Uzun ömürə doğru 7000 addım. Alimlər gündəlik fiziki aktivlik normasını azaldıblar

Ayaqlar

Şəklin mənbəyi, Getty Images

Az qala hər gün eşidirik ki, sağlam olmaq üçün gündə 10 min addım atmaq lazımdır. Bu, doğrudanmı belədir?

Sehirli 10 min rəqəmi havadan götürülməyib. Son illərin araşdırmaları göstərir ki, çox yerimək erkən ölüm riskini azaldır. Bura yalnız uzunmüddətli gəzintilər yox, gün boyu fiziki aktivlik də daxildir.

Bütün araşdırmaların ümumi nəticəsi budur ki, addımalarımızın sayıyla sağlamlığımızın səviyyəsi arasında birbaşa əlaqə var. Amma qənaətlərdə bəzi fərqlər də mövcuddur, ona görə alimlər nəticələri vaxtaşırı tənzimləyir və bizi infarktdan, insultdan, digər xəstəliklərdən qoruyan addım sayını dəqiqləşdirirlər.

Fiziki aktivlik üzrə epidemioloq Amanda Paluçun rəhbərliyi altında - ABŞ-ın Amherst şəhərindəki Massaçuset Universitetində fəailiyyət götətərən ekspertlər komandası ölkənin 4 müxtəlif şəhərində yaşayan 2000 mindən çox orta yaşlı ağdərili və qaradərili qadın və kişinin həyat vərdişlərini araşdırıb.

Orta yaşın 45-dən bir qədər çox olduğu qrupun üzvləri gün ərzindəki addımlarının sayını və intensivliyini ölçən akselerometr taxıblar.

Eksperiment 2005-2018-ci illər aralığında davam edib. Bu müddət ərzində qrup üzvlərindən 72-si vəfat edib. Araşdırma müşahidə xarakteri daşıdığı üçün addım sayının eksperiment iştirakçılarınını sağlamlığına təsiri haqda birmənalı qənaət hasil etmək mümkün olmayıb. Ancaq nəticələr aktivlik səviyyəsiylə sağlamlıq göstəriciləri arasında əlaqəni ümumi şəkildə qiymətləndirməyə imkan verir.

Araşdırmaçılar aşkar ediblər ki, daha az yeriyənlərlə müqayisədə gün ərzində 7 mindən çox addım atan şəxslərin erkən ölmək ehtimalı 50-70% azdır. Addımların intensivliyi (sürəti) ölüm statistikasına təsir etməyib.

Ekspertlərin sözlərinə görə, günorta saatlarında çox yerimək passiv həyat tərzi olanlara daha yaxşı təsir edir - erkən ölüm riskini hiss olunacaq dərəcədə azaldır. Ancaq bir müddət sonra əlavə addım sayı faktoru, deyəsən, təsirini itirir - hər halda, erkən ölüm riski göstəricisinə.

"Məlum oldu ki, 10 mindən çox addım atmaqla risk göstəricisinin sonrakı azalmaları arasında əlaqə yoxdur" - ekspertlər belə deyir.

Əl

Şəklin mənbəyi, Getty Images

Yaxşı xəbər

Bu yeni qənaət əvvəlki araşdırmalardan bildiklərimizi təsdiqləmiş olsa da, tənbəllikdən və ya hansısa başqa səbəbdən gün ərzində 10000 addım ata bilməyənlər üçün 7000 addım şərti yaxşı xəbərdir.

"Addım sayı sadə və asan nəzarət edilə bilən göstəricidir. Gün ərzində daha çox yerimək sağlamlığı möhkəmləndir. 7000 addım hazırda daha az yeriyənlər üçün əla hədəfə çevrilə bilər" - Paluç "HealthDay News" nəşrinə müsahibəsində belə deyib.

Hərçənd 7000 min addım bütün xəstəlikləri yox edəcək sehirli say deyil. Üstəlik, onun sonuncu say olması ehtimalı da azdır.

Boston Universitetinin fikiziki aktivlik üzrə araşdırmaçısı Nikol Spartanonun sözlərinə görə, həm yeni araşdırmalar, həm də yeni akselerometrlər sayəsində yaxın gələcəkdə addım sayının sağlamlığa təsiri haqqında daha çox şey öyrənəcəyik.

"Köhnə monitorların göstəriciləriylə "ağıılı saat", addımölçən və smartfon tətbiqlərinin ölçdükləri addım sayları arasında nə qədər uyğunluq olduğunu bilmirik" - Spartano ekspertlərin yeni araşdırmasını belə şərh edib.

Onun sözlərinə görə, yaxın illərdə addım sayı və ölüm riski arasındakı əlaqəyə həsr olunmuş məqalələrin sayı artacaq, çünki yeni akselerometrlərin daha geniş çeşidinin tətbiq edildiyi uzunmüddətli (10 illik və daha çox) araşdırmalar sona çatmaq üzrədir.

Hüquqi informasiya. Bu məqalə ümumi məlumatları əks etdirir və həkimlərin və ya səhiyyə sistemindəki digər mütəxxəssilərin tövsiyələrini əvəz edəcək mənbə kimi baxılmamalıdır. Oxucunun saytdakı materiallara əsasən hər hansı diaqnozuna görə BBC məsuliyyət daşımır. Bu səhifədə yer alan istinadlardakı materialların məzmununa görə də BBC məsuliyyət daşımır və həmin məqalələrdə təklif edilən dərmanları və kommersiya xidmətlərini tövsiyə etmir. Səhhətinizdə problem varsa, həkimə müraciət edin.