Milli Məclis keçmiş prezidentlər haqqında qanunu təsdiqləyib

Azərbaycan parlamenti

Şəklin mənbəyi, gov.az

Azərbaycan parlamenti keçmiş prezident və onun ailə üzvlərinin təminatı haqqında konstitusiya qanunu qəbul edib.

"Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" qanun layihəsi Milli Məclisdə ikinci və üçüncü oxunuşda qəbul olunub.

Qanunda qeyd olunub ki, keçmiş prezident və onun həyat yoldaşı baş prokurorunun icazəsi olmadan (cinayət başında yaxalanma hallarından başqa) cinayət məsuliyyətinə cəlb edilə və tutula bilməz.

Layihəyə əsasən, keçmiş prezident hazırda prezident olan şəxsin aylıq əməkhaqqının 50 faizi qədər aylıq pensiya almalıdır.

Keçmiş prezident 3 nəfərdən artıq olmayan təhlükəsizlik heyəti, 1 sürücü, 1 avtomobil ilə təmin edilir.

Dövlət qulluğu üçün müəyyən olunmuş tibb təminatı üzrə hər hansı qanun və qaydaların müddəaları da keçmiş prezident və onun ailə üzvlərinə şamil olunacaq.

"Keçmiş prezident" adının Konstitusiyaya uyğun olaraq Azərbaycan prezidenti vəzifəsini tutmuş, prezident vəzifəsini tutmuş və vəfat etmiş, həmçinin Konstitusiyanın 104-cü maddəsinə uyğun olaraq səlahiyyətlərinə xitam verilmiş şəxslərə şamil olunduğu qeyd edilib.

Layihədə keçmiş prezidentin həyat yoldaşı və öhdəsində olan uşaq anlayışları da verilib. Öhdədə olan uşaq dedikdə vəfat etmiş prezidentin 18 yaşına çatmamış və onun öhdəsində olan uşaq, o cümlədən övladlığa götürülmüş uşaq və ya ögey uşağı nəzərdə tutulur.

Layihəyə əsasən, keçmiş prezidentin pensiyası prezident vəzifəsində olan şəxsin əsas aylıq əməkhaqqının 50 faizinə bərabər tutulur. Konstitusiyanın 107-ci maddəsinə uyğun olaraq impiçment qaydasında vəzifəsindən uzaqlaşdırılmış prezident bu qanunda nəzərdə tutulmuş pensiyanı almaq hüququna malik deyil.

Qanun layihəsini təqdim edən hüquq siyasəti parlament komitəsinin sədri Əli Hüseynovun sözlərinə görə, Milli Məclisdə qəbul olunmuş eks-prezidentlər haqqında qanun impiçmentə məruz qalmayan ölkənin bütün sabiq başçılarına şamil ediləcək.