Ukrayna müharibəsi: Zelenskinin müşaviri itkilərinin sayının 13 minə yaxın olduğunu deyib

A coffin and grieving soldiers

Şəklin mənbəyi, Getty Images

Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Mixail Podolyak Rusiyanın işğalından sonra müharibədə 13 minə yaxın ukraynalı əsgərin öldürüldüyünü deyib. Ukrayna ordusu bu rəqəmi təsdiqləməyib.

Ukrayna hakimiyyəti nadir hallarda müharibədə itkilər barədə açıqlama verir.

Mixail Podolyakın sözlərinə görə, müharibədə həlak olan ukraynalı əsgərlərin sayı 10-13 min arasındadır.

İyun ayında verdiyi açıqlamada Podalyak müharibədə hər gün 100-200 Ukrayna əsgərinin həlak olduğunu bildirib.

Zelenskinin müşaviri ölən rus əsgərlərinin sayının 100 minə, yaralı, itkin düşən və ya cəbhəyə qayıda bilməyən rus əsgərlərinin sayının isə 150 minə çata biləcəyini iddia etmişdi.

Bundan əvvəl ABŞ Baş Qərargah rəisi general Mark Milley müharibədə Rusiya və Ukraynanın hər birinin təxminən 100 min əsgərinin öldüyünü və ya yaralandığını bildirmişdi.

Avropa Komissiyasının sədri Ursula Von der Leyen də müharibədə 100 min Ukrayna əsgərinin öldüyünü açıqlasa da, bu bəyanat sonradan onun sözçüsü tərəfindən "Komissiya sədri ölən və yaralananların ümumi sayını nəzərdə tuturdu" -deyə redaktə olunub.

İyunun ortalarında BBC müharibədə 3600-ə yaxın dinc sakinin həlak olduğunu aşkar edib.

Bu rəqəmin daha çox olduğu hesab olunur.BBC nin Rusca xidməti isə Ukraynada işğalın başlanmasından bəri ən azı 9311 rus əsgərinin öldüyünü müəyyən edib. Amma real rəqəm 18600-dən çox ola bilər.

Ukrainian military official Mykola Danyliuk points at a briefing in Kyiv to what he says is a dud warhead of Russia's X-55 cruise missile found in western Ukraine. Photo: 1 December 2022

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Ukrayna ordusunun rəsmisi Mixail Danyliuk

Ukrayna: Rusiya müharibədə nüvə başlıq da taxılan raketlərdən istifadə etməyə başlayıb

Digər tərəfdən, Ukrayna ordusu Rusiyanın ölkənin hava hücumundan müdafiə sistemini zərərsizləşdirmək üçün nüvə başlıqları ilə də təchiz oluna bilən raketlərdən istifadə etməyə başladığını açıqlayıb.

Dünən paytaxt Kiyevdə mətbaut konfransı keçirən Ukraynanın hərbi rəsmilərindən biri Mixail Danyliuk Rusiyanın müharibə zamanı Lvov və Xmelnitski bölgələrində X-55 tipli qanadlı raketlərdən (NATO bu raketləri AS-15 kimi təsnif edir) istifadə etdiyini bildirib.

Jurnalistlərə raket nümunələrini göstərən Danyliuk, "Bu raketlər Sovet İttifaqı dövründə əvvəlcədən müəyyən edilmiş koordinatlarda strateji hədəfləri vurmaq üçün hazırlanıb" deyib.

"Bu raketlər partlayıcı döyüş başlığı ilə təchiz olunmasa da, xüsusilə kinetik enerjisinə görə ciddi təhlükə yaradır", - Danyliuk bildirib.

O əlavə edib ki, raket hissələri üzərində apardıqları sınaqlarda radioaktiv maddənin normadan kənar səviyyəsini aşkar etməyiblər.

Rusiyanın raketlərdən nüvə başlıqlarını çıxardığı güman edilir.Hələlik Kreml məsələ ilə bağlı açıqlama verməyib.

Son dövrlərdə Rusiya hücumlarından sonra Ukraynada enerji infrastrukturu ciddi şəkildə zədələnib; Rusiya ordusu tərəfindən ələ keçirilən Zaporojya Atom Elektrik Stansiyasının baş mühəndisi "vətənə xəyanət" və "Kremllə əməkdaşlıq" ittihamlarından sonra vəzifəsindən azad edilib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə son açıqlamasında Rusiya ilə əlaqəli dini qurumlara məhdudiyyətlər qoymağı planlaşdırdıqlarını bildirib.

Ukrayna Pravoslav Kilsəsi 2019-cu ildə Rus Pravoslav Kilsəsindən ayrılmışdı. Lakin ölkədəki bəzi kilsələr və dini qurumlar Moskvaya sadiq qalmışdı.

Ötən həftə təhlükəsizlik qüvvələri bəzi ibadət yerlərində, o cümlədən məşhur Kiyev-Peçersk monastırında axtarış aparıb və rusiyayönlü təbliğat aparmaqda şübhəli bilininən 50-dən çox insanı dindirib.

Biden Macron

Şəklin mənbəyi, Reuters

Bu arada ABŞ Prezidenti Jo Biden Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müharibəyə son qoymaq niyyətini nümayiş etdirəcəyi təqdirdə onunla danışmağa hazır olduğunu bildirib.

Ağ Evdə Fransa Prezidenti Emmanuel Makronu qəbul edən Biden "Ancaq Putin hələ bunu etməyib" deyib.

"Putinin Ukraynadakı hərəkətləri barbar və iyrəncdir", - Biden birgə mətbuat konfransında bildirib.

İki lider növbəti dəfə "Ukrayna ilə həmrəylik" mesajını verib.

Rusiya isə Almaniya Parlamentinin Sovet İttifaqı dövründə 1932-1933-cü illər arasında bugünkü Ukraynada aclıqdan milyonlarla insanın həyatını itirməsi faktını "soyqırım" kimi tənqid etməsinə reaksiya verib.

Kremldən verilən açıqlamada qərarla bağlı "Bu, Rusiyanı şeytanlaşdırmaq cəhdidir" deyilib.