Türkiyədə dəhşətli zəlzələ: ölənlər çoxdur
Türkiyənin şərqində baş vermiş 7.2 bal gücündə zəlzələ nəticəsində 500-1000 adam ölüb, bu barədə Türkiyənin baş seysmoloqu Mustafa Erdik xəbər verib.
Zəlzələ yerli vaxtla 13.41-də baş verib. İranla sərhəddə yerləşən Van əyalətinə daha çox zərər dəydiyi bildirilir. Zələzələnin episentri bu şəhərə düşdüyündən, rəsmilər binalara və infrastruktura ziyan dəydiyini deyiblər.
Türkiyə baş nazirinin müavini Bəşir Atalay Van şəhərində 10 binanın uçduğunu deyib. Ətraf ərazilərdə 30 binanın dağıldığı bildirilir.
Türkiyənin NTV telekanalına müsahibəsində şəhərin meri Bəkir Kaya deyib ki, telefon sistemi təşvişə görə yükləndiyindən zəlzələnin vurduğu ziyanın miqyasını qiymətləndirmək çətindir.
Televiziya ilə insanların dağıntıları əlləri ilə qazdıqları, binaların uçduğu, maşınların əzildiyi göstərilir. Qorxuya düşmüş sakinlər küçələrə səpələnib.
Türkiyənin Anadolu agentliyi xəbər verir ki, xilasedicilər Van şəhərində 7 mərtəbəlik binanın dağıntıları arasında qaldığı güman olunan insanları axtarır.
BBC Türkcəyə müsahibəsində Van Qadın Dərnəyindən Zozan Özgökçə zəlzələdən sonra Van şəhərinin mərkəzində böyük izdihamın toplandığını deyib.

Şəklin mənbəyi, AFP
O, Vanda bir çox binalarda çatların olduğunu söyləyib.
İtkilərə dair məlumatlar gəlməkdədir, bir yerli mer çoxlu insanların öldüyünü bildirib.
Türkiyə seysmologiya institutu ölənlərin sayının yüzlərlə olacağını bildirib.
Türkiyə geoloji yerləşməsinə görə, zəlzələlərin ən çox baş verdiyi ölkələrdəndir.
1999-cu ildə 7-dən artıq bal gücündə zəlzələ 20 min insanın ölümünə səbəb olmuşdu.
Vandakı zəlzələ Ermənistana da öz təsirini göstərib. Avropa - Aralıq Dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, Yerevandan 15 kilometr aralıda 3.4 bal gücündə zəlzələ baş verib.




