Ankarada "fransız" küçələrin adları dəyişdirilə bilər

Etiraz

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Parlamentinin dekabr ayındakı qərarı ilə bağlı Fransanın Ankaradakı səfirliyi qarşısında etiraz aksiyası keçib.

Ankara bələdiyyəsinin sözçüsü BBC Azərbaycancaya müsahibəsində “soyqırım”la bağlı qanun layihəsinin senatda təsdiqləndiyi təqdirində Fransa ilə əlaqəli küçələrin adının dəyişdiriləcəyini bildirib.

Fransada “soyqırım”ın danılmasını kriminallaşdıran qanun layihəsinin parlamentin aşağı palatasında təsdiqlənməsi, Türkiyənin sərt etirazına səbəb olub.

Yanvarın 23-də sənədin Fransa qanunverici orqanının yuxarı palatasında müzakirə olunması gözlənilir.

Ankara şəhər bələdiyyəsinin sözçüsü Avni Kavlak Fransaya cavab addımları barədə planları şərh edərək şəhər merinin təşəbbüsü ilə səsverməyə çıxarılan sənədin iki gün əvvəl yekdilliklə dəstəkləndiyini bildirib.

“Fransa səfirliyi qarşısında Əlcəzair monumenti inşa ediləcək, Paris, De Gaulle və Strasburq prospektlərinin adları dəyişdiriləcək”, - deyib BBC Azərbaycancaya müsahibəsində rəsmi.

Avni Kavlak bildirib ki, sənədin senatdan keçdiyi ardınca qərarın icrasına başlanılaraq: monument inşa olunmaqla küçələrinin adları dəyişdiriləcək.

Qanun layihəsinin təsdiqlənilmədiyi təqdirində isə bələdiyyə öz qərarını ləğv edəcək, deyib sözçü.

Əlavə addımlar

Ankara bələdiyyəsinin rəsmisi başqa addımların da atıla biləcəyini deyib.

Hərçənd ki, sözçü onların nədən ibarət olduğunu dəqiqləşdirməyib.

Fransa parlamentinin aşağı palatasında “soyqırım”ın danılmasını kriminallaşdıran qanun layihəsinin dəstəyinə etiraz olaraq geri çağırılmış Türkiyənin Parisdəki səfiri sənədin təsdiqinə mane olmaq üçün yenidən Parisə qaytarılıb.

Ankara öz növbəsində Fransanı müstəmləkəçilik illərində <link type="page"><caption> Əlcəzair “soyqırım”inda ittiham </caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2011/12/111222_erdogan_on_genocide.shtml" platform="highweb"/></link>edib.

Reaksiya

Mübahisəli layihə Bakıda da etiraz doğurub.

Hadisə ilə bağlı Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

"Bu qanunun lehinə səs verən deputatlar bütün dünya ictimaiyyətinin gözü qarşısında baş verən Xocalı soyqırımı məsələsinə də ciddi yanaşmalıdır ", - deyib APA agentliyinə olayı şərh edən Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev.

1-ci Dünya müharibəsi vaxtı Osmanlı Türkiyəsində ermənilərin öldürülməsini soyqırım kimi tanıyaraq bunu inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi Fransa parlamentinin aşağı palatasında dekabrın sonunda təsdiq olunub.

Müharibə vaxtı itkilərin qarşılıqlı olduğu və ölənlərin sayının şişirdilməsini bildirən Türkiyə məsələnin xüsusi komissiyada araşdırılmasını təklif edir.

Sənəd qanun şəklini almaq üçün parlamentin yuxarı palatası ilə prezident tərəfindən təsdiqlənməlidir.