You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Əli Əliyevin həbsi: ifadə azadlığına müdaxilə, yoxsa "şərəf-ləyaqət müdafiəsi?"
Bazar ertəsi günü Bakı Apellyasiya məhkəməsi Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin barəsində verilmiş həbs hökmünü qüvvədə saxlayıb.
Əli Əliyev Youtube kanallarının birində səsləndirdiyi fikirlərə görə 5 ay müddətinə həbs edilib.
Vətəndaş və İnkişaf Partiyasından verilən məlumata görə, Əli Əliyev barəsində çıxarılmış hökmün ləğv olunması üçün hüquqi yolla mübarizə aparılacaq.
Cinayət Məcəlləsinin böhtan maddəsi ilə ittiham olunaraq həbs edilmiş partiya sədri ona verilən ittihamla razılaşmır. Buna görə də onun vəkilləri məhkəmədən sonra qərardan appellyasiya vermişdi.
Partiya sədri Əli Əliyev yanvar ayında Bakının Yasamal rayon məhkəməsində Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə-böhtanatma ittihamı ilə təqsirləndirilib.
İttihamçılar hesab ediblər ki, onun bir YouTube kanalında noyabrın 30-da baş vermiş hərbi helikopter qəzası ilə bağlı dedikləri böhtandır. Əli Əliyev bu kanaldakı çıxışında 14 hərbçinin ölməsinə, ikisinin yaralanmasına səbəb olan qəzadan sağ çıxmağın mümkünlüyünü şübhə altına alıb.
Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli 20136 bort nömrəli hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşlarını yerinə yetirərkən qəzaya uğramışdı.
Helikopter qəzasından sağ çıxan Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Emil Cəfərov və kapitan Ramin Ədilov bu fikirlərə görə, Əli Əliyevi məhkəməyə verib.
Əli Əliyevin öz fikirlərini ictimai şəkildə açıqlamasına görə 5 aylıq həbs edilməsi bəziləri üçün ifadə azadlığına müdaxilə olsa da, digərləri onun həbsini "şərəf-ləyaqətin müdafiəsi" kimi qiymətləndirib.
Onun vəkili Cavad Cavadov BBC News Azərbaycancaya deyib ki, müvəkkili bu ittihamı əsassız sayır və həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.
"...iki vətəndaş arasındakı məhkəmə çəkişməsi"
Hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Aydın Mirzəzədə hesab edir ki, Əli Əliyevin həbsi ifadə azadlığına müdaxilə deyil və onun siyasi fəaliyyəti ilə də əlaqəsi yoxdur.
"Həbs edilən partiya sədri yox, Azərbaycan vətənadaşı Əliyev Əlidir. Ona qarşı digər iki Azərbaycan vətəndaşı iddia qaldırıb və burada onun hansı partiya üzvü olması deyil, iki vətənadaş arasında hüquqi müstəvidə məhkəmə çəkişməsi gedib," - Aydın Mirzəzadə deyib.
Cənab Mirzəzədə hesab edir ki, helikopter qəzasında sağ qalanlar şərəf və ləyaqətlərinin qorunması üçün məhkəməyə müraciət ediblər: "Burada siyasi mənsubiyyət, fikir azadlığı deyil, iki nəfərin şərəf və ləyaqətinin təhqir edilməsi, onların adlarının ləkələnməsi məsələsi müzakirə edilib. Məhkəmə çəkişməsində bu təsdiq olunduğuna görə, Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə o həbs edilib," - Aydın Mirzəzadə deyib.
"İfadə azadlığına müdaxilə"
Hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, Əli Əliyevin həbsi ifadə azadlığına "kobud müdaxilə"dir.
Onun fikrincə, helikopter qəzasının siyasi tərəfləri var və buna görə siyasi partiya rəhbərinin də istənilən hadisədə müəyyən suallar qoymaq, şübhə ilə yanaşmaq, dərindən araşdırmanı təşviq edən metodlardan istifadə etmək haqqı var.
"Bu, başqalarının şəxsi həyatına müdaxilə və ya şərəf-ləyaqətinə təhqir kimi qiymətləndirilməməlidir. Əli Əliyevin cəzalandırılması ifadə azadlığını məhdudlaşdırıb," - Ələsgər Məmmədli deyib.
