Paşinyan Zəngəzurda yaranmış vəziyyəti müzakirə edib, Azərbaycanda Ramazan bayramı qeyd olunur

Nikol Paşinyan

Şəklin mənbəyi, gov.am

Ermənistan Baş naziri Sünik vilayətində baş vermiş hadisəni "diversiya müdaxiləsi" adlandırıb. Bu gün Azərbaycanda Ramazan bayramı qeyd olunur - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Sünik vilayətində çərşənbə günü baş vermiş hadisə "əslində diversiya müdaxiləsidir", Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan həmin gün axşam keçirdiyi Təhlükəsizlik Şurasının iclasında deyib.

Onun sözlərinə görə, mayın 12-si səhəri Azərbaycan silahlı qüvvələri Sevliç (Qaragöl) ərazisində dövlət sərhədini keçib 3,5 kilometr Ermənistan ərazisinin içərisinə daxil olub.

Daha əvvəl Ermənistanın Qoris şəhəri merinin müavini İrina Yolyan məlumat yaymışdı ki, Azərbaycan silahlı qüvvələri Ermənistanın Sisyan şəhəri yaxınlığında İşxanasar dağı ərazisində "dövlət sərhədini keçib" və Verişen yaşayış məntəqəsi istiqamətində "3 kilometr irəli gəlib". Onun sosial şəbəkə və teleqram kanallarında yayılan məlumatına görə, sərhəd boyunca qarşı tərəfin "yüzlərlə hərbçisi dayanıb".

Paşinyan Azərbaycan tərəfinin göl üzərində öz nəzarəti ələ keçirməyə cəhd etdiyini bildirib.

"Ermənistan yaranmış vəziyyətlə barışa bilməz, lakin bizim bir nömrəli vəzifəmiz vəziyyəti danışıqlar yolu ilə, o cümlədən diplomatik həll etməkdir. Lakin bu, variantlardan biridir", - Paşinyan deyib.

O, yaranmış vəziyyəti "böhrana yaxın" adlandırıb, lakin Azərbaycan hərbçilərinin silahdan istifadə etmədiklərini bildirib.

Paşinyanın sözlərinə görə, onlar öz hərəkətlərini "hansısa saxta xəritə ilə əsaslandırmağa çalışıblar", lakin Ermənistanda Sovet İttifaqı mərkəzi hakimiyyəti tərəfindən təsdiqlənmiş xəritə var, və orada Azərbaycanla Ermənistan arasında sərhədin haradan keçdiyi aydın görünür.

Paşinyan Sünikdə yaranmış vəziyyətdən əleyhdarlarının ölkə daxilində spekulyasiya üçün istifadə olunduğunu də qeyd edib və "xarici təhlükəsizliklə bağlı situasiyalardan daxili siyasi məqsədlərlə istifadə etməməyə" çağırıb.

"Bu halda biz gərək diqqətimizi problem və onun həlli yolları üzərində cəmləşdirək", - o deyib.

Paşinyan təmkinli və eyni zamanda milli və dövlət maraqlarının müdafiəsi məsələlərində ardıcıl olmağa çağırıb.

Azərbaycan Müdafiə Nazirliyinin bu məlumatlara reaksiyası hələ ki, məlum deyil.

Ramazan

Şəklin mənbəyi, Aziz Karimov/Getty Images

Azərbaycanda Ramazan bayramı

Bu gün Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əsasən, bu il Ramazan bayramı mayın 13-nə təsadüf edir.

Koronavirus pandemiyasına görə Azərbaycanda məscidlər bağlıdır və məscidlərdə bayram namazı qılınmayacaq.

Azərbaycanın işğaldan azad olunmuş Şuşa şəhərində Yuxarı Gövhərağa məscidində məhdud sayda insanın iştirakı ilə bayram namazı qılınıb.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarından Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrike ediblər.