Əfqan mühacirlər: Türkiyə yeni bir dalğa ilə qarşılaşır?

    • Müəllif, Mahmut Hamsici
    • Vəzifə, BBC Türkcə, Van

Türkiyə-İran sərhədi vasitəsilə qeyri-qanuni yollarla Türkiyəyə daxil olan əfqan mühacirlərin vəziyyəti son həftələrdə ictimaiyyətdə geniş müzakirə olundu.

ABŞ-ın bütün hərbi qüvvələrinin Əfqanıstandan çıxarılması prosesinə başlanandan bəri, ölkədəki toqquşmaların şiddətlənməsinin ardınca Türkiyəyə keçənlərin sayında da artımın olduğu qeyd edilir.

Türkiyənin İranla sərhədindən və sərhədə yaxın şəhərlərdən paylaşılan bəzi görüntülər yeni bir nizamsız köç dalğasının yaşanması ilə bağlı şərhlərə də səbəb olur.

Ancaq həm yerlərdən gələn xəbərlər, həm rəsmi açıqlamalar, həm də mütəxəssislərin immiqrasiya ilə bağlı müşahidələri mühacirlərin sayı, məsələnin məzmunu ilə bağlı ortada indiyə qədər baş vermiş bənzər proseslərdən nə qədər fərqli bir dalğanın yaşandığı barədə kifayət qədər məlumat olmadığını göstərir.

"Əfqanıstandan köç yeni məsələ deyil"

Əfqanıstandan Türkiyəyə nizamsız köç yeni bir hal deyil.

Bu köç illərdir davam edir.

Sığınacaq və Miqrasiya Araşdırmaları Mərkəzinin (İGAM) direktoru Metin Çorabatır BBC Türkcəyə danışarkən qeyd edib ki, 1979-cu ildə Sovet İttifaqının Əfqanıstana müdaxiləsiylə başlayan müharibədən başlayaraq, Suriya böhranına qədərki dövrdə ölkədən çıxan qaçqın sayına görə Əfqanıstan dünyada birinci yerdə olub.

Uzun müddət Pakistan və İranın ən çox əfqan qaçqını qəbul edən ölkələr olduğunu deyən Çorabatır əfqanların Türkiyəyə 2006-2007-ci illərdən etibarən gəlməyə başladığını bildirib.

Əfqanların son illərdəki köçü ilə əlaqədar Çorabatır deyir ki, gələn miqrantlar "xüsusilə çobanlıqla məşğuldurlar".

"İmmiqrasiya İdarəsi onları ya qeydiyyata alır və ya dərhal rədd edir. Bəzi mühacirlər isə ümumiyyətlə müraciət ərizəsi vermirlər. Türkiyədə vaxtın keçməsini gözləyirlər. Pul yığanda Əfqanıstandakı qohumlarına göndərirlər və ya bir gün Qərbə getmək üçün insan qaçaqçılarına verirlər. Ya da yalnız özlərini dolandırmaq üçün yaşayırlar," - Çorabatır deyir.

Van Türkiyənin İranla sərhədində yerləşir. Türkiyənin ən uzun sərhədi də elə İranladır, uzunluğu 295 kilometrdir.

Əfqan miqrantlarının qeyri-qanuni olaraq sərhədi keçmə hallarının böyük bir hissəsi də bu şəhərin payına düşür.

Van Vəkillər Kollegiyası şəhərdəki immiqrantlarla bağlı ən çox araşdırma aparan təşkilatlar arasındadır.

Vəkillər Kollegiyasının Sığınacaq və Miqrasiya Komissiyasının başçısı Jindar Uçar BBC Türkcəyə danışarkən deyib ki, "əslində, bu köç şəhərlərində illərdir davam edir və jurnalistlərin bu prosesi sərhəddə izləməsindən sonra və "Böyük Əfqan köçümü başlayır?" sualını sosial mediada qaldırdıqdan sonra bu mövzu cəmiyyətdə populyarlaşıb".

Uçar deyib ki, "son xəbərlərdə yer alan köçkünlərin sayı qədər kütlə keçmişdə də eyni sıxlıqla sərhədi keçib. Bir il əvvəl də Muş və Diyarbakıra gedərkən Tatvan yolunda hərəkət edən köçünkünləri müşahidə edə bilirdik. Bunlar yeni şeylər deyil".

Yeni və böyük bir dalğadanmı söhbət gedir?

Sərhəddən keçmə halları qış aylarında azalsa da, havalar istiləşəndə artır.

Vanın İpekyolu rayonunda mühacirlərin toplandığı Hacı Bekir məhəlləsində və Çaldıran rayonunda sərhədyanı kəndlərdən edilən reportajlarda bu bölgələrin sakinləri hər il olduğu kimi bu il də bahar gələn kimi sərhəddən keçid cəhdlərinin artdığını söyləyiblər.

