Donbasda "Bayraktar"dan istifadə olunması nəylə nəticələnə bilər?

dron

Şəklin mənbəyi, Ministry of Defence of Ukraine

    • Müəllif, Vyaçeslav Şramoviç, Pavel Aksyonov
    • Vəzifə, BBC

Ukrayna Silahlı Qüvvələri (USQ) oktyabrın 26-da Donbasda ilk dəfə Türkiyənin pilotsuz döyüş təyyarəsi (PUA) "Bayraktar TB2"-dən istifadə etdiyini açıqlayıb. USQ-nin Birləşmiş Qüvvələrinin komandanı Sergey Nayev BBC-yə açıqlamasında bildirib ki, "Donetsk Xalq Respublikasının" ("DXR") silahlı birləşmələrinə zərbələr endirməzdən əvvəl Ukrayna hərbçiləri 6 ay həmin ərazidə PUA-lardan kəşfiyyat və müşahidə işləri üçün istifadə ediblər.

26 oktyabrda sosial şəbəkələrdə yayılmış videoda "Bayraktar"dan atıldığı deyilən raketin artilleriya silahını məhv etdiyi görünür.

USQ-nin "Şərq" operativ komandanlığının həmin gün açıqlanan məlumatnda bildirilirdi ki, Donbas silahlı birləşmələrinin açdığı atəş nəticəsində bir döyüşçü yaralanıb, digəri isə həlak olub. Yəqin ki, PUA zərbələri buna cavab olub.

Pilotsuz təyyarələrdən istifadə taktikası və onların gələcəkdə hansı hədəflərə yönəldiləcəyi barədə Sergey Nayev heç nə deməyib. Onun sözlərinə görə, "Bayraktar TB2" Ukrayna üçün təhlükənin artdığı bölgələrdə istifadə olunacaq.

Rusiyalı hərbi ekspertlər qeyd edirlər ki, "DXR" və "LXR"-də ("Luqansk Xalq Respublikası") bu sinif dronlara qarşı silahlar yoxdur. Belə silahlarla onları ancaq Rusiya ordusu təmin edə bilər.

Nayev bildirib ki, Rusiya Ukrayna sərhədlərinə və ilhaq etdiyi Krıma əlavə hərbi birləşmələr yerləşdirəndən sonra USQ "Bayraktar"lardan istifadə etməyə başlayıb və indiyə qədər PUA-lar ancaq kəşfiyyatla məşğul olublar. Hazırda Ukrayna ordusunda 12 belə dron var, ancaq yaxın gələcəkdə onların sayı 3 dəfə artırılacaq.

Göylərin havası

General Nayev həmçinin bildirib ki, "Bayraktar"lar hələ bu ilin yazında - Rusiya taktiki batalyon qruplarını gücləndirən dövrdə (Ukrayna sərhəddində və Krımda - red.) ordunun istifadəsinə verilərək kəşfiyyat işlərinə və təlimlərə cəlb edilib.

General-leytenant Segey Nayev USQ-nin Birləşmiş Qüvvələrinə - Ukrayna ordusundakı son islahatlardan sonra Donbasdakı Birləşmiş Qüvvələr Əməliyyatıyla müqayisədə daha üstün quruma rəhbərlik edir.

Nayev əlavə edib ki, mart ayından etibarən PUA-lar "düşmən haqqında praktiki məlumatlar toplayaraq kəşfiyyatda necə effektiv olduqlarını göstəriblər".

"Onlar təkcə Donbasda deyil, Ukraynanın cənubunda və şimalında da patrul fəaliyyətiylə məşğuldurlar. Bundan başqa, apreldə - "Qərb-2021" təlimləri (Rusiya-Belarus təlimləri-red.) zamanı da uçublar".

"Hərbi təhlükənin artdığı yerlərdə Ukrayna Silahlı Qüvvələri öz arsenalında olan bütün silahlardan, o cümlədən, "Bayraktar"lardan istifadə edir", - Nayev belə deyib.