Cənab Məmmədlinin fikrincə, bu məsələ heç bir halda diffamasiya, xüsusi ittiham qaydasında böhtan kimi qəbul edilməməliydi.
Hüquqşünas əlavə edib ki, Əli Əliyevin niyyəti hərbçilərə böhtan atmaq olmayıb, o bu fikirlərlə hadisənin detallarının araşdırılmasının və cəmiyyətə daha geniş informasiya verilməsinin zəruriliyini vurğulamaq istəyib.
Ələsgər Məmmədli Əli Əliyevin həbsi Avropa İnsan hüquqları Konvensiyasının 10-cu maddəsinə- fikri ifadə etmək azadlığına ziddir və özünü senzuraya gətirib çıxara bilər.
"Bundan sonra bütün siyasi mülahizələrdə düşünüləcək ki, buna görə cəzalandırıla bilər. O öz mülahizəsini söyləyib və kimisə qəsdən qaralamaq niyyəti ilə deməyib. Əslində, siyasilərin vəzifəsi elə budur ki, hansısa bir məsələ haqqında daha geniş ictimai müzakirə açsın. Yaxud da hakimiyyətə gəlmək istəyirsə, ondan istifadə edə bilər. Siyasətçilərin belə hüquqları əllərindən alınırsa, onlar heç doğru bildiklərini də edə bilməzlər," - Ələsgər Məmmədli deyib.
VİP sədri Əli Əliyev Cinayət Məcəlləsinin "böhtan, yəni, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma" maddəsi üzrə təqsirli bilinib.
Onun vəkili Cavad Cavadov BBC News Azərbaycancaya deyib ki, müvəkili həbsini "siyasi sifariş" kimi qiymətləndirir: "Əli Əliyev bildirib ki, o, siyasi partiya sədridi və vətəndaş kimi bu hadisəyə öz münasibətini açıqlayıb və kiminsə adını çəkməyib".
Avropa İttifaqı "vəziyyəti izləyir"
Turan İnformasiya Agentliyinin məlumatına görə, Avropa İttifaqının Bakı nümayəndəliyi vəziyyəti izlədiyini və bunu Azərbaycan hakimiyyətinin diqqətinə çatdırdığını bəyan edib.
Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının koordinatoru Richard Tibbets Əli Əliyevin hüquqlarını müdafiə komitəsinə ünvanladığı məktubunda deyib ki, Əli Əliyevin həbsi Avropa Komissiyasının, Avropa İttifaqı Şurasının və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin nəzarətindədir.
Müstəqil hüquqşunaslar və beynəlxalq hüquq müdafiəçiləri hesab edirlər ki, böhtan və təhqirə görə, cinayət məsuliyyəti nəzərdə tutan maddələr Cinayət Məcəlləsindən çıxarılmalıdır.
Müstəqil media qurumları indiyə kimi Azərbaycanda bir neçə dəfə deffamasiya ilə bağlı qanun layihələri hazırlasalar da, qəbuluna nail ola bilməyiblər.
Bəzi deputatlar hesab edirlər ki, Azərbaycan cəmiyyəti buna hazır deyil.
Böhtan və təhqirə görə məsuliyyətin nəzərdə tutulduğu 147 və 148-ci maddələrin Cinayət Məcəlləsindən çıxarılması Azərbaycanın Avropa Şurasına qəbul olarkən üzərinə götürdüyü öhdəliklərdən biridir, lakin hələ də icra edilməyib.
Əksinə, Azərbaycan 2013-cü ildə Cinayət Məcəlləsinə əlavə edərək internetdə də böhtan və təhqir cinayət məsuliyyəti kimi tanıyıb.
Beynəlxalq Freedom House təşkilatı Azərbaycanı azad olmayan ölkə kimi təsnif edir. Qurumun 2021-ci ildəki hesabatına görə, siyasi hüquqlar və vətəndaş azadlıqları göstəricilərinə görə, Azərbaycan ötən illərlə müqaisədə geriləyib və 100 ballıq göstərici üzrə 10 bala sahibdir.