Ermənistanda müstəqilliyin 30 illiyinə həsr olunmuş konsertə etiraz, saxlanılanlar var

Etirazçılar və polis

Şəklin mənbəyi, NEWS.AM

Ermənistanda müstəqilliyin 30 illiyinə həsr olunmuş konsertə qarşı etiraz,Şuşada Milli Musiqi Günü tədbirləri keçirilir, İran və Azərbaycan Gorus-Qafan yolundakı son vəziyyəti "müzakirə ediblər", BBC News Azərbaycancanın icmalında oxuyun.

Yerevanda polis Müstəqillik günü ilə bağlı sentyabrın 21-nə planlaşdırılan təntənəli konsertin keçirilməsinə etiraz edənləri saxlamağa başlayıb, media xəbər verir.

Nümayişçilər ötən ilki müharibədə verilən itkilərə görə bayram tədbirlərinin yersiz olduğunu hesab edirlər.

İnformasiya agentlikləri aksiya iştirakçıları ilə polis arasında qarşıdurmanın yaşandığını bildirirlər.

Etirazçıların Yerevan mərkəzindəki hökumət binasına yaxınlaşmaq cəhdinin qarşısı alınıb, hadisə yerindən TASS agentliyinin müxbiri xəbər verir. Məlumata əsasən, Nazirlər Kabinetinin yerləşdiyi Respublika Meydanına aparan küçələr nəzarət altına alınıb.

Bundan əvvəl Baş nazir Nikol Paşinyan "ölkədə bayram əhval-ruhiyyəsi olmasa da" müstəqilliyin 30-cu ildönümü münasibəti ilə bayram tədbirlərinin keçiriləcəyini bəyan edib.

Polad Bülbüloğlu

Şəklin mənbəyi, APA

Şuşada Milli Musiqi günü

Bu gün 30 illik fasilədən sonra Şuşada Milli Musiqi günü keçirilir. Şəhərdə açılan Üzeyir Hacıbəyli adına XIII Beynəlxalq Musiqi Festivalında ölkənin tanınmış mədəniyyət xadimləri çıxış edib, açıq havada konsertlər təşkil olunub.

Gün ərzində keçirilən tədbirlər vaxtı Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün heykəlləri önünə gül dəstələri qoyulub.

Şuşa ötən ilin payızında başlamış 44 günlük müharibənin son günlərində azad edilib və şəhərin azad edildiyi 8 noyabr günü ölkədə Zəfər Bayramı kimi təsis edilib.

May ayında Şuşa mədəniyyət paytaxtı elan olunub.

Seyid Abbas Musəvi

Şəklin mənbəyi, azerbaijan.mfa.gov.ir

Şəklin alt yazısı, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi

İran və Azərbaycan Gorus-Qafan yolundakı vəziyyəti "müzakirə ediblər"

İranın Bakıdakı səfiri Azərbaycan Baş nazirinin müavini ilə Gorus-Qafan yolunda yeni "nəqliyyat şəraitini" müzakirə edib, İranın Azərbaycandakı səfirliyi bildirir.

Seyid Abbas Musəvi ilə Şahin Mustafayev arasında görüş barədə məlumat səfirliyin Twitter hesabında yerləşdirilib.

Paylaşımını ötürün X
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X

Azərbaycan tərəfi bu məlumata hələ ki, münasibət bildirməyib.

Bundan əvvəl İran səfiri iki dəfə Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevlə görüşüb.

Sentyabrın 12-də Azərbaycan Ermənistanla sərhəddə, Qafan-Gorus yolunun Azərbaycandan keçən hissəsində polis və gömrük postu qoyub, ölkə ərazisinə girən İran nömrəli nəqliyyat vasitələrinin gömrük rüsumuna cəlb olunmasına başlayıb.

Bazar günü Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinə göndərdiyi məktubda xarici ölkə nəqliyyat vasitələrinin Azərbaycana razılıqsız daxil olmasına "Bakının icazə vermədiyini" xatırladılıb.