Oktyabrın 26-da - "Bayraktar" ilk dəfə döyüş silahı kimi tətbiq ediləndə onun atdığı raket "DXR-in 1-ci Slavyan briqadası"nın haubitsasını tam məhv edə bilməyib. Mətbuatda raketin təlim sursatı olması barədə ehtimallar irəli sürülüb.

"Bayraktar"dan general-leytenant Pavlyukun (Donbasdakı Birləşmiş Qüvvələr Əməliyyatının komandanı - red.) qərarıyla istifadə edilib, ondan soruşmaq lazımdır. Amma mən dəqiq bilirəm ki, hətta kəşfiyyat aparan "Bayraktar"lar da havaya həmişə döyüş sursatlarıyla qalxırlar", - Sergey Nayev belə deyib.

komanda postu

Şəklin mənbəyi, Ministry of Defence of Ukraine

Şəklin alt yazısı, Kompleksin tərkibinə təkcə PUA-lar yox, komanda postu da daxildir

O, həmçinin bildirib ki, Ukrayna ekipajları həm gecə, həm də gündüz kəşfiyyatı üçün təlim keçiblər:

"Və onlar döyüşə hazırdırlar - gecə də, gündüz də".

Ukraynalı generalın sözlərinə görə, "Bayraktar"lardan "gücü artırmaq lazım olan yerlərdə" istifadə olunacaq:

"Onların istifadəsi üçün lazım olan bütün infrastruktur və idarəetmə orqanları var, digər qüvvələrlə qarşılıqlı əlaqə məsələləri tənzimlənib".

Gücün artırılması

Hazırda Ukrayna ordusunda 12 "Bayraktar", hər biri altı təyyarədən ibarət iki komplekt, bir neçə idarəetmə məntəqəsi və onlar üçün bir neçə yüz sursat var.

Ukrayna Silahlı Qüvvələrinin yeni Baş komandanı, general-leytenant Valeri Zalujnı sentyabr ayında Azərbaycanın xəbər agentliyi "Report"a açıqlamasında bildirib ki, Ukrayna ordusu daha dörd "Bayraktar TB2" dəsti almağı planlaşdırır:

"2021-2022-ci illərdə silahlı qüvvələrin ehtiyacları üçün daha dörd belə kompleksin alınması planlaşdırılır. Biz gələcəkdə arsenala yerli istehsal olan PUA-lar da əlavə etməyi planlaşdırırıq".

Beləliklə, daha 24 təyyarənin alınmasından söhbət gedir və USQ-də onların sayı 36-ya çatacaq.

Bununla belə, Valeri Zalujnı əlavə edib ki, "Bayraktar"ların alınması işin sadəcə yarısıdır:

"Birincisi, onlarla effektiv işləməyi öyrənməliyik. İkincisi, onların tətbiqi formalarındakı taktikanı mütləq bilməliyik. Biz məsələyə kompleks yanaşmalıyıq".

"İndi biz bu cihazların istifadə metodologiyasını öyrənirik. Əgər Azərbaycanın təcrübəsi bizdə olsaydı, işimiz daha asan olardı. Etiraf edirəm ki, bizim təcrübəmiz çox azdır", - Valeri Zalujnı bu sözləri "Bayraktar"ların Donbasda ilk istifadəsindən əvvəl demişdi.

Bundan başqa, "Bayraktar"ların fəaliyyəti hava şəraitindən və düşmənin hava hücumundan müdafiə potensialından da asılı ola bilər.

"Cəcasız və effektli"

Rusiyalı hərbi ekspertlərin sözlərinə görə, "DXR" və "LXR" PUA-lara qarşı mübarizə aparmaq iqtidarında deyillər.

"İndiyə qədər bu sinif pilotsuz təyyarələrə uğurla müqavimət göstərə biləcək hava hücumundan müdafiə sistemləri (HHMS) və radioelektron mübarizə vasitələri nəzərə çarpmayıb. Ən azı sizin dediyiniz zonada", - hərbi ekspert, "Vətənin arsenalı" jurnalının baş redaktoru Viktor Muraxovski belə deyib.

Eyni zamanda, o qeyd edib ki, gələcəkdə belə vasitələrin meydana çıxmasını istisna etmək olmaz: "Donbas şaxtalarında nə saxlanıldığını heç kim bilmir".

