Fazil Mustafaya qarşı törədilmiş cinayət hadisəsi ilə bağlı 4 nəfər "saxlanılıb"

Fazil Mustafa güllələnmə evinin qarşısında güllələnən deputat

Daxili İşlər Nazirliyi millət vəkili Fazil Mustafaya edilmiş silahlı hücumla bağlı 4 şəxsin saxlandığını bildirib.

Fazil Mustafa martın 28-də axşam saatlarında evinin qabağında güllələnib.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə ötən həftəsonu verdiyi açıqlamasında bildirib ki, Milli Məclisin üzvü Fazil Mustafaya qarşı "həyata keçirilmiş terror aktının istintaqının ilkin izləri İrana dəlalət edir".

Onun bu açıqlamasına İranın reaksiyası məlum deyil.

Silahlı hücum nəticəsində Fazil Mustafanın 2 güllə yarası aldığı bildirilib.

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev BBC News Azərbaycancaya deyib ki, ona hücum etmiş şəxslərin müəyyənləşdirilməsi üçün aparılmış əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq tərəfindən birgə keçirilib.

Nə baş verib?

Martın 28-də axşam saat 9 radəlrində Fazil Mustafaya yaşadığı evin qarşısında "Kalaşnikov" avtomatından atəş açılaraq terror aktı törədilib. Terror aktı nəticəsində deputat bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

O, yaralı halda 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib.

Faizl Mustafa "sağ çiynindən, sağ budun yuxarı üçdə birindən güllə yarası alıb, vəziyyəti stabildir, həyatı təhlükəsi yoxdur", - TƏBİB-dən bildiriblər.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Ötən gün evinin qarşısında güllələnən millət vəkili Fazil Mustafanın "vəziyyəti normaldır". Bu barədə BBC News Azərbaycancaya deputatın qardaşı Azər Mustafayev məlumat verib.

Onun sözlərinə görə, millət vəkilinin əməliyyatı uğurlu keçib.

"Biz hələ özü ilə danışmamışıq. Hazırda reanimasiyadadır, bu gün ərzində palataya köçürüləcəyini ehtimal edirik", - deputatın qardaşı bildirib.

Fazil Mustafanın çərşənbə axşamı günü evinin qarşısında silahlı hücuma məruz qalması ilə bağlı cinayət işi başlanıb. Bu haqda məlumatı Dövlət Təhlükəsizlik Xidməti (DTX) yayıb.

Məlumatda deyilir ki, cənab Mustafa ötən gün saat 21:51-də yaşadığı evin qarşısında "Kalaşnikov" tipli silah markası ilə güllələnib. Qurum hadisəni "terror aktı" kimi qiymətləndirib.

"Faktla bağlı DTX-nın İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma və gəzdirmə maddələri ilə cinayət işi başlanıb", - açıqlamada deyilir.

Qurum həmçinin, "hazırda hadisəni törədən şəxsin məsuliyyətə cəlb edilməsi üçün təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirildiyini" bildirib.

"Ötən gecə baş prokurorun birinci müavini, Bakı şəhər prokuroru və istintaq-əməliyyat qrupu deputatın hücuma məruz qaldığı ərazidə olub", - Baş Prokurorluğun mətbuat xidmətindən BBC-yə bildiriblər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, polis hadisə yerində əməliyyat-axtarış işləri həyata keçirir.

Nazirliyin sözçüsü Elşad Haciyev BBC-yə bildirib ki, "sui-qəsdi törədən və ya törədənlərin tapılması üçün işlər görülür".

Xəstəxananın qarşısına Milli Məclisin bir çox deputatı və komitə sədri gəlib.

1 Saylı kliniki tibbi mərkəzdə təhlükəzislik tədbirləri

BBC müxbiri xəbər verir ki, xəstəxanaya çox sayda polis cəlb edilib, təhlükəsizlik tədbirləri görülüb.

Təcili Tibbi Yardım bölməsinin qarşısında qələbəlik müşahidə olunur, əraziyə çoxlu avtomobil toplaşıb, müxbirimiz xəbər verir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) elan edib ki, Fazil Mustafanın səhhəti stabildir, həyati təhlükəsi yoxdur.

"Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib. Sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir", - TƏBİB bildirib.

Apa-nın məlumatına görə, deputatın Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində, evinin yaxınlığında marketdən çıxan zaman naməlum şəxs və ya şəxslər tərəfindən güllələndiyi bildirilir.

Fazil Mustafanın güllələnməsi paytaxtda son bir aya yaxın müddətdə odlu silah istifadə edilən dördüncü hadisədir.

Bundan əvvəl Fəvvarələr meydanında, paytaxdakı Bravo marketlərin birində və Bakı Dövlət Sirkinin yaxınlığında silahlı insidentlər olub.