Erdoğan-Paşinyan görüşü: Qərbin gözləntisi Ankaranın Bakını Yerevanla razılığa gəlməyə inandırmasıdır

Şəklin mənbəyi, Getty Images
Ötən ilin sonundan bəri Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin ən mühüm görüşlərindən biri bu gün Praqada Prezident Recep Tayyip Erdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutacaq.
Maraqlıdır ki, görüşün Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesinə təsirləri qədər Azərbaycanla Ermənistan arasında yarımçıq qalmış sülh müqaviləsi məsələsinə də təsiri olacaqmı?
Qərb razılığa gəlmək üçün Türkiyənin Azərbaycan üzərində öz təsirindən istifadə etməsini gözləyir. Onlar hesab edirlər ki, Azərbaycan müharibədə qalib gəldiyi üçün, demək olar ki, hər bir məsələdə kompromisə getməkdən boyun qaçırır.
Fransa Prezidenti Emmanuel Macron-un təşəbbüsü ilə yaradılan Avropa Siyasi İcmasının ilk sammiti oktyabrın 6-7-də Avropa İttifaqına hazırda rəhbərlik edən Çexiyanın paytaxtı Praqada başlayır.
Sammitdə Avropa İttifaqının 27 ölkəsi ilə yanaşı, Türkiyə, Böyük Britaniya, Ukrayna, Azərbaycan, Ermənistan və Balkan ölkələri də daxil olmaqla daha 17 ölkə iştirak edəcək.
Hökumətlərarası formatda və iştirakçıların bərabər statuslu olacaqları ilk iclasda qlobal və regional problemlər qarşısında Avropa Siyasi Birliyinin hansı yöndə gedəcəyi, iş prinsipləri kimi əsas məsələlərin müzakirə ediləcəyi gözlənilir. Türkiyə Aİ-yə tamhüquqlu üzvlüyə namizəd statusuna xələl gəlməsin deyə Praqada keçirilən toplantıda iştirak edir.
Oktyabrın 6-da keçiriləcək ilk plenar iclasdan sonra toplantıda iştirak edən liderlərin ikitərəfli görüşləri üçün vaxt ayrılıb. Bu görüşlərdən ən diqqətçəkən və önəmlisinin həm də Türkiyə və Ermənistan liderləri arasında olacağı gözlənilir.
İki ölkə arasında ən son yüksək səviyyəli danışıqlar 2008-ci ildə, o vaxtkı Prezident Abdullah Gülün Türkiyə-Ermənistan futbol oyununu izləmək üçün Yerevana getdiyi və Ermənistanın o vaxtkı Prezidenti Serj Sarkisyanın 2009-ci ildə Bursada keçirilən ikinci oyuna gəldiyi zaman baş tutub. O dövrdə futbol diplomatiyası adlanan səylər nəticəsində iki ölkə arasında diplomatik münasibətlərin qurulması, sərhədlərin açılması və ikitərəfli münasibətlərin yaxşılaşdırılması məqsədi daşıyan iki protokol imzalansa da, Azərbaycanın kəskin reaksiyası səbəbindən proses yekunlaşa bilmədi.
İki ölkə liderləri arasında 13 il sonra baş tutacaq görüş fərqli mühitdə baş tutacaq.
Türkiyə-Ermənistan normallaşma prosesi sürətlənəcəkmi?
İki liderin gündəliyindəki ilk mövzu təbii olaraq, normallaşma prosesi və bundan sonra atılması vacib addımlar olacaq.
Yanvar ayında Moskvada başlayan görüşlər çərçivəsində Türkiyə və Ermənistandan olan özəl təmsilçilər səfir Serdar Kılıç və Ermənistan Parlamenti sədrinin müavini Ruben Rubenyan dörd dəfə görüşüb. Kılıç və Rubenyanın sentyabrda baş tutması gözlənilən beşinci iclası isə Azərbaycan və Ermənistan arasında baş vermiş sərhəd döyüşlərinə görə keçirilmədi.
Ermənistan Türkiyə ilə normallaşmanın daha sürətli olmasını, diplomatik münasibətlərin qurulması və sərhədlərin tezliklə açılmasını istəyir.
Hər addımı Azərbaycanla koordinasiyalı şəkildə atmağa diqqət edən Türkiyə isə Ankara-Yerevan arasındaki prosesi Yerevan-Bakı arasında davam edən sülh sazişinə paralel aparmaq niyyətindədir. Buna görə də tərəflər arasında bugünə qədər atılan addımlar - qarşılıqlı uçuşların başladılması, üçüncü ölkə vətəndaşlarının quru yolla ölkəyə daxil olması üçün hazırlıqların aparılması kimi daha simvolik mövzuları əhatə edib.
Bu baxımdan, Erdoğan və Paşinyanın türk-erməni normallaşması ilə birlikdə Cənubi Qafqazda sülh və əmin-amanlığın təminatı baxımından vacib olan Azərbaycan-Ermənistan görüşlərinə fokuslanacaqları gözlənilir.
