Ən kasıb post-sovet ölkəsi ən hündür bayraqla Ginnesə düşdü

Düşənbə

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Düşənbədə ucaldılmış bayrağın çəkisi 700 kq-dır.

Keçmiş sovet respublikaları arasında ən kasıbı olan Tacikistan dünyada ən hündür bayraq dirəyi ucaldaraq Ginnesin Rekordlar Siyahısına düşüb.

Tajikistan bildirib ki, bunu ölkənin müstəqil olmasının ildönümünə həsr edib.

Bayraq dirəyinin uzunluğu 165 metrə çatır və onu ABŞ-ın Trident Support firması inşa edib.

"Bu bayraq bizim müstəqilliyimizin uğurlarını - sülh, bərbarəlik, milli harmoniyanı özündə birləşdirir" - Reuters agentliyinin məlumatına görə, bu sözləri Tacikistan paytaxtı Düşənbədə bayrağın ucaldılması mərasimində ölkə prezidenti İmomali Rahmon deyib.

Cənab Rahmona çıxışından sonra Ginnesin Rekordlar Kitabı tərəfindən Tacikistanın dünyada ən hündür bayraq dirəyinə malik olması barədə sertifikat verilib.

Dirəkdən asılan bayrağn çəkisi 700 kq-a bərabərdir.

Bakı dirəyindən uzun

Tacikistan öz bayraq dirəyi rekordu ilə neft istehsal edən region qonşusu Azərbaycanı geridə qoyub.

Belə ki, Düşənbədəki bayraq Bakıda iki il əvvəl ucaldılmış bayraq dirəyindən 3 metr uzundur.

Hər iki ölkədə hündür bayraq dirəyinin qurulması ona çəkilən xərclər baxımından birmənalı qarşılanmayıb.

Azərbaycanda uzunluğu 162 metr olan bayraq dirəyi və çəkisi 350 kiloqram olan bayraq 2010-cu ildə ucaldılarkən tənqidlərlə üzləşmişdi.

Bəziləri ən hündür bayraqla fəxr etdiklərini desələr də, tənqidçilər "bayrağa xərclənən 32 milyon dolların" əhəmiyyətsiz xərc olduğunu hesab edirdilər.

Tacikistanın 7.5 milyonluq əhalisindən 1 milyonu xaricdə - əsasən Rusiyada işləməyə məcburdur.

Dünya Bankının rəqəmlərinə görə taciklərin 47 faizi kasıblıq həddindən aşağıda yaşayırlar.