You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
"Xaini tanı!": Azərbaycanda bu kampaniya niyə uğursuz oldu?
- Müəllif, Redaksiya
- Vəzifə, BBC Rusca
Qonşu Ermənistanla münaqişənin son günlər kəskinləşməsi fonunda Azərbaycanda (2020-ci il müharibəsindən fərqli olaraq) artıq Ermənistan ərazisində aparılan hərbi əməliyyatları pisləyən tanınmış siyasətçilərə, fəallara, jurnalistlərə qarşı "xaini tanı" həştəqi ilə kampaniyaya start verilib. Amma, deyəsən, kampaniya uğurlu alınmır.
Facebook-da Ermənistanla sərhəddəki son gərginlikdə Azərbaycan hakimiyyətinin hərəkətləri ilə razılaşmayan tanınmış ictimai xadimlərin fotoları ilə "#xainitanı" həştəqi yaranıb.
Fotoların altında onların sosial şəbəkələrdəki statuslarından sitatlar, fotoların üzərində isə "Xaini tanıyaq!" yazısı olan qırmızı möhür var.
Siyasətçi Tofiq Yaqublu, bloger Orxan Ağayev, tarixçi Altay Göyüşov, sabiq deputat Gültəkin Hacıbəyli, jurnalistlər Əfqan Muxtarlı və Sevinc Osmanqızı və başqaları kampaniyanın hədəfi olub.
Görünür, bu kampaniyanı hakim Yeni Azərbaycan Partiyasının üzvləri təbliğ edirlər. Məsələn, partiyanın Bərdə rayon təşkilatının rəhbərinin profilində, daha sonra onun həmin rayon üzrə tabeliyində olan şəxsin profilində bu həştəqlı fotolar peyda olub.
Eyni "xainlər" siyahısı özünü "Yeni Azərbaycan" partiyasının ölkənin müxtəlif bölgələrindəki gənclər təşkilatının üzvləri kimi təqdim edən şəxslərin profillərində də yayılır. BBC nə telefon, nə də e-poçt vasitəsilə Yeni Azərbaycan Partiyasının mətbuat xidməti ilə əlaqə saxlaya bilib.
Özünü Facebook səhifəsində Vüqar İmranov adlandıran şəxsin - Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktor müavininin profilində eyni həştəqlə video yerləşdirilib. Onun adı, soyadı və vəzifəsi Fondun saytındakılarla eynidir və səhifədəki profil və digər şəkillərdəki şəxs də direktor müavini kimi Fondun səhifəsində göstərilən şəxsə bənzəyir.
Bundan başqa, "Azərbaycan" dövlət qəzetində bir millət vəkilinin "xainlər" haqqında çoxlu nida işarəli mətni və onların şəxsiyyətini müəyyənləşdirmək üçün zəif pərdələnmiş çağırış yer alıb.
"Əgər bu səbəbdən xainəmsə, belə də olsun"
Tanınmış azərbaycanlı jurnalist və siyasi mühacir Əfqan Muxtarlının "Xaini tanıyaq!" möhürü olan fotosunun altında onun sitatı verilir: "Azərbaycan tərəfi başqa dövlətin ərazisini ələ keçirmək niyyətində olduğunu açıq şəkildə bəyan edir".
BBC ilə söhbətində o etiraf edir ki, bunlar, həqiqətən, onun sözləridir.
"Mən hesab edirəm ki, Azərbaycan öz hüdudlarından kənarda heç bir yerdə hərbi əməliyyatlarda iştirak etməməlidir və əgər bu əməliyyat qonşu ölkənin ərazisini işğal etmək üçün lazımdırsa, mən bunun əleyhinəyəm. Beynəlxalq hüquq var, ölkələrin sərhədləri var, onları başqa dövlətlər tanıyır, mən qoşunlarımızın Zəngəzurda (Sünik) olmasının və orada əsgərlərimizin həlak olmasının əleyhinəyəm".
Onun sözlərinə görə, Prezident Əliyev Azərbaycanı "bugünkü ümidsiz vəziyyətə salıb".
"Rusiya nüvə silahına malik böyük ölkədir və bütün dünya onun [Ukraynadakı] təcavüzkar siyasətinə qarşı birləşib, onlara başqa ölkənin ərazisini işğal etməyə icazə verilmir, bizə isə heç imkan verməzlər", - Muxtarlı xatırladır.
O qeyd edir ki, xarici siyasətçilər Ermənistanın müdafiəsinə qalxıblar və yeni gərginlik yaranarsa, sanksiyalar da tətbiq oluna bilər. "Bütün bunlar hakimiyyətə deyil, xalqımıza təsir edəcək və əgər bu səbəbdən mən satqınamsa, belə də olsun", - jurnalist deyir.
Kampaniya populyar görünmür
Muxtarlı hesab edir ki, həştəq kampaniyası uğursuz alınıb.
"Onu məsxərəyə qoyurlar, əgər yalan danışırsansa, insanlar bunu bilirsə, belə kampaniya uğurlu ola bilməz" deyir: "Mən də, Tofiq Yaqublu da [1990-cı illərdə] Qarabağda döyüşmüşük, bunu insanlar bilir, biz necə "xain" ola bilərik, camaat bilir. Mən özüm də bu həştəqi paylaşmışam və görürəm ki, insanlar məni dəstəkləyir".