Əfqan mühacirlərinin bəzi media vasitələrində yayımlanan görüntüləri keçmişlə müqayisədə indi daha böyük miqrasiya dalğasının olduğuna dair şərhlərə səbəb olur.

Ancaq nizamsız miqrasiyada müəyyən bir artım olsa da, bunun keçmişlə müqayisədə nə qədər böyük olduğuna dair şərhlər fərziyyələrə əsaslanır.

Vanın İran sərhədinə çıxan rayonları Saray, Özalp, Başkale və Çaldırandır.

Bu dörd rayonun da çox fərqli nöqtələrindən sərhədi keçmə hallarının baş verdiyi barədə xəbərlər var.

Artan təhlükəsizlik tədbirləri səbəbiylə bir nöqtədə keçid çətinləşdikdə, digər nöqtələrdə cəhdlərin sayının artdığı güman edilir.

Bu qədər fərqli nöqtənin olması və keçidlər zamanı nöqtələrin daim dəyişməsi sərhədi keçənlərin bilgisini daha da çətinləşdirir.

Van Vəkillər Kollegiyasından Jindar Uçar bu yay əvvəlki illərdən biraz çox olsa da, böyük bir nizamsız miqrasiyanın müşahidə olunmadığını söyləyir.

Uçar ayrıca mediada mövzu ilə bağlı bəzi xəbərlərə də kritik yanaşır: "Hər gün 1000-1500 insanın keçdiyi söylənilir. Ancaq Vanın 300 kilometrlik sərhədindən neçə nəfərin keçdiyinə dair statistik məlumat vermək mümkünsüz bir məsələdir".

Uçar miqrantlar barədə mövcud olan məlumat bazasına əsaslanaraq, hələlik kütləvi köçün baş vermədiyini düşündüyünü söyləyir: "Gələnlər əsasən, işçi qüvvə olaraq 15-30 yaş arasındakı gənc kişilərdir. Hələlik, kütləvi bir hal alan, yəni qadınlar və uşaqlar da daxil ailəvi köç qeydə alınmayıb".

İGAM direktoru Metin Çorabatır yerlərdən alınan məlumatlara əsaslanaraq deyir: "Böyük bir artım yoxdur, ancaq normal mövsümi artımdan bir qədər yüksək olan köç əlamətləri var".

Çaldıran rayonunda bəzi sərhəd kəndlərindən hazırladığımız reportajlarda buranın sakinləri köçün hər il baş verdiyini, ancaq bu il əlavə nisbi artımın müşahidə edildiyini söyləyiblər.

Başkale və Özalp rayonlarından da BBC Türkcəyə məlumat verən mənbələr keçən ilə nisbətən müəyyən bir artım müşahidə etdiklərini bildiriblər.

Rəsmi məlumatlar nəyi göstərir?

Miqrasiya İdarəsinin Baş Müdirliyi tərəfindən hazırlanan cədvəldə Türkiyədə son illər ərzində tutulan əfqan mühacirlərin ilbəil statistikası verilib:

  • 2014: 12248
  • 2015: 35921
  • 2016: 31360
  • 2017: 45259
  • 2018: 100841
  • 2019: 201437
  • 2020: 50161
  • 2021 (7 iyuladək): 25643

Miqrasiya İdarəsinin məlumatlarına görə, 2021-ci il iyulun 7-dək tutulan qaydalara əmələ etməyən miqrantların ümumi sayı 62687 nəfərdir.

Onların arasında əfqanlar 25643 sayda olmaqla qrup kimi birinci yerdədir.

Əfqanların ardınca Suriya, Pakistan, Özbəkistan, İraq, Banqladeş, Türkmənistan, İran, Somali və Fələstindən olan mühacirlər gəlir.

DİN-in bu məlumatları əvvəlki illərlə müqayisədə 7 iyul tarixinə qədər tutulan nizamsız əfqan miqrantlarının sayında ciddi bir artımın olduğunu göstərmir.

Bununla belə, tutulmayan və ya ümumiyyətlə rəsmi qeydlərdə adı olmayan nizamsız miqrantların sayı bilinmir.

Van valiliyinin 19 iyul tarixində yayımladığı açıqlamada müxtəlif məlumatlar var.

Açıqlamada qeyri-qanuni miqrasiyanın qarşısının alınmasına yönəlmiş fəaliyyət çərçivəsində 2021-ci ildə Vanda Türkiyə-İran sərhəd xəttində 27230 nəfərin yaxalandığı, 34308 nəfərin qanunsuz giriş cəhdinin qarşısının alındığı bildirilib.

