Azərbaycan Fransa Senatının qətnaməsini “açıq təxribat” adlandırıb

Fransa, Senat, Ermənistan, Azərbaycan, qətnamə, XİN, siyasət,

Şəklin mənbəyi, senat.fr

Azərbaycanın Xarici İşlər Nazirliyi çərşənbə günü yaydığı bəyanatda Fransa Senatında Azərbaycanla bağlı qəbul edilən qətnaməni "iftira" və "açıq təxribat" adlandırıb və orada qeyd olunan müddəaları "qətiyyətlə rədd etdiklərini" bildirib.

Fransa Senatı çərşənbə axşamı günü Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qətnamə qəbul edib. Senatın 295 üzvü sənədin leyhinə, 1 üzvü isə əleyhinə səs verib, qurumun rəsmi saytında yayılmış qətnamədə göstərilib.

Fransa parlamentinin yuxarı palatasının qərarı Fransa və Azərbaycan liderləri arasında bir neçə gün öncə baş tutan telefon danışığından sonraya təsadüf edib.

Qətnamədə nə deyilir?

Fransa Senatı Azərbaycandan öz silahlı qüvvələrini "suveren Ermənistan ərazisindən geri çəkməyi və Ermənistanın ərazi bütövlüyünə hörmək etməyi" tələb edir.

Qətnamədə, həmçinin "erməni hərbi əsirlərin azad olunması, Azərbaycan rəsmilərinə məxsus aktivlərin hədəfə alınması, qaz nəqlinə embarqo tətbiq edilməsi, "Dağlıq Qarabaq Respublikasının" tanınması, eləcə də Ermənistanın müdafiə qabiliyyətinin yüksəldilməsində mümkün dəstəyin verilməsi" əksini tapıb.

Azərbaycanın Xarici İşlər Nazirliyi Fransa Senatı tərəfindən qəbul edilən sənədin "hüquqi qüvvəyə malik olmadığını" bildirib və bu addımı Fransanın "qərəzli və birtərəfli siyasi mövqeyi" kimi şərh edib.

"Qətnamədə "Dağlıq Qarabağ" adlandırılan qondarma qurumla bağlı cəfəng fikirlərlə əlaqədar senatorlara bir daha xatırladırıq ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi olan Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycanın daxili məsələsidir və bunlar Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq təmin ediləcək", - Azərbaycan XİN bildirib.

Xarici İşlər Nazirliyi həmçinin əlavə edib ki, Senatın bu qətnaməsi "Ermənistandakı revanşist qüvvələri həvəsləndirməklə, bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət etmir".

Prezident Əliyev və Prezident Macron, Brüssel, 16 dekabr 2021

Şəklin mənbəyi, Azertag

Şəklin alt yazısı, Prezident Əliyev və Prezident Macron, Brüssel, 16 dekabr 2021

"Bitərəf, qərəzsiz yanaşma vacibdir"

Fransanın ali qanunverici orqanının qətnamə qəbul etməsindən bir neçə gün əvvəl Fransa Prezidenti Emmanuel Macron Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb.

Azərbaycan Prezidentinin mətbuat xidmətinin verdiyi məlumata görə, noyabrın 12-də baş tutan telefon danışığı zamanı tərəflər Bakı və Yerevan arasında münasibətləri müzakirə ediblər.

Fransa Prezidenti noyabrın 19-da keçiriləcək Frankofoniya təşkilatının 18-ci Zirvə Görüşü çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcəyi barədə məlumat verib və "Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək niyyətini bir daha ifadə edib", - məlumatda qeyd olunub.

"Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində bitərəf, qərəzsiz və tarazlaşdırılmış yanaşmanın nümayiş etdirilməsinin vacibliyini qeyd edib", president.az saytı yazıb.

Azərbaycan və Ermənistan sərhədində bu ilin sentyabrında baş vermiş iki günlük döyüşlərdən sonra rəsmi Yerevan Bakını onun suveren ərazilərinə girməkdə ittiham edib. Azərbaycan tərəfi isə iki ölkə arasında sərhədlərin müəyyənləşmədiyini əsas gətirərək Ermənistanın ittihamlarını əsassız sayıb və onu sərhədlərin delimitasiya və demarkasiyasına çağırıb.