş ilk İran prezidenti olub.

Ötən həftə Washington Post qəzetində dərc olunmuş məqaləsində İran prezidenti “konstruktiv” əməkdaşlığa çağıraraq Suriyada münaqişəyə son qoyulması səylərinə İranın yardımçı olmağa hazırlığını vurğulayıb.

Pozitiv ruh

Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Gary Sick BBC-ə deyib ki İranın davranışında “dramatik dəyişiklik” baş verib.

"Rohani və onun administrasiyası Əhmədinejad əleyhdarlarıdır”, Gary Sick deyib. Onun qənaətincə, yeni İran prezidentinin səsləndirdiyi fikirlərin məğzi ABŞ prezidentinin həmin fikirlərə reaksiya bildirmək məsələsini yüngülləşdirir.

Həsən Rohani
Şəklin alt yazısı, Həsən Rohani İranın heç zaman nüvə silahını yaratmayacağını NBC teleşirkətinə bildirib.

BMT dəhlizlərində iki president arasında “təsadüfi” görüşün ehtimalı ilə bağlı söhbətlər son günlər ərzində nəzəriyyədən daha çox reallığa doğru yaxınlaşmağa meyl göstərib.

Nyu Yorkun özündə də hazırkı əhval-ruhiyyə əvvəlki illərdən fərqlənir.

ABŞ televiziyasında və Times Square meydanında Əhmədinejadın İsrail əleyhinə bəyanatlarını pisləyən və İranın nüvə proqramına dair xəbərdarlıqlar səsləndirən verilişlər və çağırışlar keçmişdə qalıb.

Əksinə, hazırda diplomatlar İranın yeni prezidentinin ölkəsini beynəlxalq səhnədə mürəkkəb vəziyyətdən necə çıxaracağı məqamını səbirsizliklə gözləməkdədirlər.

"Real imkan"

İran prezidentinin son bəyanatlarından iki sual doğur: cənab Rohani sözdən əmələ keçəcəkmi və Vaşinqton Tehranla sövdələşməyi gerçəkdənmi istəyir?

İranla nüvə proqramı ilə beynəlxalq danışıqlarda iştirak etmiş Ağ Evin keçmiş xüsusi məsələlər üzrə müşaviri Robert Einhorn hesab edir ki, “İran tərəfi real addımlar atarsa”, o zaman Obama administrasiyası İranı qayğılandıran məsələlərə ciddi cavab verməyə hazır olacaq.

"Əhmadinejad dövründə Vaşinqtonda belə bir fikir formalaşmışdı kı, İran gerəcək razılığın əldə edilməsində maraqlı deyil. Vəziyyət indi dəyişib”.

Lakin Ağ Ev İranın yenicə yürütməyə başladığı “açıqlıq” xəttini sanksiyaların bəhrə verdiyi kimi də yozmaqdadır.

Amma bu yanaşma İranda baş verən dəyişiklikləri nəzərdən qaçıra bilər və vaşinqtonu daha çox güzəştlər əldə etmək niyyətilə İrana sanksiya təzyiqini gücləndirməyə sövq edə bilər.

“Vaşinqtonda güman edirlər ki, İran tərəfindən pozitiv addımların atılması üçün ABŞ mütləq hədə, hərbi aksiya ya sanksiya hədəsi işlətməlidir”, BMT-dəki Avropalı diplomat bildirib.

Sanksiyalar

İran tərəfilə söhbətlərdən ABŞ-ın nüvə diplomatiyası səviyyəsini yüksəltməyə hazır olması barədə Tehranda şübhələrin olduğu aydınlaşır.

Çox güman ki, İran nüvə danışıqlarında güzəştə yalnız o zaman gedər ki, Obama masanın üzərinə əhəmiyyətli dərəcədə zəiflədilmiş sanksiyalar layihəsini çıxarsın.

Bu olmayacağı təqdirdə, İrandakı sərt xətt tərəfdarları həddən artıq vəd verən prezidentə qarşı hücuma keçməyə bəhanə qazana bilərlər.

Rohani İran parlamentində.
Şəklin alt yazısı, Prezident Ruhani İran parlamentində tənqidçilərini, güman edildiyi kimi, "sakitləşdirə" bilib.

Həmin dairələr onu artıq 2003-cü ildə ABŞ-dan heç bir güzəşt əldə etmədən İranın uranı zənginləşdirməsi proqramını dayandırmağa razılıq verdiyinə görə satqın kimi qələmə vermişdilər.

Bu səbəbdən cənab Rohaninin təkrarən Qərbin quru sözünə inanıb addım atacağını düşünməyə dəyməz.

Problemin daha bir cəhəti isə İrana qarşı sanksiyaların yalnız ABŞ Konqresinin qərarı ilə qaldırılmasının mümkünlüyü ilə bağlıdır.

Prezident Rohani İran parlamentini "yola gətirdiyi" dərəcədə prezident Obamanın da Konqresi “neytrallaşdıra” biləcək qabiliyyətdə olduğunu hələ yoxlamaq gərəkdir.

BMT meydançasında qarşıda gələn həftə bu mənada bir sıra həlledici suallara cavab verməlidir.