You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
İlham Əliyev və Vladimir Putin bölgədəki vəziyyəti müzakirə ediblər
Bu günün xəbərləri: Azərbaycan Prezidenti rusiyalı həmkarı ilə ikitərəfli münasibətlərdən danışıb. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, Ermənistan-Azərbaycan arasında danışıqlarda əsas müzakirə mövzusu "Dağlıq Qarabağla əlaqədar məsələlər" olacaq.
Azərbaycan Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə bölgədəki vəziyyəti müzakirə ediblər.
President.az saytı yazır ki, İlham Əliyev cümə axşamı günü Vladimir Putini ad günü münasibəti ilə təbrik edib.
Məlumatda deyilir ki, Prezidentlər Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətlərinin "müxtəlif sahələrdə uğurla inkişaf etdiyini" vurğulayıb, əməkdaşlığın "bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını" bildiriblər.
İlham Əliyev və rusiyalı həmkarı iki ölkə arasındakı əlaqələrin perspektivlərini müzakirə ediblər.
Ermənistan rəsmisi: "Yerevanın sülh müqaviləsini formalaşdıracaq hər hansı bir sənəddən xəbəri yoxdur"
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, Ermənistan-Azərbaycan arasında danışıqlarda əsas müzakirə mövzusu "Dağlıq Qarabağla əlaqədar məsələlər" olacaq.
Azadlıq Radiosunun erməni xidmətinə müsahibəsində Armen Qriqoryan bildirib ki, gündəm ATƏT-in Minsk Qrupu çərçivəsində olduğu üçün, "təbii ki, bunlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və əlaqədar məsələlərin müzakirəsidir".
Azərbaycan və Ermənistan liderləri bir-birləri ilə görüşməyə hazır olduqlarını bildiriblər və yaxın günlərdə Əliyev-Paşinyan görüşünün baş tutacağı gözlənir, amma liderlərin görüşündə hansı məsələlərin müzakirə edilə biləcəyi ilə bağlı detallar açıqlanmayıb. Güman edilir ki, bu görüş baş tutarsa, Azərbaycan və Ermənistanın indiyədək razılığa gələ bilmədiyi Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiya və demarkasiyası, Azərbaycanda saxlanan erməni hərbçilərin qaytarılması kimi məsələlər müzakirə oluna bilər.
"Biz deyirik ki, əgər Azərbaycandan müsbət addım atılarsa, biz də ümumi gərgin atmosferin yumşaldılması üçün mübət addımlar atmağa hazırıq. O cümlədən, Rusiya ilə birlikdə regionun təcridedilmədən çıxarılmasını hədəfləyən daha geniş gündəliyimiz var və hesab edirik ki, belə addımlar blokadanın aradan qaldırılması prosesinin sürətləndirilməsi üçün pozitiv siqnallar verə bilər", - Armen Qriqoryan bildirib.
Onun sözlərinə görə, hələlik Yerevanın sülh müqaviləsini formalaşdıracaq hər hansı bir sənəddən "xəbəri yoxdur".
"Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun himayəsi altında uzunmüddətli və sülh yolu ilə həlli çərçivəsində hərtərəfli sülh müqaviləsi tərtib etmək də mümkün olacaq. Hələ ki, belə bir müqavilə tərtib olunmayıb, hər halda Yerevanın sülh müqaviləsini formalaşdıracaq hər hansı sənəddən xəbəri yoxdur", - Armen Qriqoryan deyib.
O vurğulayıb ki, sülh müqaviləsinin hazırlanması üçün problemlər öz həllini tapmalıdır, amma "Dağlıq Qarabağın statusu məsələsi hələ öz həllini tapmayıb".
Ermənistan üçün Dağlıq Qarabağın statusu ilə bağlı keçə bilməyəcəyi qırmızı xətt nədir sualının cavabında Armen Qriqoryan deyib ki, status məsələsi heç bir şəkildə məhdudlaşdırılmamalıdır və Dağlıq Qarabağda yaşayan ermənilərə statusu müəyyən etmək imkanı verilməlidir: "Başa düşməliyik ki, Dağlıq Qarabağın statusu məsələsi heç bir şeylə məhdudlaşmamalıdır, bu bizim üçün vacibdir. Dağlıq Qarabağ artıq Azərbaycanın bir hissəsi ola bilməz ".
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə birmənalı şəkildə bəyan edib ki, Dağlıq Qarabağa status verilməyəcək, ümumiyyətlə, artıq "Dağlıq Qarabağ adlı bölgə yoxdur".
Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni sakinləri öz vətəndaşı sayır və bəyan edir ki, onların Azərbaycan cəmiyyətinə inteqrasiyasına hazırdı.