BBC Türkçe Van valiliyindən sərhədi keçən və ya keçməyə çalışan qeyri-qanuni miqrantların sayının əvvəlki illərlə müqayisədə necə dəyişdiyinə dair məlumat istəyib.

Valilikdən xahişimizə bir cavab gəlməyib.

Əfqanıstandakı proseslər miqrasiyaya necə təsir edir? Sentyabrda nə ola bilər?

ABŞ Prezidenti Joe Biden Əfqanıstandakı ABŞ qoşunlarının 2021-ci il 11 sentyabr tarixinədək ölkədən tamamilə çıxarılacağını açıqlayıb.

Taliban ölkədəki nəzarət etdikləri əraziləri son dövrdə artırsa da, qarşıdurmalar da şiddətlənir.

Bütün dünyada sentyabr ayından etibarən ölkədən yeni bir köç dalğasının başlaya biləcəyi ilə bağlı xəbərdarlıqlar var.

BMT Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) bu yaxınlarda verdiyi açıqlamada beynəlxalq ictimaiyyəti Əfqanıstandakı mümkün humanitar böhranla bağlı xəbərdar edib.

"Sülh razılığının əldə edilməməsi və Əfqanıstandakı mövcud zorakılığın dayandırılmaması ölkə daxilində, qonşu ölkələrdə və xaricdə köçkünlərin sayının artmasına səbəb olacaq," - açıqlamada deyilib.

UNHCR bildirib ki, iki milyondan çox qeydə alınmış əfqan qaçqının və ümumilikdə köçkün əfqanların 90 faizi İran və Pakistanın payına düşür.

Bəyanatda UNCHR-in əlavə qaçqın qəbul edən ölkələrə humanitar yardım göstərməyə hazır olduğu qeyd edilib.

Əfqanıstandan böyük bir qaçqın dalğası olacağı təqdirdə Türkiyəyə bunun necə təsir edəcəyi maraqlıdır.

Corabatır qeyd edir ki, Əfqanıstanda hadisələr müxtəlif ssenarilər üzrə inkişaf edə bilər: mərkəzi hökumət hakimiyyətini qoruya bilər, Taliban hakimiyyəti ələ keçirə bilər və ya vətəndaş müharibəsi baş verə bilər. Bu ssenarilərdən hansının baş verəcəyi və ölkədən miqrasiyaya necə təsir edəcəyi hazırda bəlli deyil.

Çorabatır 2000-ci illərdə Qərb ölkələrinin Əfqanıstanda təhlükəsizliyin artıq təmin olunduğunu iddia edərək əfqan mühacirlərinə iqtisadi mühacir kimi yanaşdığını, lakin indi qorxulu ssenarilər reallaşacağı təqdirdə artıq bunun adının dəyişəcəyini və ortadakı durumun qaçqın axınına dönəcəyini söyləyir.

Bununla belə, Çorabatır qeyd edir ki, bu vəziyyətdə də Əfqanıstandan Türkiyəyə böyük bir köç dalğasının olacağını dəqiq demək çətindir. O xatırladır ki, 2000-ci illərin əvvəllərində Əfqanıstan Taliban nəzarətinə keçdikdən sonra da bu ölkədən Türkiyəyə böyük bir köç dalğasının olacağı proqnozlaşdırılırdı, lakin həmin proqnozlar doğrulmadı.

"Əvvəlcə Əfqanıstanda kimin hakimiyyətə gələcəyinə baxacağıq. Biraz gözləyəcəyik və görəcəyik," - Çorabatır deyir.

Van Vəkillər Birliyindən Uçar da düşünür ki, Türkiyə sentyabrdan sonra mümkün kütləvi köçün bir nömrəli hədəfi olmaya da bilər: "Taliban fəallaşacağı təqdirdə ilk növbədə risk altına düşən təbəqə tərcüməçilər, məmurlar, amerikalılarla işləyən mühəndislər və bu kimi digərlərindən ibarət olacaq.

Yəni, nisbətən daha imkanlı, yaşayış səviyyəsi nisbətən yüksək olan təbəqədən söhbət gedir. Onların ölkədən çıxmasının daha rahat yolları var. Bunun da misalını bu yaxınlarda gördük...

Bir qrup əfqan əsgəri bu yaxınlarda Tacikistana sığındı. Odur ki, dolaysıyla bir qrup insan İrana, Tacikistana və Pakistana yollanmağa üstünlük verəcək. Düşünmürük ki, Talibandan qaçan kütlə ilk mərhələdə Türkiyəyə gələ biləcək".

Uçar qeyd edir ki, Türkiyə Avropa İnsan Haqları Konvensiyası və 1951-ci il Cenevrə Qaçqınlar Konvensiyasını imzalamış bir ölkə olduğu üçün bura böyük bir miqrant axını başlayacağı təqdirdə, həmin miqrantları geri göndərə bilməyəcək.