Onun sözlərinə görə, pilotsuz təyyarələrə qarşı adekvat mübarizə mümkün deyilsə, heç olmasa, onların effektivliyini azaltmaq üçün kamuflyaj texnikasından istifadə olunmalı, qoşunlar paylaşdırılmalı, texnika və silahlar sığınacaqlarda yerləşdirilməlidir.

Ekspertin sözlərinə görə, bu üsullar Suriya və Dağlıq Qarabağda öz effektivliyini göstərib.

"Amma bu cür tədbirlər pilotsuz təyyarələr tərəfindən vurulmaq ehtimalını istisna etmir. Əgər PUA-lar atəşə və radioelektron hücuma məruz qalmırlarsa, digər üsullarla onların qarşısını almaq mümkün olmayacaq", - Viktor Muraxovski belə deyib.

Başqa bir ekspert - əvvəllər hava hücumundan müdafiə qüvvələrinin baş qərargahının yüksək rütbəli zabiti olmuş Mixail Xodarenok BBC-yə bildirib ki, "DXR" və "LXR"-in imkanları çərçivəsində bu sinif pilotsuz təyyarələrə qarşı mübarizəni təşkil etmək demək olar ki, mümkün deyil.

Xodarenok deyib ki, ölçüləri və sürəti baxımından "Bayraktar" məğlubedilməz obyekt deyil: "Amma onu vurmaq üçün güclü bir HHMS-ə sahib olmaq lazımdır. Adətən, sadə adamlar üçün bu, zenit-raket kompleksləri və sistemləridir, əslində isə informasiyanın avtomatlaşdırılmış emalı, radar kəşfiyyatı və adekvat idarəetmə sistemlərindən başlamaq lazımdır. Atəş vasitələrinə hədəfləri vaxtında göstərmək üçün hər şey bir həlqəyə bağlanmalıdır".

Onun sözlərinə görə, belə situasiyada aviasiyadan - təyyarə və vertolyotlardan istifadə edilsə belə, güclü HHMS-in olması vacibdir, "DXR" və "LXR"-dəki silahlı birləşmələrdə belə bir sistemin olması isə mümkün deyil. Xodarenok həmçinin qeyd edib ki, "Bayraktar" bir neçə min metr yuxarıda uçduğu üçün yüngül zenit sistemləri və daşınan zenit-raket kompleksləri ona qarşı effektli mübarizə apara bilməzlər.

Xodarenkonun qənaətincə, bu sinif pilotsuz təyyarələrin yüksək hündürlükdə uçması silahlı dəstə üzvlərinin psixikasına da təsir edəcək, çünki PUA-ların nə özləri görünür, nə də səsləri eşidilir, bu cür cihazların təchiz olunduğu bombalar da yüksək səs çıxarmadan düşür.

Xodarenok hesab edir ki, PUA-lara qarşı effektli müdafiə sistemini ancaq dövlət strukturları yarada bilər:

"Belə görünür ki, bu hücumlar davam edəcək. Təbii ki, bu yarıpartizan birləşmələrin hər hansı mübarizə vasitəsi yoxdur. Hava hücumundan müdafiə sistemi yoxdursa, PUA-lar tam cəzasız və effektiv fəaliyyət göstərəcəklər".

dron

Şəklin mənbəyi, Ministry of Defence of Ukraine

Eskalasiya üçün səbəb?

Viktor Muraxovski Ukraynanın seçdiyi taktikaya qarşı qeyri-hərbi müstəvidə də mübarizə aparmaq mümkün olduğunu - siyasətçilərin məsələni tanınmamış respublikalardan kənarda həll edə biləcəklərini düşünür.

O, Minsk razılaşmaları çərçivəsində qeyri-uçuş zolağının yaradılmasını və danışıqlar prosesində iştirak etmiş bütün tərəflərin buna yardım göstərməsini təklif edir. Ancaq Muraxovski BBC-yə açıqlamasında rəsmi Kiyevi bu addımın vacibliyinə inandıracaq arqument haqqında heç nə deməyib.