Niyə razılığa gəlinmir?
2020-ci ilin son aylarında baş vermis 44 günlük müharibədə Rusiyanın müdaxiləsi ilə Ermənistan və Azərbaycan arasında atəşkes elan edildi və üzərində razılığa gəlinən protokola görə Ermənistan işğal etdiyi bəzi Azərbaycan torpaqlarını da geri qaytardı.
Rusiya atəşkəsi müşahidə etmək üçün əraziyə 2 minə yaxın hərbçisini yerləşdirdi. Türkiyə də daha az təsirli olsa da bu prosesdə rol oynadı.
Atəşkəsə yönəlmiş, ötən müddət ərzində sərhədlərin tam çəkilməsini təmin edəcək, tərəflərin suveren ərazilərini müəyyənləşdirəcək və aralarında quracaqları siyasi əlaqələrin çərçivəsini cızacaq daimi razılaşma əldə oluna bilmədi.
Bununla yanaşı, sentyabr ayında tərəflər arasında yenidən baş verən döyüşlərdə atəşkəsin kövrəkliyi, dayanıqlı razılaşmanın təmin olunmaması hərbi gərginliyin artması riskini üzə çıxardı.
Ermənistanın yaxın müttəfiqləri ABŞ və Fransa tərəflərin yenidən görüşüb və anlaşması üçün bu prosesə öz töhfələrini verdilər.
Xüsusilə oktyabrın 2-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən sülh danışıqlarında bu iki ölkədən ciddi dəstək gəldi.
Ancaq Qərb Azərbaycanın "müharibəni qazanmağın gətirdiyi üstünlüyə görə heç bir mövzuda anlayış göstərmədiyini" düşünür və Bakıya ritorikasını yumşaltması üçün təzyiq edir.
Paşinyanın sazişi imzalamağa niyyətli olduğu, amma bunu Ermənistan cəmiyyətinə və diasporasına qəbul etdirəcək formada həyata keçirmək istədiyi də bildirilir.
Tərəflər arasındaki ən ciddi problemlər iki ölkə arasında sərhədlərin müəyyənləşməsi, Qarabağda yaşamaqda davam edən ermənilərin statusu və Azərbaycanı Naxçıvana birləşdirəcək dəhlizin yaradılmasıdır.
Bu yolun kimin kontrolunda olacağı, Ermənistanın öz torpaqlarından keçən yolla əlaqədar suveren haqlarını nə qədər istifadə edə biləcəyi kimi önəmli problemlər həllini gözləyir. Ermənistanın bu yolun olmasına etiraz etmədiyi, lakin suverenliyinə təminat istədiyi bildirilir.
Ankara hansı rolu oynayacaq?
Ankara prosesin əvvəlindən bəri fəal şəkildə Bakının tərəfindədir. Müharibə bitdikdən sonra Ermənistana çağırışlar edən Türkiyə də Cənubi Qafqazda sülh və sabitlik üçün tərəfləri bir araya gətirməyə çalışıb.
Praqada keçiriləcək Erdoğan-Paşinyan görüşünü əhəmiyyətli sayan Qərb dövlətləri Qafqazda sülh və sabitlik üçün böyük önəm verdikləri Azərbaycan-Ermənistan razılaşması prosesində Türkiyənin daha obyektiv xətt tutmasını və Bakıya təsirindən istifadə etməsini gözləyirlər.
Bu ölkələr hesab edirlər ki, Azərbaycanı daha çevik etmək üçün cənab Erdoğan Prezident İlham Əliyevlə dialoqundan istifadə edərək vəziyyəti dəyişə bilər. Qərb mənbələri əks halda sazişin imzalanmasının çətin olacağından və münaqişə riskinin yarana biləcəyindən narahatlığını ifadə edir.
Ermənistan-Azərbaycan razılaşmasının və paralel olaraq, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının Rusiyanın Qafqazdakı təsirini azaldacaq effekt kimi qabaqcadan qiymətləndirən Qərb hesab edir ki, Ukrayna müharibəsi davam etdiyi bir zamanda bu bölgədə atılacaq addım daha çox müsbət nəticə verə bilər.
Ankaranın bu gözləntilərə cavab verib-verməyəcəyi isə Erdoğanın Paşinyanla, bəlkə də sonradan Əliyevlə danışıqları nəticəsində bəlli olacaq.
Azərbaycanın 2020-ci ilin sonunda müharibədə bəzi ərazilərini Ermənistandan geri alması həm Qafqaz regionunda 30 illik status-kvonun dəyişməsinə, həm də Ankara ilə Yerevan arasında normallaşma prosesinə Bakının kəskin reaksiyasının aradan qalxmasına səbəb olub.
Bu vəziyyət Erdoğan və Paşinyanın bütün Qafqazı əhatə edən iki əsas məsələ ilə bağlı müzakirələr aparacağını göstərdiyi üçün vacibdir.








