"Sabah aparıb həmin pulu dərmana verəcəm", Qazax sakinləri narazıdırlar

Alam dərən kişi

63 yaşlı Qazax şəhər sakini Elmira Məmmədova evlərə çəkilən yeni suyun keyfiyyətindən gileylənir. Deyir ki, əvvəllər hər il dirriklərində tərəvəz yetişdirib qışa ehtiyat yığırdılar, lakin 6 aydır verilən yeni su əkinlərini məhv etdiyi üçün indi tərəvəzi bazardan baha qiymətə alır.

İxtisasca müəllim olan müsahibim deyir ki, yeni su işlətdikləri məişət əşyaları və texnikalarını da sıradan çıxarıb.

Videonu YOUTUBE kanalımızda izləyin.

Şəhərin digər sakini Azər Məmmədli deyir ki, əvvəllər şəhərə dağdan gələn içməyə yararlı təbii su verilirdi. Yerli sakinlər onu Coğaz suyu adlandırır. Lakin regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində Qazağın su-kanalizasiya sisteminin dəyişdirilməsinə qərar verildikdən sonra şəhərə yeni su xətti çəkilib. İcra edilən layihənin sifarişçisi Azərsu Açıq Səhmdar Cəmiyyəti, podratçı şirkət isə Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası olub. Artıq 6 aydır həyətini yeni su ilə sulayan Azər Məmmədli bildirib ki, uzun illərdir qoruduğu ağaclar qurumağa başlayıb.

Onun sözlərinə görə, yeni çəkilən su istifadəyə yararlı olmadığından indi şəhər əhalisi içməli suyu pulla gətizdirməyə məcbur olub ki, bu da onlara iki dəfə baha başa gəlir.

Şəhərin Azadlıq və Şəhidlər Xiyabanı küçələrində yerləşən binaların sakinləri isə yeni su verildikdən sonra su kranlarının məhv olmasından şikayətlənirlər.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən BBC Azərbaycancaya bildirilib ki, layihə çərçivəsində Qazax şəhərinə yeni su xətti çəkilən zaman sayğaclar da quraşdırılıb. Əvvəllər isə sakinlər ailə üzvlərinin sayına görə su ödənişi edirdilər. Qurumun sözçüsü Anar Cəbrayıllının sözlərinə görə, şəhər sakinləri sayğac qoyulduqdan sonra içməli sudan suvarma məqsədi ilə istifadə edə bilmədikləri üçün suyun keyfiyyətini bəhanə edərək Azərsu-nun ünvanına çoxlu şikayətlər göndərirlər. O, təsərrüfatı olmayan bina sakinlərinin su ilə bağlı iddialarının isə əsassız olduğunu deyib.

Layihə icra olunan zaman Gigiyena və Epidemologiya mərkəzinin Qazax regionu üzrə direktoru olmuş Nizami Adıgözəlov isə bildirib ki, hazırda şəhərə həm yeni çəkilən sudan, həm də artezian suyu verilir ki, bunların heç biri insan sağlamlığı və ya əkin sahələri üçün zərərli deyil.

Qazax şəhər sakinləri su-kanalizasiya sisteminin yenilənməsi ilə bağlı layihənin tam icra edilmədiyini bildiriblər. Görülən işlərin keyfiyyətsiz olduğunu deyən sakinlər içməli su ilə yanaşı, kanalizasiya sisteminin də tam quraşdırılmamasından narazıdırlar. Onların sözlərinə görə, kanalizasiya sistemi tam işləmədiyi üçün sakinlərin bəziləri çirkab suları şəhərin mərkəzindən keçən Poylu arxına axıtmağa məcbur olublar ki, havalar isinəndə üfunət iyindən burada yaşamaq mümkün olmur.

Layihənin icrasında podratçı şirkət kimi iştirak edən Akkord korporasiyasının Qazax rayonu üzrə sahə rəisi Rauf Həsənov layihənin tam icra olunmaması ilə bağlı ittihamları təkzib edib.

"Azərsu"yun Qazax rayonu üzrə texniki-nəzarət mühəndisi Rövşən Əsgərov isə BBC Azərbaycancaya bildirib ki, layihə çərçivəsində təmsil etdiyi qurum şəhərin əsas kanalizasiya xəttini yeniləyib, lakin sakinlərin evlərindən ana xəttə qədər kanalizasiya çəkilişi vətəndaşların üzərinə düşür. Yəni sakinlər özləri evlərinin kanalizasiya sistemini öz vəsaitləri hesabına əsas xəttə qoşmalıdırlar.

Qazax şəhər su kanal idarəsinin nümayəndəsi Alı Hüseynov isə deyir ki, şəhərdəki yaşayış evlərinin hələlik yarısı yeni kanalizasiya xəttinə qoşulub.

Rəsmi qurumların nümayəndələri Poylu arxı ətrafında yaranan anti-sanitar vəziyyətlə bağlı nəzarətin isə bələdiyyə tərəfindən aparıldığını bildirdilər. Bələdiyyə sədri Tofiq Orucov isə bildirib ki, arx təmizlənsə də, sakinlər bura çirkab suları axıdırlar. Onun sözlərinə görə, Poylu arxında yaranan anti-sanitar vəziyyətin köklü həlli yalnız yaşayış evləri kanalizasiyaya tam qoşulduqdan sonra mümkün olacaq.

Videonu YOUTUBE kanalımızda izləyin.