Şəhid ailələri: “Bizə ya İkinci Fəxri Xiyabanda, ya da Musabəyov parkının içindən yer verilməlidir”

- Müəllif, Aygül Mehman, Günel Səfərova
- Vəzifə, BBC News Azərbaycanca
Yasamal Rayon İcra başçısı Elşad Həsənovla görüşən İkinci Qarabağ Müharibəsində həlak olmuş şəxslərin yaxınlarından bir həftə vaxt istənilib, hadisə yerində olan müxbirimiz deyir.
Bu gün İkinci Qarabağ Müharibəsində həlak olmuş 17 nəfərin dəfn edildiyi Qaradağ rayonunun ərazisindən köçürülməsi tələbi ilə etirazlarını davam etdiriblər.
Hadisə yerində həmçinin ictimai-siyasi fəallar da toplaşıb, onlar şəhid ailələrinə "dəstəyə" gəldiklərini bildiriblər.
Şəhid yaxını olan Ayşən Tağıyeva gecəni qəbiristanlıqda Müdafiə Nazirliyindən cavab gözləyərək keçirdiklərini deyir.
"Müdafiə Nazirliyi gecə bizə cavab vermədi. İcra başçısı ilə də görüşdük. İndi gözləyirik. Hələ yuxarılara çatdıra bilməyiblər. İclas olmalıdır. İnşallah yaxşı xəbər verərlər. Gözləyirik. Sabah bir yer var. Qəbiristanlıq. Ora gedib baxacağıq. Ondan sonra öz qərarımızı verəcəyik," o bildirib.

Ayşən Tağıyeva deyir ki, onlar "bu torpaq uğrunda şəhid olmuş yaxınlarını İkinci Fəxri Xiyabanda dəfn olunmasını istəyirlər".
"Bu isə Müdafiə Nazirliyinin səlahiyyətindədir. Nazirlik qərar verməlidir ki, onlar da ordan çıxarılıb aparılıb orada dəfn olunsun. Bizim istəyimiz tək budur. Vəssalam".
Həlak olmuş döyüşçülərin digər bir yaxını bildirib ki, Yasamal Rayon İcra Hakimiyyətindən iki yer tələb edirlər.
"İki yer təklif etmişik. Ya İkinci Fəxri Xiyaban olmalıdır, ya da burda park var, həmin park olmalıdır. Bunlar da dedilər ki, bizə bir həftə vaxt verin. Biz də razılaşdıq. Həftənin üçüncü günü səhər tezdənədək bizə ya İkinci Fəxri Xiyabanda, ya da Musabəyov parkının içindən yer verilməlidir. Valideynlər qərar verməlidirlər," həmin şəxs bildirib.
Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən şərh almaq hələlik mümkün olmayıb.
Milli Məclisin deputatı Aydın Mirzəzadə bu gün məsələnin təfərrüatları ilə maraqlanıb və BBC News Azərbaycancaya etiraz edən şəhid ailələri ilə "istiənilən vaxtda görüşməyə hazır" olduğunu deyib.

"Müdafiə Nazirliyinin hərbi qəbiristanlığıdır. İndiyədək orada qurunt sularının qalxması olmayıb. Tək Qaradağ rayonundan deyil, həm də Nəsimi və Yasamal rayonlarında 17 şəhid orada dəfn edilib. Nəzərdə tutulmuşdu ki, ora abadlaşdırılacaq və onların adına uyğun yüksək səviyyədə kompleksə çevriləcək," - cənab Mirzəzadə bildirib.
Onun sözlərinə görə, planları "qurunt sularının qalxması "dəyişib".
Millət vəkili deyib ki, buna görə etiraz edən şəhid ailələri Müdafiə Nazirliyi tərəfindən qəbul edilib və bu məsələ ilə bağlı "artıq bir neçə variant üzərində işlənir".
"Son variant artıq şəhid ailələrinin razılığı əsasında həll ediləcək. Orada basıdırlan şəhidin hansı rayondan olmasının əhəmiyyəti yoxdur. Onların hər biri bütün Azərbaycan xalqının ürəyidir, qəlbidir, bizim qan yaddaşımızdır. Məndə olan məlumata görə, məsələ bu yaxınlarda şəhidlərin adına və valideynlərin istəyinə uyğun öz həllini tapacaq".
"Əvvəldən bu bilinsəydi heç vaxt orada dəfn olmazdı. Bu təbiət hadisəsi birdən baş verdi, heç kəs onu heç də təbiətin ixtiyarına buraxmaq və yaxud sayğısızlıq etmək fikində deyildi. Azərbaycanda 3000-ə qədər şəxs şəhid olub və onların hər biri böyük hörmətlə dəfn olunub. Hər bir şəhid ailəsi qayğı ilə əhatə edilib", Aydın Mirzəzadə vurğulayıb.
Sözügedən ərazidə dəfn olunmuş şəxslərin ailələri ötən axşam BBC News Azərbaycancaya deyiblər ki, yaxınlarının nəşinin İkinci Qarabağ Müharibəsində həlak olmuş şəxslərin yanında dəfn edilməsini istəyirlər.
Etiraz edənlərdən biri deyir ki, "şəhid ailələri 4 aydır ki, susub, məsələni sakit həll etməyə çalışır."
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmırsa, YouTube-dan izləyin.
"Ombudsmana, Mehriban xanıma, Prezidentə, mümkün bütün aidiyyatı qurumlara yazdıq. Amma nəticəsi yoxdur. Hamı vəd verir, əmələ gələndə isə ortada heç nə yoxdur", İkinci Qarabağ müharibəsi zamanı həlak olmuş baş çavuş, kəşfiyyatçı Hüseyn Tağıyevin qaynanası Durna Əliyeva deyir.
Prezidentin mətbuat katibi Azər Qasımov BBC News Azərbaycancaya deyib ki, onda "bu barədə informasiya yoxdur".
O bildirir ki, şəhidlərin dəfn olunduğu "keçmiş zibilxana ərazisi bataqlıq olduğundan qəbirləri su basır":

"Hər dəfə də su basdıqca, gətirib qum tökürlər, guya düzəldirlər. Amma bataqlıq ərazisidir, düzəlməz ki," o bildirir.
Həlak olmuş hərbçilərin ailələri "şəhidlərin sözügedən ərazidə dəfn olunmasında" Müdafiə Nazirliyini ittiham edirlər.
Müdafiə Nazirliyi BBC News Azərbaycancaya bildirib ki, bu məsələ onların səlahiyyətində deyil.

Durna Əliyeva həmçinin vurğulayır ki, "on bir nəfəri Yasamal qeydiyyatında, altısı isə Nəsimi rayon qeydiyyatında olan şəhidləri qamışlıq ərazidə dəfn edərkən ailələrinə öncədən onların harda dəfn ediləcəyi ilə bağlı məlumat verilməyib".
"Bu, qalib ordunun şəhididir. Onların haqqıdır İkinci Qarabağ Müharibəsinin şəhidləri ilə yan-yana yatmaq," - Durna Əliyeva vurğulayır.
Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ Müharibəsi sentyabrın 27-də başlayıb, 44 gün davam edib və Noyabrın 10-da başa çatıb.
Azərbaycanın İkinci Qarabağ Müharibəsində 2855 nəfər müharibə iştirakçısı həlak olub.







