İlkin tanışlıq dövründə pul barədə danışmaq lazımdırmı?

Kişi və qadın

Şəklin mənbəyi, Getty Images

    • Müəllif, Özge Özdemir
    • Vəzifə, BBC Türkcə

Psixoloqlar iqtisadi böhran şəraitində münasibətlərini davam etdirmək istəyən cütlüklərə maliyyə məsələlərindən də danışmağı məsləhət görürlər. Ancaq ilkin tanışlıq mərhələsində maliyyə çətinlikləri böyük dilemmalara səbəb ola bilər.

Hazırki iqtisadi böhran stress və narahatlığı artırır, inflyasiya isə tanışlıq dövrünün ənənəvi xərclərini (qəhvə içməyə, yemək yeməyə və ya kinoya getmək) xərcləri artır.

Ona görə də belə zamanlarda flirt etmək stresə səbəb olur.

"BBC Türkcə"yə danışan psixoloq Ece Oral Albayraq deyir ki, iqtisadi böhranın belə dərin hiss olunduğu indiki dövrdə gücümüz çatmayan xərclərə yol verməməliyik.

Flirt üçün borca girmək

Bütün dünyada inflyasiyanın artması yeni tanışlıqlar üçün problem yarada bilər.

Pul, qəhvə və iki əl ilk görüşdə nə içməli ilk görüşdə nə yeməli

Şəklin mənbəyi, Getty Images

Araşdırmalara görə, maddi çətinliklərin öhdəsindən birlikdə gəlmək üçün romantik partnyor axtarışları artsa da, büdcəsini gücə salmamaq üçün flirt həyatını təxirə salanlar da az deyil.

Dünyanın müxtəlif yerlərindən 30 tanışlıq saytını birləşdirən "Dating.com"un məlumatına görə, bu saytlarda qeydiyyatdan keçənlərin 47 faizi xərclərdən yayınmaq üçün artıq flirt etmədiyini bildirib.

ABŞ-da aparılan araşdırmanın nəticələrinə görəsə, milenium nəslinin 22 faizi və Z nəslinin 19 faizi bu cür münasibətləri davam etdirmək üçün borca girib.

Flirt mərhələsində pul haqqında danışmaq artıq tabu deyil

Psixoloji məsələlər üzrə məsləhətçi Tunç Tataker deyir ki, münasibətin uzunmüddətli olması üçün hər iki tərəf eyni sosial-iqtisadi şərtlərdə yaşamalıdır və flirt dönəmində pul haqqında danışmaq əvəzinə bir-birini tanımağa çalışmaq daha yaxşıdır.

Ancaq indi maliyyə vəziyyətinin müzakirəsi əvvəlki qədər tabu hesab olunmur.

"Bumble" tanışlıq tətbiqinin Britaniyada apardığı araşdırmaya görə, hər üç nəfərdən biri flirt mərhələsində maddi vəziyyəti haqqında danışmağın vacib olduğuna inanır.

Sorğuda iştirak edənlərin yalnız 6 faizi heç vaxt pul məsələlərindən danışmayacağını deyib.

18-34 yaş arası şəxslərin 42 faizi nisbətən az pul xərcləmək üçün indi daha ucuz məkanlara üstünlük verdiyini bildirib.

Respondentlərin 34 faizi isə parka getmək və ya sahildə oturmaq kimi xərc tələb etməyən variantları seçdiyini vurğulayıb.

Başqa biriylə hara qədər açıq olmaq istəyirsiz?

Mütəxəssislər qeyd edirlər ki, maliyyə vəziyyətimiz haqqında danışmağımız flirt etdiyimiz şəxslə səmimiyyətimizi, yaxınlığımızı və dürüstlüyümüzü artırır.

Şəxsi münasibətlər üzrə ekspert Jessica Alderson Britaniyanın "iNews" saytına müsahibəsində qeyd edib ki, maliyyə vəziyyətimiz və proqnozlarımız haqqında danışmaq bizdən fərqli gözləntiləri olan insanlara zaman sərf etməyin qarşısını ala bilər.

Pul

Şəklin mənbəyi, Getty Images

Bu mövzularda açıq olmağın münasibətimizi gücləndirə biləcək dürüstlük və həssaslıq kimi mühüm şəxsi xüsusiyyətləri də ön plana çıxardığını deyən Alderson bildirir ki, hər şeyi mütləq ilk vaxtlarda danışmağa ehtiyac yoxdur.

Pula münasibət erkən yaşlarda formalaşır

Tutaq ki, flirt etdiyiniz şəxslə maliyyə məsələləri barədə danışmağa qərar verdiz, çünki bunun vacib olduğunu düşünürsüz.

Bunu necə etmək lazımdır?

Maliyyə məsələləri üzrə psixoloq Alex Melkumian CNBC-yə müsahibəsində deyib ki, insanların pula münasibəti fərqlidir və uşaqlıqdan formalaşır.

Ailənizin pulla necə davrandığının və ya sizin maliyyə savadlılığınızın buna təsir etdiyini bildirən Melkumian həmçinin qeyd edir ki, "Hər hansı romantik münasibətdə tərəflərin eyni və ya oxşar maliyyə tarixçəsinin olması çox nadir haldır".

Ona görə də qarşımızdakı insanın pula münasibətini anlamaq və öz dəyərlərimizi partnyorumuza diqtə etməmək lazımdır.

Söhbəti təbii axarına buraxmaq

Şəxsi münasibətlər üzrə ekspert Damona Hoffman CNBC-yə müsahibəsində deyib ki, maddiyatla bağlı danışdıqlarımız məqsədlərimizi və dəyərlərinizi ifadə edir, güclü münasibətlər üçünsə ortaq məqsədlər və dəyərlər birləşdirici faktordur:

"Məqsədlərimiz və dəyərlərimizlə bağlı mükəmməl uyğunluq əldə etmək mümkün deyil, amma bu mövzular barədə danışmaq ən azı tərəfdaşımızı anlamaq və mühüm qərarların qəbulunda fədakarlıq etmək baxımından vacibdir".

Hoffmanın fikrincə, nə qədər çətin olsa da, istər flirt dönəmində, istərsə də sevgili olduqdan sonra pul haqqında danışmaq vacibdir.