Jurnalist "Novruzəliyə görə" cərimələndi

Şəklin mənbəyi, facebook
Lənkəran məhkəməsi "Azadlıq" qəzetinin müxbiri Ramin Dekonu üç min manat cərimələyib. Məhkəmə millət vəkili Novruzəli Aslanovu Cəlil Məmmədquluzadənin Poçt qutusu hekayəsində yaratdığı Novruzəli obrazı ilə müqayisə edən qəzet yazısına görə belə qərar çıxarıb, Media Hüququ İnstitutu xəbər verir.
Millət vəkili Novruzəli Aslanov "Azadlıq" qəzetinin 26 oktyabr 2011-ci il tarixli sayında dərc olunan "Füzuli Ələkbərov İvanovkada evləri 80 min manatdan alır" sərlövhəli yazıya görə Ramin Dekonu məhkəməyə verib.
Millət vəkili iddiasında qeyd edib ki, jurnalistin onun haqqında işlətdiyi ifadələr "ölkənin ictimai siyasi həyatında özünəməxsus diqqətə layiq yer tutan millət vəkilinin şərəf və ləyaqətini aşağılayıb, onun dərin mənəvi sarsıntılar keçirməsinə səbəb olub”.
Ramin Deko məhkəmənin qərarı ilə bağlı BBC Azərbaycancaya deyib: "O qədər pulu ödəməyə imkanın yoxdur. Appelyasiya şikayəti verəcəyəm".
Jurnalsit Şirvan rayon Apellyasiya Məhkəməsinə sənədləri göndərəcəyini deyib: "Bu məhkəmə də qərarı ləğv etməsə nə edəcəyəm bilmirəm".
Lənkəran məhkəməsinin çıxardığı qətnaməyə görə, millət vəkili "avam, nadan və geridə qalmış Novruzəliyə bənzədildiyi üçün" həqiqətən də mənəvi sarsıntı keçirib.
"Məhkəmə - linqvistik ekspertizası da öz növbəsində sübut edib ki, millət vəkilinin klassik yazıçının personajı ilə müqayisə edilməsi doğrudan da millət vəkilinin şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyib", Media Hüququ İnstitutu yazır.
Məhkəmə iddianı qismən təmin edərək jurnalistin üzərinə 10 gün ərzində təkzib vermək, “Ümid yeri” Xeyriyyə Cəmiyyətinə 3000 manat ödəmək vəzifəsi qoyan qətnamə qəbul edib.
Ramin Deko deyir ki, məhkəmə Lənkəranda olduğu və iştirak edə bilmədiyi üçün hakimdən xahiş edib ki, məhkəməni təxirə salsın və ekspertiza rəyi ona göndərilsin. "Amma məhkəmə bunları etmədi, sadəcə 10 min manatlıq cəriməni 3000-ə endirdi".
























