Azərbaycanda qanuna düzəliş edildi: “əsassız vəsatət”lə bağlı cərimə Avropa Məhkəməsinə göndərilən şikayətlərə əngəl törədəcəkmi?

Avropa

Şəklin mənbəyi, AFP/Getty Images

Şəklin alt yazısı, Avropa İnsan Haqları məhkəməsi

Məhkəmə "əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən" tərəfi, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə biləcək.

Bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda əksini tapıb.

Mülki Prosessual Məcəlləyə Azərbaycan Prezidenti tərəfindən göndərilən belə bir düzəliş təklifi ictimaiyyətdə geniş müzakirə doğurub. Bir çox hüquqşünas bunu vəkillərə təzyiq aləti kimi qiymətləndirir və hesab edir ki, belə bir qanunun olması vəkillərin müstəqilliyinə kölgə salacaq və hakimlər tərəfindən onların cəzalandırılmasına gətirib çıxaracaq.

Bu, Azərbaycanda məhkəmə instansiyalarının qərarından narazı olan şəxslərin Avropa Məhkəməsinə üz tutmasına da mane olacaq, "vəkillik fəaliyyətinə zərbə vuracaq," - bəzi vəkillər BBC News Azərbaycancaya deyiblər.

Belə bir düzəlişin tərəfdarları isə hesab edirlər ki, bu, məhkəmə prosesini "əsassız yerə uzatmaq istəyən" tərəfləri bundan çəkindirəcək.

Qanuna düzəliş təklifində nə deyilir?

Mülki Prosessual Məcəlləyə təklif edilən və parlamentdə üçüncü oxunuşda qəbul edilən düzəlişdə deyilir ki, məhkəmə "açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir".

Ali Məhkəmə Sədrinin müavini Çingiz Əsgərov APA-ya müsahibəsində bildirib ki, belə bir təklif məhkəmə prosesinin süni surətdə yubadılması hallarını aradan qaldırmaq, bununla da ədalət mühakiməsinin səmərəliliyini artırmaq və vətəndaşların məhkəmə müdafiəsi hüququnu daha dolğun şəkildə təmin etməkdir.

"Məhkəmə təcrübəsi göstərir ki, mülki işlər üzrə icraatın qanunvericiliklə müəyyən edilmiş müddətlərdə aparılmamasının əsas səbəblərindən biri də tərəflərin məhkəmə prosesini süni şəkildə yubatmaq üçün verdikləri açıq-aşkar əsassız olan vəsatətlər, etirazlar, şikayətlər təşkil edir," - sədr müavini deyib.

Avropa İnsan Haqları məhkəməsi

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Avropa İnsan Haqları məhkəməsi

Çingiz Əsgərovun sözlərinə görə, məhkəmə cəriməsi ədalət mühakiməsinin səmərəli qaydada həyata keçirilməsinə maneə törədən hərəkətlərin qarşısının alınması üçün nəzərdə tutulur: "Buna görə vəkil öz işini vicdanla görürsə, məhkəmə cəriməsindən qorxmamalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, cərimələnmə barədə məhkəmə qərarlarından yuxarı instansiya məhkəməsinə şikayət verilə bilər".

"Vəkillik fəaliyyətinə zərbə"

Vətəndaş Hüquqları İnstitutu bu qanun layihələrində nəzərdə tutulmuş düzəlişləri ədalət mühakiməsi hüququnun təmin edilməsinə problem yaradacağını güman edir.

Vəkil Əsabəli Mustafayevin fikrincə, müstəqil vəkillərin əlindəki təsirli vasitələrdən biri vəsatətlərin verilməsidir və buna görə onların cərimələnməsi absurddur: "Bu qanun qəbul ediləcəyi təqdirdə vəkillik fəaliyyətinə böyük zərbə olacaq".

Vəkil əlavə edir ki, Avropa Məhkəməsində "işi udmaq üçün vəkil buradakı instansiyalarda şikayətlər, vəsatətlər verməlidir, o vəsatətlər olmasa, Avropa məhkəməsində işi udmaq olmaz. Verilən vəsatətin təmin olunmaması özü ədalətli məhkəmə aradırması hüququnun pozuntusudur".

Əsabəli Mustafayeva görə, Azərbaycan məhkəmə instansiyalarında verilən vəsatətə görə vəkil cəzalanacaqsa, amma həmin "işi Avropa Məhkəməsində qazanacaqsa", o zaman məsələnin necə həll olunacağı aydın deyil.

Vəkil hesab edir ki, son illər Azərbaycanda vəkillik inistutunda gözəçarpan müsbət dəyişikliklər var və bu kimi cərimələnmə halları vəkillikdə islahatlara "zərbə vuran qərar" olacaq:

"Azərbaycanda vəkillərin sübut toplamaq hüququ yoxdur. Ona görə də vəkil çalışır ki, məhkəmə prosesinin gedişatında müəyyən sübutları araşdırmalarla əldə etsin, bu da vəsatətlər yolu ilə həyata keçirilir. Açığı, bir çox məhkəmələrdə verilən vəsatətlər məhkəmə hakimləri tərəfindən təmin edilimir və nə üçün təmin edilmədiyinə də şərh verilmir. Hakim "əsassız vəsatət" deyib bununla işini bitmiş sayır".

Əsabəli Mustafayev onu da əlavə edir ki, qanunvericilikdə "əsassızlıq" meyarı göstərilməyib və bunu izah edən qanuni sənəd yoxdur.

"Cərimənin məqsədi məhkəməni ləngitməməyə yönəlib"

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Bəhruz Məhərrəmov BBC News Azərbaycancaya deyib ki, konseptual olaraq dəyişiklərin ümumi mahiyyəti onu qane etdiyindən layihələrə səs verib.

O, "əsassıız vəsatət" verən tərəfin cərimələnməsinin əleyhinə deyil və hesab edir ki, bu, məhkəmə prosesini ləngitməyə yönələn halların qarşısını ala biləcək.

Ancaq millət vəkilinə də qaranlıq qalan məqam vəsatətin "açıq-aşkar əsassız" sayılması kriteriyasının yoxluğudur.

Bununla belə, deputat hesab edir ki, heç kim kütləvi şəkildə və hər bir vəsatətə görə cərimələnməyəcək və cərimələnən şəxs də dərhal onu ödəmək məcburiyyətində deyil: "Cərimələnən şəxs, əgər bununla razı deyilsə, məhkəmə qaydasında bunun əksini sübut edə bilər".

İyunun 25-də Milli Məclisdə I oxunuşda qəbul edilən qanun layihəsi iyunun 23-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirədən keçib iclasa çıxarılıb.