"Həsən Rohani"-nin Twitter hesabı kimə məxsusdur?

Həsən Rohani, twitter
Şəklin alt yazısı, "Tehranda günəş batarkən bütün yəhudilərə, xüsusilə iranlı yəhudilərə mübarək Roş Haşana arzulayıram", prezidentə aid olmasını iddia edən hesabda yazılıb

İranda Həsən Rohani tərəfindən yazıldığı iddia edilən tweetlər barədə qalmaqaldan sonra, hesabın kimə məxsus olması barədə dolaşıqlıq yaranıb.

Çərşənbə günü belə bir hesabdan bir tweet yəhudiləri onların Yeni İl bayramı - Roş Haşana münasibətilə təbrik edib.

Cənab Rohaninin ofisindən rəsmi isə deyib ki, prezidentin "Twitter-də hesabı yoxdur", yarı-rəsmi Fars xəbər agentliyi yazıb.

Amma sözügedən hesabda indiyə qədər yazılan tweetlər rəsmi bəyanatlara uyğun olduğundan, bunun prezidentə yaxın olan adamların işi olması ehtimal edilir.

Bundan savayı müxbirlər deyirlər ki, cənab Rohaninin Roş Haşana münasibətilə təbriki mübahisəli olmaya da bilərdi - İranda sayı 25 000 və 80 000 arasında olan yəhudi icması var.

Twitter və Facebook kimi sosial media saytları İranda qadağan olunsa da, onlara proxy serverlər vasitəsilə girmək olar.