Ümumilikdə, çərşənbə axşamı günü BBC müxbiri Facebook-da "#xainitanı" həştəqi ilə 40 status tapıb və onların əksər müəlliflərinin məmurların profillərinə oxşar profilləri var. Beləliklə, görünür, bu həştəq hələ geniş ictimaiyyət arasında çox populyar deyil.
Twitter-də bu həştəqlə daha çox yazı var, lakin bu mövzuda tvitlərin bəzilərini məmurların özləri yazır, qalanları isə əsasən tənqid edirlər. "Uşaqlar, "#xainitanı" siyahısı üçün hara müraciət etməli? Müddət bitdi?" - fəal Rüstəm İsmayılbəyli zarafat edib.
Yeri gəlmişkən, kampaniyanın özü bu həftə başlayıbsa, fəalları xain adlandıran eyniadlı Youtube kanalı artıq yarım ildir ki, mövcuddur və cəmi 219 abunəçisi var.
Yeni müharibə populyar deyil?
Azərbaycanda yeni eskalasiya ilə bağlı tənqidi fikirlər səsləndirənlər arasında 2020-ci il müharibəsində ölkəsini dəstəkləyənlər də var.
O vaxt Azərbaycanın ana müxalifət partiyalarından biri sayılan AXCP-nin sədri Əli Kərimli Azərbaycan ərazisinin bir hissəsinin işğal altında olduğunu qeyd edərək hakimiyyəti dəstəkləmişdi.
Amma indi o, başqa cür danışır.
"İndi hamı maraqlanır - niyə biz (guya) "acından ölən" düşmənlə bir neçə saatlıq döyüşdə 50 nəfər itirdik?" - o, sentyabrın 14-də, Azərbaycan tərəfinin qurbanlarının ilk siyahıları məlum olanda yazıb.
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nancy Pelosinin Yerevana son səfərini (orada bildirib ki, Ermənistanla bu sərhədyanı münaqişəni Azərbaycan başlayıb) şərh edən Əli Kərimli yazıb ki, əgər əvvəllər Ermənistan Rusiyanın forpostu hesab olunurdusa, indi "Əliyevin səyləri nəticəsində" Azərbaycan "Putinin batan qayığına" minir.
Sentyabrda Ermənistanla eskalasiyaya Azərbaycan cəmiyyətində reaksiya 2020-ci il müharibəsi zamanı olduğundan qat-qat qeyri-müəyyən görünür.
İnsanlar sosial şəbəkə avatarlarında Azərbaycan bayraqlarını asır, bəziləri müharibəyə, digərləri isə sülhə çağırır, onlarla əsgərin ölümündən dəhşətə gəlir, başsağlığı yazırlar.
Rüfət adlı istifadəçi yazır: "Hər bir müharibə kimi bu müharibə də dayandırılmalıdır". "Yaşasın Qəhrəmanlar! Yaşamalı olan sağlam gənc oğlanları itirmək çox ağrılı və acıdır", - Reyhan adlı istifadəçi yazır. Başqa bir qadın isə oğulları hazırda Ermənistanla sərhəddə hərbi hissədə xidmət edən qohumlarından necə narahat olduğunu danışır.
Sərhəddə nə baş verib?
İki ölkə arasında sərhəddə atışmalar sentyabrın 12-də axşam saatlarında başlamışdı. Ermənistan Müdafiə Nazirliyi Ermənistanın Azərbaycanla sərhədinin bütün cənub hissəsindəki şəhərləri, o cümlədən Vardenis, Sotk (Zod), Artaniş, İşxanasar, Gorus və Qafan şəhərlərinin hədəf alındığını bildirmişdi.
Azərbaycanın Müdafiə Nazirliyi döyüşlərin başlama səbəbini Ermənistan silahlı bölmələrinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində "genişmiqyaslı təxribatlar" törətməsi ilə əlaqələndirib.
Amma təkcə ABŞ Konqresinin Aşağı Palatasının spikeri deyil, bəzi ekspertlər də son toqquşmaların günahkarının Azərbaycanın olduğuna inanmağa meyillidirlər.
"Hesab etmirəm ki, Azərbaycanın Ermənistan ərazisində bu əməliyyata başladığına kiminsə şübhəsi var. Hətta azərbaycanlı şərhçilər də bunu etiraf edirlər. Ermənistan hazırda zəifdir, status-kvonu pozmaqda az maraqlıdır", - Qafqaz üzrə tanınmış britaniyalı ekspert və Dağlıq Qarabağ münaqişəsinə dair kitabın müəllifi Thomas de Waal vəziyyəti şərh edib.
"Azərbaycan niyə indi başladı? Bir sözlə, ona görə ki, bacarır. Bakı indiki geosiyasi vəziyyətdən razıdır. Onlar Ukraynadakı uğursuzluq zamanı Rusiyanın qətiyyətini sınamaq, KTMT-nin Ermənistanı qorumaq öhdəliyinin indi və mümkün gələcək ssenarilər üçün nə qədər güclü olduğunu görmək istəyirlər", - o, Twitter-də yazıb.