Michel: "Aİ Bakı ilə Yerevan arasında vasitəçi ola bilər", Əliyev: Yerevan kommunikasiyaların açılmasına selektiv yanaşmamalıdır

Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasına yardım etməyə hazırdır. Bunu Bakıda Prezident İlham Əliyevlə danışıqlardan sonra keçirilmiş birgə mətbuat konfransında Aİ Şurasının prezidenti Charles Michel bildirib.

"Biz mümkün ədalətli vasitəçi kimi pozitiv, konstruktiv rol oynamağa hazırıq. Əlbəttə ki, biz Minsk Qrupunun oynadığı rola hörmət edirik, lakin bu o demək deyil ki, regionda davamlı sülhün təmin olunacağına əminlik yaratmaq, daha çox sabitlik və təhlükəsuizliyə nail olmaq üçün bəzi mümkün təkmilləşmələrin edilməsinə həvəs yaratmaq məqsədilə Aİ müəyyən bacarıq, müəyyən dəstək, müəyyən ideyalar verə bilməz", - Chrles Michel deyib.

Prezident İlham Əliyev Aİ Şurasının Prezidenti Charles Michel ilə birgə keçirilən mətbuat konfransında deyib.

Azərbyan prezidenti qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra bölgədəki bütün kommunikasiyaların açılması üçün yeni imkanlar yaranıb.

"Bölgədəki bütün kommunikasiyaların açılması münaqişədən sonrakı həll mərhələsində çox vacib bir məqamdır və bu, 10 noyabr tarixli Üçtərəfli Bəyanatda bəyanatda vurğulanır."

Dövlət başçısı Azərbaycanın özünü nəqliyyat şəbəkəsini artıq diversifikasiya etdiyini vurğulayıb: "Avrasiyada ən vacib logistika nəqliyyat mərkəzlərindən birini yarada bildik".

Azərbaycan Prezidenti qeyd edib ki, "bölgədəki bütün kommunikasiyaların açılması paralel olaraq həyata keçirilməlidir."

"Bölgədə dörd ölkə - Azərbaycan, İran, Rusiya və Türkiyə - bu yanaşmanı dəstəkləyir, Ermənistanın da buna müsbət reaksiyasını gözləyirik, amma bu yanaşma selektiv olmamalıdır. Bütün kommunikasiyalar eyni zamanda açıq olmalıdır", - İlham Əliyev vurğulayıb.

Prezident Əliyev həmçinin, hazırda Azərbaycanön azad edilmiş ərazilərin infrastrukturunu aktiv şəkildə bərpa etdiyini də vurğulayıb.

"Üç beynəlxalq hava limanı yaradılacaq: Füzulidə hava limanı ilin sonuna, ikincisi gələn il Zəngilanda, üçüncüsü isə Laçında 2023-cü ildə hazır olacaq. Beləliklə, beynəlxalq aeroportların sayı Azərbaycanda doqquza çatdırılacaq."

Aİ Şurasının Prezidenti Charles Michel "Azərbaycan və Ermənistanla bağlı vəziyyəti" onun Bakıda Prezident İlham Əliyevlə müzakirə etdiyi məsələlərdən biri olduğunu qeyd edib.

"Sizə təşəkkürümü bildirmək istəyirəm ki, bir neçə həftə əvvəl, bizim regional vəziyyətin təhlili ilə bağlı fikir mübadiləsi aparmaq üçün dəfələrlə telefon söhbətimiz olub. Mən götürülmüş öhdəliklərə görə sizə təşəkkürümü bildirmək istəyirəm", - Charles Michel ötən gün Bakıda İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Onlar atılan ilk addımlar oldu. Bu halda, bir tərəfdən mina xəritələrinin olması və digər tərəfdən, mühüm məsələ hesab edilən məhbuslar məsələsidir, - Aİ Prezidenti vurğulayıb. - Birinci mərhələdə, bu, öz həllini tapdı. Ümid edirik ki, yaxın vaxtlarda qeyd edilən məsələ ilə bağlı digər mərhələlər də baş tutacaq."

Aİ Prezidentinin sözlərinə görə, "müəyyən həll variantlarına nail olmaq üçün qalan məsələləri də böyük təfərrüatla müzakirə etmək" imkanı olub və həmin variantlar "dayanıqlı olmalıdır."

Charles Michel-in sözlərinə görə, Aİ müxtəlif məsələlər üzrə irəliləyişə nail olmaq üçün səyləri dəstəkləməyə hazırdır.

