Türkmənistan: qazın Avropaya nəqli üçün hüquqi baza hazırlanmalı

- Müəllif, Elçin Süleymanov
- Vəzifə, www.bbcazeri.com
Avropa İttifaqı və Türkmənistan Mərkəzi Asiya qazının qərbə ixracı üçün hüquqi-müqavilə bazası yaradacaqlar.
Bu barədə bəyanatla Türkmənistan lideri Qurbanqulu Berdımuhammedov Avstriya prezidenti Heinz Fischerlə danışıqlardan sonra çıxış edib.
“Bu gün biz Türkmənistan qazının Avropa istiqamətində nəqli üçün hüquqi-müqavilə bazasının hazırlanmasına başlayırıq. Bu məqsədlə energetika qurumlarının rəhbərləri və maraqlı tərəflərdən ibarət xüsusi işçi qrupu yaradılıb ”, - deyib Türkmənistan lideri.
RİA Novosti agentliyinə görə, prezident Berdimuhammedov Nabukko kəməri üçün qazın “ədalətli” qiymətlə satılacağını bildirib.
Enerji təhlükəsizliyi məsələləri üzrə təhlilçi John Roberts hesab edir ki, Türkmənistanda səslənən bəyanat Nabukko layihəsinin aktivləşdiyindən xəbər versə də, Mərkəzi Asiya qazının Avropaya nəqli baxımından yalnız niyyət mərhələsini təşkil edir.
“Bu Transxəzər Qaz Kəmərinin perspektivlərini yaxşılaşdırır. Hərçənd ki, bu yalnız niyyətdir və bır sıra mühüm razılaşmalar imzalanmayanadək qaz kəmərinə çevrilməyəcək. Bu razılaşmalar satış, müqavilə qiyməti və nəhayət qazın təchiz mənbəyi olan yataq üzrə müqaviləni əhatə edir. Sonuncu məqam mühümdür, çünki Qərb bankları layihədə böyük beynəlxalq şirkətləri görməyənədək Türkmənistandakı layihəyə kredit açmaqdan çəkinə bilərlər ”, - deyib BBC Azərbaycan xidmətinə müsahibəsində John Roberts.
Bakı qərar verəcək
Aşqabada yola düşməzdən əvvəl Bakıya səfər edən Avstriya prezidentilə görüşündə prezident İlham Əliyev Nabukko layihəsinə qatılmaq məsələsinin açıq qaldığını bildirib:
“Azərbaycan və investorlar tərəfindən Nabukko layihəsinə üstünlük verilərsə, o zaman əlbəttə ki, Nabukkoda iştirakçı olmaq üçün konkret təkliflərə baxılacaq” –deyib Prezdent Əliyev.
O, kommersiya cəhətdən ən əlverişli variantın seçiləcəyini əlavə edib.
Avropa bazarlarına qaz ixracatını artırmağa çalışan Moskva xüsusilə də sabiq sovet respublikalarından əlavə təchizatçı görmək istəmir.
Moskva Cənub Axını layihəsinə rəqib Transxəzər qaz kəmərinin inşasına etiraz edir.
Təhlilçilər deyirlər ki, Rusiyadan yan keçəcək Nabukko-nun qarşısını almaq üçün Kreml təzyiq vasitələrinə malikdir.

Şəklin mənbəyi, AP
Qarabağ və enerji layihələri
Misal üçün Moskva Türkmənistandan qaz idxalını dayandıra bilər. Bu, Aşqabad üçün qısa müddətdə ağır zərbə ola bilər.
Moskva təzyiqindən Bakı da sığortalanmayıb.
John Roberts deyir ki, bu ölkələr xammalın satılmasına razı olsalar da, Qərbdən daha qərarlı müdafiə zəmanəti görmək istəyirlər:
“Bakı Ermənistana Rusiyanın güclü dəstəyindən yaxşı halidir. Bu kimi layihənin gerçəkləşəcəyi təqdirdə Rusiyanın Yerevana hərbi dəstəyi arta bilər. Bu mühüm amildir. Əgər Qərb Xəzər qazının Avropaya nəqlini görmək istəyirsə, o Azərbaycan və Türkmənistanın tərəfində duracağını birmənalı bildirməlidir. Və ikinci – Qərb Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsində səylərini artırmalıdır ki, bölgədə ümumi təhlükəsizlik vəziyyəti yaxşılaşsın.”
Ekspertin sözlərinə görə Xəzəryanı ölkələrin gözləntiləri aydındır.
Rusiyaya alternativ təchizatçıda maraqlı olan Avropa daha fəal siyasət yürüdərək əlavə təhlükəsizlik zəmanətləri verməlidir.
Əks-təqdirdə qazlarını onsuz da rahat satmaq imkanına malik olan Bakı və Aşqabad qüdrətli qonşuları ilə qarşıdurmaya girməyin mənasını görmürlər.
Gözləntilər
Turan Enerji məcmuəsinin redaktoru İlham Şaban hesab edir ki, Azərbaycan öz qaz ehtiyaclarının ixracında müstəqil siyasət aparmağa çalışır və Türkmənistandan gələn məlumatı şərh etməyə ehtiyac duymur.
“Nabukko Avropa Birliyinin layihəsidir. Bu, Avropa siyasətçilərinin işdir. Sentyabrın 12-də Transxəzər Qaz Kəmərinin inşası üzrə danışıqlara mandat verilib və iki həftə ərzində ekspertlərin gələcəyi vəd olunub. Lakin indiyədək heç nə edilməyib. Bu, Avropa siyasətinin hansı səviyyədə qurulduğundan xəbər verir.”
Həm Azərbaycan, həm də Türkmənistan enerji ixracının müxtəlifləşdirilməsini prioritet hesab edirlər.
Avropaya qaz nəqli ilə bağlı Aşqabadın bəyanatı Türkmənistan-Hindistan arasında başlayan qaz danışıqlarına təsadüf edir.
Zəngin qaz ehtiyatlarına malik Türkmənistan xammalla bütün ixrac layihələrinin təmin edə biləcəyini bildirib.
İndiyədək bəzi dairələrdə Aşqabadın belə optimizmi inandırıcı görünməyib.
Lakin bu həftə müstəqil audit keçirən Gaffney, Cline & Associates şirkəti yalnız Cənubi Yolotan yatağında 21.2 trilyon kübmetr qazın olduğunu təsdiq edib.
Bu Türkmənistanın ixrac vədlərinin, ən azı texniki baxımından, heç də əsassız olmadığını, təsdiqləyir.




