Keçmiş Sovet ölkələrində "birinci xanım"ın rolu nədir?

Mixail və Raisa Qorbaçov

Şəklin mənbəyi, AFP

    • Müəllif, Andrey Kondratyev
    • Vəzifə, BBC Monitorinq

Margaret Thatcher Mixail Qorbaçov və onun dəbdəbəli həyat yoldaşı Raisa ilə çox yaxşı yola gedirdi. Bundan əvvəl sovet liderləri həyat yoldaşlarını və ailələrini diqqət mərkəzindən gizlədirdilər. Bəs post-Sovet "birinci xanımlar" nə qədər nəzərə çarpandırlar?

1980-ci illərdə nöqsansız geyimli və gözəl nitqə malik Raisa Qorbaçova Qərb mediasının sevimlisi oldu.

Amma xaricdə onu populyar edən səbəblərə görə, ölkənin daxilində çox adam onu bəyənməyib. Qəşəng, sifarişlə tikdirilən paltarlarda və tez-tez medianın diqqətində olan Raisanın imici, onun məhv olan kommunist ölkəsinin acı reallığına zidd idi.

Rusiyanın birinci post-Sovet prezidentinin həyat yoldaşı Naina Yeltsina sələfindən az təmtəraqlı geyinsə də, səciyyəvi xairici görünüşü və səsi var idi.

Buna baxmayaraq görünür ki, slavyan ölkələrinin indiki birinci xanımları - köhnə Sovet ənənəsinə uyğun olaraq kameradan utananırlar.

"Avtoritar monarx"

Lyudmila Putinin ictimai profili, onun həyat yoldaşının Rusiya prezidenti olaraq oynadığı qlobal roluna uyğun gəlmir.

Vladimir və Lyudmila Putin

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Rusiya prezidenti birinci xanımı ilə birlikdə son dəfə 2012-ci ildə, cənab Putinin inaqurasiyasında görülmüşdü.

Düzdür, az öncə onun şəkli dəbdəbəli jurnalın cildində göstərilmişdi. Amma Putin yenidən prezident seçiləndən sonra üçüncü dəfədir birinci xanım olan qadın ictimaiyyətdə o qədər az görsənir ki, mart ayında o, mükafat mərasimində iştirak edəndə, Rusiya mətbuatında kifayət qədər böyük hay-küy düşmüşdü, çünki Prezident Vladimir Putinin inauqurasiyasından bəri ictimaiyyətdə birinci dəfə idi ki, göründü.

Onun görünməzliyi mətbuatda çoxlu şərhlərə və spekulyasiyaya səbəb olub.

Müstəqil jurnalist Mixail Fişman deyir ki, ailə - lideri sadə, sıravi adam kimi göstərməyə kömək edir. "Avtoritar monarx" Prezident Putin isə Allahabənzər olmaq istəyir.

Unudulmaz çıxış

Ukrayna prezidentinin həyat yoldaşı Lyudmila Yanukoviç də demək olar ki, o qədər görünməzdir.

Lyudmila Yanukoviç

Şəklin mənbəyi, Getty

Məlumata görə, birinci xanım Donetskdə rahib kimi yaşayır və ancaq nadir hallarda, regional tədbirlərdə iştirak edir. Kiyevdə onu demək olar ki, heç vaxt görmək olmur.

2010-cu ildə Viktor Yanukoviç prezident seçiləndə də o, ictimaiyyətin gözündən yox olmuşdu.

O, ən unudulmaz çıxışını 2004-cü ilin Narıncı İnqilab zamanında, həyat yoldaşı prezidentliyə namizəd və baş nazir olanda etmişdi.

Əyri beretkası və məharətsiz nitqilə o, rəqib qərbpərəst partiyaları tərəfdarlarını ABŞ-da istehsal olunan fetr çəkmələrlə və narkotiklə qatışdırılmış portağallarla təchiz etməkdə suçlamışdı. Deyilən sözlər o qədər ekstremal idilər ki, on ilə yaxın vaxt keçsə də, onlar hələ də yadda saxlanılır və ələ salınırlar.

Yəqin ki, xanım Yanukoviçin yox olmasının səbəbi məhz o çıxışın yaratdığı vəziyyət olub, məhşur ukraynalı jurnalist Sergey Leşçenko deyir.

Birinci oğul

Aleksandr və Nikolay Lukaşenko

Şəklin mənbəyi, Getty

Belorus eksperti Valeriy Karbaleviç deyir ki, Sovet vaxtının "liderlərin xanımlarını nümayiş etdirməmək" ənənəsi ictimai düşüncədə dərin kök salıb.

Belorusda birinci xanım yoxdur. Son illərdə Prezident Aleksandr Lukaşenkonu rəsmi mərasimlərdə də gənc oğlu Nikolay müşaiyət edib.

Oğlan atasının inauqurasiyasında iştirak edib və bir çox xarici səyahətlərində, ən son olaraq bu yaxınlarda, Venesuelada ölkənin populist lideri Hugo Chavezin dəfn mərasimində onu müşaiyət edib.

Sarısaçlı və səliqə ilə geyinmiş Nikolay atasının yanında durarkən bir kəlmə danışmır və demək olar ki, birinci xanımı əvəz edir.

Şərq paradoksu

Paradoksal olaraq patriarxal və mühafizəkar sayılan Orta Asiyanın birinci xanımları daha görkəmlidirlər.

Şəklin mənbəyi, Getty

Özbəkistan mediasında Tatyana Kərimovanı onun qalmaqallı böyük qızı Gülnara kölgədə qoyur. Amma Tatyana xeyriyyəçilik kimi təqdim edilən işlərlə məşğuldur və həyat yoldaşı, prezident İslam Kərimovu görüşlərində müşaiyət edir.

Prezident Kərimov Özbəkistanı dəmir əllə idarə edir və istənilən dissidentin qarşısını alır.

Qonşu Qazaxıstanda birinci xanım Sara Nazarbayevanın rəsmi bioqrafiyasına görə illərdir ki o, bir neçə xeyriyyə layihəsinə nəzarət edib və altı kitabın müəllifidir.

Ola bilsin şərqin ən məhşur birinci xanımı Azərbaycanın valehedici moda həvəskarı Mehriban Əliyevadır. Bir sıra "xeyriyyə" və mədəni proqramla məşğul olan xanım bəlkə də əri Prezident İlham Əliyevi kölgədə qoyub.

Amma hakim ailənin imici ehtiyatla idarə olunur və insan haqları təşkilatları hakimiyyəti demokratiyanı boğmaqda və dissidentləri həbs etməkdə suçlayır. Azərbaycan həmçinin Transparency International təşkilatının korrupsiya siyahısında aşağı yerlərdədir.

Həkim təhsili alan, hazırda Parlament üzvü olan xanım Əliyeva Yeni Azərbaycan Partiyasında fəaldır. Bir neçə il əvvəl onun 2013-cü ildə həyat yoldaşının yerini alacağı barədə şaiyələr yayılsa da, onlar sonradan səngidi.

Wikileaks-in sızdırdığı diplomatik teleqramlar birinci xanımı Qərb jurnalistlərinin gözülə bir qədər mənfi işıqlandırıb. Amma öz ölkəsində media möhkəm nəzarət altında olduğundan, ətrafındakı ittihamlardan asılı olmayaraq, xanım Əliyeva məhşurluğundan rahatcasına yararlana bilər.