"Məsələn, sərhədlərin delimitasiyası məsələsidir və bunun üçün biz Avropanın ekspert yardımını göstərməyə, lazım olarsa və arzu edilərsə, Avropa monitorinqini etməyə hazırıq. Sərhədlərin delimitasiyasına gəldikdə, həmçinin mübahisə doğuran zonalara yaxın yerləşmiş silahlı qüvvələr məsələsi də var. Hesab edirəm ki, bu, mövzu da müzakirə edilməlidir", - Aİ Prezidenti bildirib.

Aİ-Azərbaycan münasibətlərinin perspektivi barədə danışan Charles Michel deyib: "Biz arzu edirik ki, əlaqələrimizə əlavə, növbəti təkan verək. Hətta, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa strateji xarakter vermək istəyirik."

Onun sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, "birgə iş aparmaq istəyinə, innovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlıqdır."

"Məhz bu ruhda iqtisadi inkişaf baxımından Avropa İttifaqının hesab etdiyi iki prioritet - iqlim dəyişməsi və rəqəmsal inqilab birgə başladığımız layihələrin əsasında olmalıdır."

Charles Michel dekabr ayında keçiriləcək Avropa İttifaqının Şərq Tərəfdaşlığına həsr olunacaq Zirvə görüşünə hazırlığın aparıldığını qeyd edib.

"Bizim üçün gözləntiləri müəyyən etmək məqsədilə fikir mübadiləsini aparmaq vacibdir. Hər iki tərəfdən həmin Zirvə görüşünə hazırlıq gedir", - Aİ Prezidenti söyləyib.

İlham Əliyev Charles Michel ilə görüşüb

Bu gün Bakıda Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel birgə işçi nahar ediblər, Azərbaycan Prezidentinin mətbuat xidməti bildirib.

Yerevana səfərini başa vurduqdan sonra ötən gün Bakıya gələn Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel bu gün səhər Şəhidlər xiyabanında "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Aİ Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda işgüzar səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel iyulun 18-də Şəhidlər xiyabanını ziyarət edib.

Aİ Şurasının Prezidenti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Charles Michel Azərbaycana ötən gün axşam Yerevana səfərini başa vurduqdan sonra gəlib.

Yerevana səfəri zamanı avropalı rəsmi Ermənistandakı "prioritet proqramlar" üçün 2,6 milyard avro dəyərində maliyyə paketinin ayrılması ilə bağlı Aİ planını təsdiqləyib. O, "Şərq Tərəfdaşlığı" proqramı üzrə ayrılacaq vəsaitin infrastruktur, rabitə, nəqliyyat və demokratik institutların inkişafı kimi sahələrə yönəldiləcəyini deyib.

İyun ayında Aİ bölgədə uzunmüddətli sülhün möhkəmlənməsi üçün Azərbaycan və Ermənistana yardım göstərməyə hazır olduğunu bildirib.

Charles Michel Cənubi Qafqaza səfəri çərçivəsində Gürcüstana da səfər edəcək.

Charles Michel "Şamaxı Cümə məscidini ziyarət edib"

Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel Azərbaycana işgüzar səfəri çərçivəsində iyulun 18-də Şamaxıda "Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidini ziyarət edib", dövlət mediası bildirib.

Məscidin imamı Mərhəmət Mustafayev dini məbəd ilə bağlı məlumat verib, "məscidin 743-cü ildə inşa olunduğunu" qeyd edib.

"Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidi Xəlifə Xalid ibn Vəliyədin dövründə onun qardaşı Müslüm ibn Vəliyədin Azərbaycana gəlməsinin şərəfinə tikilib", - rəsmi məlumatda deyilib.

Məscidin həyətindəki muzeyə baxış zamanı, "1918-ci ildə silahlı erməni daşnak dəstələri tərəfindən törədilən mart qırğınları zamanı Şamaxıda soyqırımı aktı həyata keçirildiyi" qeyd olunub.

Məscidin imamı bildirib ki, "ən böyük qırğın Cümə məscidində baş verib, Şamaxı sakinlərinin sığındığı məscid yandırılıb, təqribən 1700 insanı qətlə yetiriblər."

Sovet dövründə məscid məhv olmaq təhlükəsi ilə üzləşib, 1980-ci ildə bu tarixi abidə təmir olunub. Şamaxı Cümə məscidində əsaslı təmir işləri zamanı aşkarlanan mədrəsə, hücrə və qəbirlər olduğu kimi saxlanılıb və bərpa edilib. 2013-cü ildə bərpa işləri başa çatandan sonra məscidin açılış mərasimi keçirilib.