Ukrayna Qlobal Araşdırmalar Mərkəzi " XXI Strategiya"nın hərbi proqramlarının rəhbəri Pavel Lakiyçuk isə BBC-yə deyib ki, nə birinci, nə də ikinci Minsk razılaşması Ukraynanın PUA-lardan istifadəsini məhdudlaşdırmır.

Ukrayna ordusunun Donbasda istifadə etməyə başladığı pilotsuz döyüş sistemləri qarşısını almaq mümkün olmayan çox təsirli vasitə kimi görünür.

Bu taktika münaqişənin gərginləşməsinə səbəb ola bilərmi?

Muraxovski diversiya qruplarıyla birlikdə pilotsuz təyyarələrdən istifadə edilməsini "qırmızı xətlərin test edilməsi" adlandırır və hesab edir ki, bu, nə vaxtsa "detonatorun işə düşməsinə" gətirib çıxara bilər.

Pavel Lakiyçuksa "Bayraktar"ın "DXR" və "LXR"-dəki vasitələrlə də vurula biləcəyini, eskalasiya üçün səbəb olmadığını düşünür.

"Əslində, "Şilka" və ondan aşağı səviyyədəki zenit sistemləri də bu PUA- ları məhv edə bilər. Yəni ruslar "Bayraktar"lardan istifadəyə cavab olaraq eşelonlaşdrılmış HHMS yaratmaqdan danışsalar, yalan demiş olarlar. Hərçənd onlar bunu hərbi əməliyyatların eskalasiyasına, öz təyyarələrindən istifadəyə və Ukraynanın da cavab olaraq öz təyyarələrindən istifadə etməsinə şərait yaratmaq üçün edə bilərlər. Prinsipcə, mümkündür, amma bunun üçün "Bayraktar" adekvat bəhanə deyil", - Pavel Lakiyçuk BBC-yə belə deyib.

dron

Şəklin mənbəyi, Ministry of Defence of Ukraine

Məşhur PUA

Türkiyənin pilotsuz uçuş aparatı "Bayraktar TB2" 2020-ci ilin fevralında Türkiyə ordusunun Suriyada həyata keçirdiyi "Bahar qalxanı" əməliyyatından sonra məşhurlaşıb. Daha əvvəl, bu PUA-dan Liviyada Xəlifə Haftar qüvvələrinə qarşı istifadə olunub.

2020-ci ilin payızında Qarabağda gedən müharibə zamanı Azərbaycan ordusu "Bayraktar"lardan geniş istifadə edib. Erməni hərbi birləşmələrinə qarşı başqa növ pilotsuz təyyarələr də tətbiq olunub. Ancaq "Bayraktar"ı haqlı olaraq bu münaqişənin simvollarından biri hesab etmək olar.

Qarabağdakı erməni hərbi birləşmələri pilotsuz təyyarələrin geniş və düşünülmüş istifadəsinə hazır deyildilər və buna görə də ciddi itkilər verdilər. Mütəxəssislərin fikrincə, səbəblərdən biri bölgədə mütəşəkkil hava hücumundan müdafiə sisteminin olmaması idi - eyni şeyi indi Donbasın bölgələri haqqında deyirlər.

Türkiyənin "Baykar" şirkəti tərəfindən bir neçə il əvvəl hazırlanmış bu PUA həm operatorun nəzarəti altında, həm də müstəqil şəkildə fəaliyyət göstərə bilir; kəşfiyyat, müşahidə və ya zərbə üçün istifadə edilə bilir. O, Türkiyənin "Roketsan Roket Sanayii ve Ticaret A.Ş." şirkətinin istehsalı olan, lazerlə yönləndirilən MAM (Mini Akıllı Mühimmat - Kiçik Ağıllı Sursat) bombalarıyla təchiz olunub..

Qarabağ müharibəsindən sonra Serbiya da "Bayraktar"a maraq göstərib, amma açıq mənbələrdə onun alışı və təchizatıyla bağlı heç bir məlumat verilməyib.

2021-ci ilin oktyabr ayının sonunda Qırğızıstan Baş nazirinin müavini Kamçıbek Taşiyev ölkəsinin bu pilotsuz təyyarələri almağa hazırlaşdığını bildirib.