Azərbaycanda “işçilərin haqlarını qorumaq üçün” qanun dəyişə bilər

    • Müəllif, Aygül Mehman
    • Vəzifə, BBC News Azərbaycanca

Video açılmırsa YouTube-dan izləyin.

Azərbaycanda bundan sonra əmək bazarında çalışan bəzi işçilərlə xidməti yox, əmək müqaviləsi bağlanması tələb oluna bilər.

Bu, Milli Məclisin fevralın 23-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq Mülki Məcəlləyə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Xəbəri BBC News Azərbaycancaya təsdiqləyən Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, dəyişiklər Mülki Məcəlləyə əmək münasibətləri prosesində mülki-hüquqi münasibətlər formasından sui-istifadə hallarının qarşısının alınması məqsədilə edilir.

İqtisadi təhlilçilərsə hesab edirlər ki, prosesə nəzarətin hansı şəkildə ediləcəyi sual doğurur.

"Son illərin tendensiyası"

İqtisadi təhlilçi Toğrul Vəliyev deyir ki, Azərbaycanda son illər "işçilərin leqallaşdırılması tendensiyası" var.

O hesab edir ki, bu leqallaşdırma "bir qədər doğru istiqamətdə getmir".

"Yəni, trendin əsas məğzi ondan ibarətdir ki, işçilər maaş alsın. Qanuni işləsinlər. Sadəcə hazırda işə götürənlər qanunvericilikdə olan boşluqdan istifadə edərək, işçiləri xidməti müqavilə ilə işləməyə cəlb edirlər. Bununla da bütün öhdəliklər işçinin üstündə qalır. Sosial müdafiə, vergilər, tibbi sığorta bunların hamısını vətəndaş ödəməli olur".

Təhlilçi deyir ki, beynəlxalq praktikada əsasən, görülən işin məğzinə baxılır.

"Əgər sən daima bir şəxslə işləyirsənsə və eyni işi təkrarlayırsansa, o artıq avtomatik əmək müqaviləsi sayılır. Bizdə də nəhayət bu praktikaya keçmək istədilər. Bu da normal bir şeydir əslində. İnsan hər gün işə gedib-gəlirsə, rəsmi olaraq xidməti müqavilə ilə işləyirsə, bu, onun hüquqlarının pozulmasıdır".

O bildirir ki, buna görə də hökumət hazırda mexanizm yaratmaq istəyir ki, uyğun işçilər avtomatik əmək müqaviləsinə keçirilə bilsinlər.

Lakin cənab Vəliyevə görə, burada şübhələr yaradan məqam bu mexanizmin hansı şəkildə tətbiq ediləcəyidir.

"Bizdə, əsasən xidmət müqaviləsinə cəlb olunan işçilər tikintidə işləyənlər və ofisiantlardır. Ofisiant heç bir halda müəssisədən kənar işləmir. Amma bizdə rəsmi vergi məcəlləsinə görə, bu, ayrı bir kateqoriyadır və onlar ayrıca sadələşdirilmiş vergi ödəyirlər. Yəni, bu mənasızdır və bunu yığışdırmaq lazımdır".

Toğrul Vəliyev hesab edir ki, Vergi Məcəlləsi şəxsi işçi kimi yox, xidmətgöstərən kimi işə götürməyə imkan yaratdığı üçün, Əmək Məcəlləsinə edilən dəyişikliklər bunu heç bir halda aradan qaldıra bilməyəcək.

O vurğulayır ki, bu mexanizmin işləyə bilməsi üçün hər iki məcəllə dəyişməlidir.

"Bu, işçinin hüquqlarını qoruyacaq"

Xidməti müqavilələrin tamamən ləğv olunacağı barədə iddiaları əsassız hesab edən Milli Məclisin deputatı Musa Quliyev BBC News Azərbaycancaya deyir ki, "xidməti müqavilələr deyildiyi kimi tamamilə ləğv olunmayacaq, sadəcə müəyyən qismi sistemləşdiriləcək və müəyyən qismi məhdudlaşdırılacaq".

O bildirib ki, iş birbaşa müəssisənin daimi fəaliyyəti və peşə ilə bağlıdırsa, bu hallarda işçi ilə əmək müqaviləsi bağlanacaq və şəxs müəssisənin daimi işçisi hesab olunacaq.

"Bu işçinin xeyrinədir, çünki ilk növbədə ona görə ki, burada işçi sosial zəmanətlər və təminatlar alır. Yəni, işi görərkən, hansısa xəsarət halı, ölüm, zədə olarsa sığortalı olur. Məzuniyyət vaxtı, konkret iş vaxtı olur. Pensiyaya çıxarkən onun sosial sığorta kapitalına müəyyən vəsait toplanır".

Musa Quliyev hesab edir ki, "bu, çox yaxşı dəyişiklikdir".

O, həm də əmək müqaviləsində xidməti müqavilə ilə işləyənlərin əməkhaqqı şərtlərinin müəyyənləşdiyini vurğulayır.

"Bu gün hansısa şirkət bina tikmək istəyirsə, çağırır fəhlələri şifahi müqavilə əsasında deyir bu işi görəcəksiniz. Bir həftədən sonra qovur o işçini, başqalarını gətirir. Bu, həmin şəxslərin hüququnun pozuntusudur. Bu halda isə işəgötürən işçi ilə əmək müqaviləsi bağlayacaq, iş bitənə qədər də o işçi əmək müqaviləsinin tələb etdiyi qaydada orada işləyəcək".

Musa Quliyev vurğulayır ki, yalnız müəyyən, günlük işlərin görülməsi tələb olunduğu halda xidməti müqavilə qalacaq.

"Kimsə evində mebelini daşıtmaq istəyir, bir günlük hansısa iş gördürmək istəyirsə bu başqa məsələdir. Lakin bir iş əgər peşə vərdişləri tələb olunan işdirsə və uzunmüddətlidirsə, orada əlbəttə ki, müqavilə bağlanmalıdır".

Xidmət sahəsində ayrıca bir qrup kimi qəbul edilən ofisiantlarla bağlı deputat deyir ki, onlar eyni işi davamlı gördüklərinə görə və bu iş müəyyən bilik və bacarıqlar tələb etdiyinə görə, bu qrupla da əmək müqaviləsi bağlanmalıdır: "Lakin bu zaman baxmaq lazımdır ki, onların çalışdıqları restoran gündəlik işləyir, ya yox?"

Cənab Quliyev vurğulayır ki, bu həm də hökumətə uçot məsələsini dəqiqləşdirməyə də kömək edəcək.

"İşsizlik məsələsi də burada dəqiqləşəcək ki, nə qədər adam işləyir, nə qədər adam işsizdir".

Musa Quliyev deyir ki, bu məsələyə Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat Nazirliyinin Vergi xidməti həyata keçirəcək və bu halda bu qurumlar hər bir halda "fərdi yanaşma" tətbiq etməlidirlər.

Əmək Məcəlləsi Mülki Məcəllə Vergi Məcəlləsi