Ukrayna müharibəsi: Rusiya zərbələri 6 milyon insanı "işıqsız qoyub"

Kiyev

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Axşam vaxtı Kiyev şəhərinin küçələri

Ukrayna Rusiyanın hava zərbələrindən sonra 6 milyon insanın evində elektrik təchizatının kəsildiyini bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi gecə müraciətində vəziyyətin çətin olduğunu deyib.

"Bu axşamdan etibarən əksər regionlarda və Kiyevdə işıqların kəsilməsi davam edir".

Rusiya Ukrayna ərazisini ötən həftədən bəri atəşə tutmağa başlayıb.

Raket hücumlarından ən çox zərər çəkən regionlar arasında cənubdakı Odessa, qərbdə yerləşən Lvov və eləcə də şərqdəki Dnepropetrovskun adı çəkilir.

Donetsk vilayətində işçilər cümə günü qırılan elektrik xətlərini təmir edirlər

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Donetsk vilayətində işçilər cümə günü qırılan elektrik xətlərini təmir edirlər

Hakimiyyət əhalini enerjiyə qənaət etməyə səsləyir.

Ehtiyat edilir ki, Rusiyanın Ukrayna infrastrukturunu hədəfə alması qış ərəfəsində sağlamlıq böhranına səbəb ola bilər. Cümə günü Xerson vilayətinin qubernatoru xəstəxanadakı pasientlərin "Rusiyanın davamlı zərbələri"nə görə təxliyə edildiyini bildirib.

Ukrayna və onun Qərb müttəfiqləri dəfələrlə bildiriblər ki, Rusiya mühüm mülki infrastrukturu hədəfə almaqla müharibə cinayətləri törədir - Moskva bu ittihamları rədd edir.