Heydər Əliyevin Meksikadakı heykəli yığışdırılıb

Şəklin mənbəyi, reuters
- Müəllif, Juan Carlos Pérez Salazar
- Vəzifə, BBC Mundo, Mexico
Mexiko şəhər hakimiyyətinin qərarı ilə şənbə günü səhər açılmadan Heydər Əliyevin Meksika paytaxtındakı heykəli yığışdırılıb.
Avqust ayında, məşhur "Reforma" prospektində heykəl ucaldılamsından bu yana məsələ ətrafında qalmaqal getdikcə böyüyüb.
Tənqidçilər israr edib ki, suallar doğuran keçmişə malik olan şəxsə Mahatma Gandhi və Winston Churchill heykəlləri yanında yeri yoxdur.
Heykəlin yığışdırılmasına çağıranlardan Andres Lajous BBC Mundo-ya deyib ki, New York Times qəzetində Heydər Əliyevin ölümünə həsr olunmuş məqaləni oxuyandan sonra onda heykəlin legitimliyi haqqında suallar yaranıb.
Bir qədər keçmiş başqaları da hərəkata qoşularaq abidənin qarşısında "Rədd olsun diktator" plakatları ilə etiraz aksiyalarına başlayıb.
Qalmaqalın milli və yerli mediada geniş işıqlandırılması Mexikonun Federativ Dairə Höküməti tərəfindən məsələ ilə bağlı xüsusi komissiyanın tərtibinə səbəb olub.
"Ümimilli liderin" müdafiəsi

Şəklin mənbəyi, Reuters
Eyni zamanda Azərbaycan səfirliyi "ümumilli lider"ini müdafiə etmək üçün kampaniya başladı.
Azərbaycan "Reforma" prospektindəki heykəllə yanaşı Mexikoda yerləşən Tlaxcoaque Meydanının təmirini maliyyələşdirib.
Bəzi hesabalamalara görə bunlar təxminən 3 milyon dollara başa gəlib.
BBC Mundo ilə müsahibəsində Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov deyib ki, heykəl və parkın təmiri Azərbaycan müstəqilliyini ilk tanıyan ölkələrdən birinə minnətdarlığın təzahürü olub.
Cənab Muxtarov deyib ki, səfirlik pulu bilavasitə olaraq yerli hökümətə verməyib, işin yerini yetirilməsi üçün tikinti şirkətilə müqavilə bağlayıb. Diplomat bütün ödənişlərin şəffaf şəkildə həyata keçirildiyini deyib.
Bundan başqa, yerli mediada Azərbaycan səfirliyi heykəlin qaldırılmasının iki ölkə arasındakı münasibətlərə təsir edə biləcəyinə işarə etmişdi.
"Mexikoya şərəf gətirmir"
Buna baxmayaraq komissiya heykəlin yığışdırılmasını tövsiyyə etdi.
Ötən həftə keçmiş prezidentliyə namizəd Cuauhtemoc Cardenas və Mexikonun Xarici işlər koordinatoru son hökmünü elan etdi:
"Cənab Əliyevin heykəli Mexikoya şərəf gətirmir və şəhər onun qarşısında heç bir öhdəliyə malik deyil".
Ehtimalən qalmaqal və etirazları başdan etmək üçün abidə gecə çağlarında sökülüb.
Onun taleyi haqqında qərar verilənədək heykəl Mexikonun başqa bir hissəsindəki anbarda saxlanılacaq.




