Taliban Kabilə gedən yoldadır

BMT Ermənistanı milli azlıqların hüquq müdafiəçisinə qarşı cinayət ittihamlarını ləğv etməyə çağırıb, Taliban bir həftə ərzində Əfqanıstanın 34 əyalət mərkəzindən 10 -nu nəzarətə götürüb, Azərbaycan və Ermənistan bir-birini atəşkəsi pozmaqda ittiham edib, daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Əfqanıstan: Taliban paytaxt Kabilə yaxınlaşır

Ekstremist qruplaşma olaraq tanınan Taliban bir həftə ərzində Əfqanıstanın 34 əyalət mərkəzindən 10 -nu nəzarətə götürüb.

Bunlardan üçü son iki gündə baş verib və hesab edilir ki, daha iki əsas şəhər ələ keçirilmək üzrədir.

Taliban yaraqlılarının sürətlə irəliməsi fonunda Əfqanıstan ordu rəisi dəyişdirilib.

Döyüşlər paytaxt Kabilə yaxınlaşır. Cümə axşamı günü Taliban Kabilə gedən yolda olan strateji əhəmiyyətli Qəzni şəhərini ələ keçirdiklərini söyləyiblər.

ABŞ hökumətindəki mənbələr paytaxt Kabilin bir-üç ay arasında dağılacağını güman edir.

Beynəlxalq Qızıl Xaç Komitəsi bildirib ki, ölkənin ikinci böyük şəhəri Qəndəhar üçün gərgin döyüşlər gedir.

Taliban Qəndəhardakı həbsxananın ələ keçirildiyini və məhbusların sərbəst buraxıldığını elan edib. Müəssisənin işçiləri isə yaraqlılara təslim olub.

Çərşənbə günü BBC mənbələri hökumət ordusunun komandanı general Vəli Məhəmməd Əhmədzainin işdən çıxarılmasını təsdiqləyib. O, bu vəzifəyə iyun ayında başlamışdı.

Əfqanıstanın maliyyə naziri Xalid Payenda da çərşənbə günü istefa verib. Bloomberg -in məlumatına görə, o, ölkəni tərk edib.

Nazirlikdəki istefanın səbəbi kimi Talibanın ölkə sərhədlərində əhəmiyyətli gömrük postlarını ələ keçirməsi və büdcənin itirilməsi göstərilib.

Prezident Əşrəf Qani çərşənbə günü ekstremistlərin növbəti hədəflərindən biri kimi qeyd etdikləri Məzari-Şərifə uçub.

Təxminən 20 ildən sonra ABŞ və beynəlxalq koalisiya qüvvələrinin Əfqanıstandan çıxarılması ilə paralel Taliban hərəkatının yeni bölgələrə doğru irəliləməsi barədə xəbərlər demək olar ki, hər gün verilir.

BMT -nin məlumatına görə, son bir ayda Əfqanıstanda 1000-dən çox mülki şəxs öldürülüb.

BMT-dən Ermənistana bəyanat

BMT Ermənistanı milli azlıqların hüquq müdafiəçisinə qarşı "qorxuducu" cinayət ittihamlarını ləğv etməyə çağırıb.

Qurum hesab edir ki, Ermənistan azlıqların hüquqlarını müdafiə etməklə bağlı cinayət işi açılan Yezidi İnsan Haqları Mərkəzinin qurucusu Saşik Sultanyanı təhdid etməyi dayandırmalıdır.

Saşik Sultanyan gənc fəaldır və ötən il verdiyi onlayn müsahibə ilə əlaqədar nifrət və zorakılığa təhrikdə ittiham olunur.

O, Yezidinews.am saytına Ermənistandakı yezidilərin problemləri ilə bağlı müsahibə verib.

Bundan sonra ötən ilin noyabrında Ermənistan Milli Təhlükəsizlik Xidməti onun barəsində cinayət işinə başlayıb. Lakin bu barədə ona bu ilin may ayında məlumat verilib.

Saşik Sultanyanın günahı sübuta yetirilərsə, üç ildən altı ilə qədər həbs cəzası ala bilər.

BMT insan haqları mütəxəssisləri hüquq müdafiəçisinin Ermənistanda milli azlıqların problemlərini qaldırmaq və Osmanlı İmperiyasından dini zülmə görə qaçmış və Ermənistanda məskunlaşan etnik qrup yezidilərin insan haqlarını müdafiə etdiyi üçün hədəf alındığını söyləyirlər.

Onlar deyir ki, milli azlıqlara qarşı insan haqları ilə bağlı narahatlıqların ifadə edilməsi nifrət və ya zorakılığa təhrik deyil, ifadə azadlığıdır.

Ermənistan hökumətinin bu bəyanata reaksiyası hələ ki, məlum deyil.

Azərbaycan MN: "Gədəbəydə mövqelərimiz atəşə tutulub"

Azərbaycan və Ermənistan bir-birini atəşkəsi pozmaqda ittiham edib.

Azərbaycan Gədəbəy rayonunun Zamanlı, Qaravəllər, o cümlədən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri, Ermənistan isə Yerasx yaşayış məntəqəsi istiqamətində mövqelərinin atəşə tutulduğunu bildirir.

Hər iki tərəf insan itkisinin olmadığını və "qarşı tərəfin cavab atəşi ilə susudurulduğunu" bildirib.

Hər iki ölkə hazırda Ermənistan-Azərbaycan sərhədində vəziyyətin stabil olduğunu bildirir.

May ayından bəri Ermənistanla Azərbaycan arasındakı sərhəd bölgələrində gərginlik yaşanır.

Tərəflər mütəmadi olaraq bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.