Özbək həkimlər pambıq yığmağa məcbur edilir

Şəklin mənbəyi, Getty
- Müəllif, İbrat Safo və William Kremer
- Vəzifə, BBC Dünya Xidməti
H&M, Adidas və Marks and Spencer kimi beynəlxalq geyim şirkətləri Özbəkistandan idxal olunan pambığı uşaq əməyinin istismarına etiraz olaraq boykot etdikdən sonra bu il bir çox özbəkistanlı uşaqlar məktəbdə təhsillərini davam etdirə bilirlər.
Ancaq əvəzində ofis işçiləri, tibb bacıları və hətta cərrahlar tarlaya göndərilir.
Daşkənddəki klinikada tibb bacısı işləyən Malvina qəzəblidir.
"Mənim 50 yaşım var və astma xəstəsiyəm. Biz çoxlu pambıq yığmalıyıq, özü də əllə. Əvəzində isə bizə pul ödənmir".
O, Özbəkistanın ucqarlarında digər səhiyyə işçilərilə birlikdə 15 gün pambıq yığandan sonra evinə qayıdıb.
"Bizim cərrah tarlada olanda ona zənglər gəlirdi. Onlar belə suallar verirdilər: məni bir həftə əvvəl əməliyyat etmisiniz. İndi hərarətim var - nə edim?"
Özbəkistan dünyanın əsas pambıq istehsalçılarındandır və pambıq və dənli bitkilər ölkə iqtisadiyyatının canıdır. Hökumət istehsala nəzarət edir və sovet stilli normalar tətbiq edir ki, məhsulu tarlalardan mümkün qədər tez yığa bilsin.
Ölkədə uşaq əməyindən və məcburi əməkdən istifadə H&M, Marks and Spencer və Tesco kimi şirkətləri pambığı başqa mənbələrdən almaq məcburiyyətində qoyub.
Bu ilin əvvəliində Baş Nazir Şavkat Mirziyayev uşaqların pambıq tarlalarında işləməsini yasaqlayan qanun qəbul edib.
Böyüklər, o cümlədən müəllimlər, süpürgəçilər və ofis işçiləri isə oktyabr və noyabr ayında tarlalara qayıtmağa məcbur edilib.
BBC-ə Özbəkistanda fəaliyyət göstərməyə icazə verilmir. Amma Malvina - öz adı deyil - bizə deyir ki, ötən ildən bəri Daşkənd hakimiyyəti hər rayona 330 tibb işçisini tarlaya göndərməyi tapşırıb.
Onun işlədiyi klinikada tarlaya kimin gedəcəyi barədə qızğın mübahisəli toplantı keçirilib. Ancaq Malvinanın astma xəstəsi olması onun pambıq yığmağa göndərilməsinin qarşısını ala bilməyib.
"Məlum oldu ki, hərədə bir xəstəlik var - bel ağrısı, yüksək qan təzyiqi və sairə. Baş həkim bu xəstəlikləri eşidəndə dedi: Bəsdir! Başqa söz eşitmək istəmirəm. Hamilə qadınlardan və körpəsi olanlardan başqa hamı gedir".
Getmək istəməyən isə işdən çıxarılacaq, həkim deyib.
Malvina deyir ki, işçilər səhər saat 4-də yerindən durmalı və tarlaya qədər bir saat yeriməli idilər. Onlar işi axşam 6-da başa vurublar.
"Hərəmiz 60 kq pambıq yığmalıyıq. Bu hədəfə nail olmasaq, onda qalan pambığı yerlilərdən almalıyıq ki, normanı dolduraq", - o deyir.
Malvina və onun klinikadan olan həmkarları məktəbdə yerləşdirilməli imiş, amma orada yer olmayıb. Sonda onlar ev kirayələməli olublar. Kənddəki hamamdan istifadə etmək üçün də pul ödəyiblər.
Bir çox özbəklər üçün pambıq mövsümü gözlənilməz problemlər gətirir. Səmərqənd rayonundan adının çəkilməsini istəməyən müəllim deyir ki, bu il pambıq yığmağa sağlamlığı imkan vermir.
"Mən indi bir fəhlə tapmalıyam və ona 100 dollar verməliyəm ki, mənim üçün pambıq yığsın" - o deyir.
"Bundan başqa, kollecin direktoru dedi ki, maaşımdan pul tutmalıdır ki, pambıq yığanları yedirmək və onları yerləşdirmək üçün pul ayırsın - beləliklə, mən 200 dolları da belə itirdim".
Ancaq o, məktəb uşaqlarının bu il tarlaya göndərilməməsindən və təhsillərinə davam etməsindən məmnundur.




