Avropa Məhkəməsi Azərbaycan və Ermənistanın şikayətlərinə baxacaq, Azərbaycan ordusu təlimlərə başlayır

Avropa Məhkəməsi Azərbaycan və Ermənistanın qarşılıqlı şikayətlərinə baxacaq, Azərbaycanda mayın 16-dan 20-nə qədər geniş miqyaslı hərbi təlimlər başlayır, Ermənistan Ombudsmanı Azərbaycan Prezidentinin çıxışlarını BMT və Avropa Şurasına göndərib, 32 illik fasilədən sonra çərşənbə günü Şuşada "Xarıbülbül" musiqi festivalı keçirilir, - daha ətraflı BBC News Azərbaycancanın icmalında

Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası, Avropa İnsan Hüquqları Konvensiyasının pozulması ilə bağlı Ermənistan və Azərbaycanın bir-birlərinə qarşı irəli sürdüyü iddiaları araşdıracaq.

Tərəflərin şikayətləri əsasən son hərbi əməliyyatlar zamanı dövlətlər tərəfindənİnsan Hüquqları Konvensiyasının pozulması, o cümlədən mülki şəxslər, mülki və dövlət əmlakına və infrastruktura hücumlarla bağlı məsələləri ehtiva edir.

Məlumatda həmçinin döyüşçülərin və mülki şəxslərin edamları, onlara qarşı pis rəftar və hərbi əməliyyatlardan təsirlənən ərazilərdən məcburi köçürülmələrlə bağlı iddialar yer alır.

Azərbaycan əlavə olaraq 1992-ci ildən bəri bir sıra Konvensiya pozuntularına, o cümlədən yüzminlərlə azərbaycanlının evlərindən qovulmasını, habelə mədəni və dini mülkiyyətin məhv edilməsi məsələsini qeyd edir.

Ermənistan öz müraciətini 27 sentyabr 2020-ci ildə təqdim edib. Azərbaycanın müraciəti isə bundan bir ay sonra, 27 oktyabrda daxil olub, məhkəmənin məlumatında deyilir.

Azərbaycan ordusu 15 minlik şəxsi heyətlə təlimlərə başlayır

Azərbaycan mayın 16-da geniş miqyaslı təlimlərə başlayır.

Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 15000 nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan və tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq, Müdafiə Nazirliyi xəbər verir.

"Təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldiləcək" - qurumun məlumatında deyilir.

Təlimlər mayın 20-dək davam edəcək.

Ermənistan Ombudsmanı Azərbaycan Prezidentindən şikayətlənib

Ermənistan Ombudsmanı Arman Tatoyan Azərbaycan Prezidenti İlham Əliyevin çıxışları ilə bağlı beynəlxalq qurumlara şikayət edib.

Ermənistan insan haqları müdafiəçisi (ombudsmanı) Arman Tatoyan Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında ermənilərin ünvanına "təhdid və onların ləyaqətini alçaldan" ifadələrdən istifadə edildiyi haqqında BMT və Avropa Şurasına məlumat verib.

Tatoyan öz Facebook hesabında qeyd edib ki, Prezident İlham Əliyevin "ermənilərə qarşı nifrət və düşmənçilik siyasəti yeridildiyinə dəlalət edən nitqlərini beynəlxalq instansiyalara" göndərib.

"Azərbaycan Prezidenti İlham Əliyevin ermənilərə qarşı ədavət və düşmənçilik siyasətinə dəlalət edən [aprel ayında] çıxışlarını BMT-nin İrqi Ayrı-seçkiliklə Mübarizə Komitəsinə, BMT və AŞ insan haqları komissarlarına və başqa beynəlxalq instansiyalara göndərmişəm," - Tatoyan bildirir.

Ermənistan Ombudsmanı yazıb ki, İlham Əliyev öz çıxışlarında "azərbaycanlıların ermənilərdən üstünlüyünü vurğulayır".

Bundan bir neçə gün qabaq Azərbaycan Ombudsmanı Səbinə Əliyeva BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına və Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarına məktub yazaraq Arman Tatoyanın "regionda sülhə zərbə vuran fəaliyyəti"ndən şikayətlənib.

Şuşada "Xarıbülbül" musiqi festivalı

Çərşənbə günü Şuşada başlayan iki günlük "Xarıbülbül" musiqi festivalı artıq hər il keçiriləcək. Bunu festivalda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

O əlavə edib ki, builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir: "...çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan - Şuşadan, qədim torpağımızdan mesaj veririk: ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur".

İlham Əliyev bildirib ki, gələn il Şuşanın 270 illiyini qeyd ediləcək. Azərbaycan Prezidenti vurğulayıb ki, azad ediləndən sonra artıq üçüncü dəfədir ki, Şuşaya gəlir və "hər dəfə bura gələndə burada qalmaq istəyir, buradan ayrılmaq istəmir".

"Bundan sonra biz Şuşada əbədi yaşayacağıq" deyən İlham Əliyev onu da söyləyib ki, artıq şəhərdə bərpa işləri başlayıb.

Ölkənin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi İnstagram hesabında paylaşılan videoda Prezident bildirir ki, o bu musiqi festivalında iştirak etmək üçün Şuşaya gedir.

"Yolüstü Azərbaycanın dilbər guşələrindən biri olan Xocavənd rayonuna gəldik. Burada təbiətin qoynunda armudu stəkanda çay içirik. Necə ki, Cıdır düzündə çay içmişik, indi isə Xocavənddə çay içirik. Və bu qədim Azərbaycan torpağında Azərbaycan xalqı bundan sonra əbədi yaşayacaq,"- İlham Əliyev vurğulayıb.

"Xarıbülbül" musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Cıdır düzündə keçirilib.

Festivalın hazırkı təşkilatçısı Heydər Əliyev Fondunun bildirib ki, Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı "Azərbaycan musiqisində multikulturalizm" mövzusunda təqdim ediləcək, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olunacaq.

Azərbaycan paytaxtından 373 kilometr aralıda yerləşən, 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Şuşa şəhəri ötən ilin payızında başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsində azad edilib. Şəhərin azad edildiyi gün- 8 Noyabr Azərbaycanda Zəfər günü elan edilib.

Azərbaycan Prezidenti Şuşanı ölkənin mədəni paytaxtı elan edib.