Mexikoda "bəxti çönən" Heydər Əliyev heykəli

Heydər Əliyevin Mexikodakı heykəlinin şəhərin "Dostluq" parkının Azərbaycan-Meksika hissəsindən yığışdırılması dünyanın bir çox mətbuat orqanını maraqlandırıb.

Heykəl gecə saatlarında yerindən götürülsə də, Meksika mediasının bir neçə orqanı heykəlin qaldırılmasının video görüntüsünü yaya bilib. Videolar Mexikonun məhşur qəzeti El Universal saytında və Meksikanın ən böyük televiziya şəbəkəsi olan Televista-da yayımlanıb.

Televista həmçinin xəbər verib ki, heykəlin taleyi haqqında qərar verilənədək o, Federal Rayon Höküməti tərəfindən qorunacaq və ya Azərbaycan Səfirliyinə ötürüləcək.

Mark Stevenson Associated Press agentliyi üçün yazdığı məqalədə heykəlin "bəxtinin çönməsi" haqqında danışıb. Müəllif həmçinin qeyd edir ki, Azərbaycan parkın təmiri üçün "5 milyon dollar verdiyinə görə, görünür ki, şəhər heykəli gizlədə bilməz".

Həmin məqalədə fəal və yazıçı Homero Aridjisin dedikləri yer alıb. Heykələ qarşı aparıcı etirazçılardan biri olan Aridjis deyib ki, Meksika pul alıb digər ölkələrdən" tiranları idxal etmək", digər ölkələrin "münaqişələrinə sahib çıxmaq" ehtiyacında deyil. "Bizim öz problemlərimiz kifayət qədərdir", o deyib.

Müəllif işarə edir ki, Aridjis - Tlaxcoaque parkında yerləşən, Xocalıya həsr olunan heykəli nəzərdə tutur. "Fəallar bu heykələ etiraz ediblər, çünki lövhədə Xocalı qətlləri soyqırım kimi təsvir olunur ... [və] tənqidçilər deyirlər ki, Meksikanın əzablarına həsr olunan abidə daha uyğun olardı".

Xəbərlərin əksəriyyəti isə ABŞ mediasında yer alıb. Məhşur New York Times qəzetinin müxbiri Elisabeth Malkin parkın təmirinə xərclənən pulu xatırladaraq yazır: "Səfirliyin parkın təmirinə verdiyi pulu geri istəyib-istəməməsinə gəldikdə isə, şəhər hökümətinin hüquqi direktoru Jose Ramon Amieva deyib ki, şəhər hələ pulun qaytarılması üçün tələb almayıb".

The Atlantic Cities: "Ola bilsin ən qızğın reaksiya Azərbaycanın özündən gəlib. Orada keçmiş prezidentə abidələr poçt qutuları və işıq dirəkləri qədər tez-tez rast gəlinəndir. Mexiko heykəlin həmin nöqtədə 99 il saxlanılması üçün müqavilə imzalamışdı; əslində altı aydan az davam etdi."

Joshua Kucera, SLATE (onlayn jurnal): "2011-ci ildə Meksika Senatı Xocalı (hadisələrini) "soyqırım" adlandıran qətnamə qəbul edib. (Meksika 1915-ci ilin hadisələrini rəsmi şəkildə belə tanımayıb.) Lakin görünür ki, Əliyev heykəli ilə Azərbaycan həddini aşıb. Bundan savayı, Meksikanın paytaxtı - liberal oazisdir; 2009-cu ildə o, geylərin nigahını qanuniləşdirib. Məsələni tədqiq etmək üçün üç nəfərlik komissiya yaradıldı və noyabrda Əliyev heykəlinin yığışdırılmasını və Xocalı abidəsindəki yazının "qətliam"dan "soyqırım"a dəyişdirilməsini tövsiyə edib. ... Mən onunla görüşəndə (Azərbaycanın Meksikaya səfiri) Muxtarov demişdi ki, heykəlin yerində qalmasından başqa heç bir nəticəni qəbul etməyəcək, Mexiko heykəli yığışdırsa, səfirlik məsələni "beynəlxalq məhkəməyə" çıxaracaq. Amma heykəlin yığışdırılmasından bəri görünür ki, onun mövqeyi yumşalıb...".

Daha kiçik nəşrlərdən isə North Carolina Kənd Təsərrüfatı və Texniki Dövlət Universitetinin qəzeti həmçinin bu barədə yazıb: "Bu arada heykəl baxımından zəngin olan Mexiko qalmaqallı, şikayət ediləsi tarixi şəxslərin surətləri ilə doludur. Anti-müstəmləkəçilər Winston Churchillin heykəlinin qarşısında piket keçirə bilərlər. Sosializmi tənqid edənlər üçün isə yaxınlığında yerləşən, keçmiş yuqoslav prezidenti Josip Broz Titonun heykəli var."