You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
20 Yanvar hadisələrindən 31 il ötdü: Şuşada anım mərasimi keçirilib
Bu gün 1990-cu il 20 Yanvar hadisələrinin ildönümüdür. 31 il əvvəl baş verən hadisə ilə bağlı mərasimlər bu il Şuşada da qeyd olunub. Şəhərdə yerləşən Azərbaycan Ordusunun hərbçiləri anım mərasimi keçirib.
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub, Müdafiə Nazirliyinin şənbə günü yaydığı rəsmi məlumatında deyilir.
1990-cı ilin yanvarın 19-dan 20-ə keçən gecə on minlərlə Sovet əsgəri müstəqillik tələb edən Bakıya hücum edib və mülki əhaliyə atəş açıb.
Nəticədə yüzlərlə adam öldürülüb və yaralanıb. Sovet lideri Mixail Qorbaçov yanvarın 19-da Bakıda fövqəladə vəziyyət elan etmişdi. Bundan sonra o, bu qərarı siyasi karyerasının "ən böyük səhvi" adlandırıb.
Fövqəladə vəziyyətin elan olunmasının səbəbi, azərbaycanlılarla ermənilər arasında "milli düşmənçilik" və dövlət çevrilişi cəhdi kimi göstərilmişdi.
Video açılmırsa, YouTube-dan izləyin
20 Yanvar hadisələrindən bir neçə gün öncə, Dağlıq Qarabağda yaşayan ermənilər ərazinin Azərbaycandan ayrılıb Ermənistana qoşulmasını tələb edəndə Bakıda etnik zorakılıq halları qeydə alınmışdı.
Eyni zamanda bir çox azərbaycanlının Ermənistan dəstəkçisi kimi qəbul etdiyi Moskva rejimindən ayrılmaq istəyi artmışdı.
Bu il Azərbaycan 20 Yanvar faciəsinin 31-ci ildönümünü 44 gün çəkən İkinci Qarabağ müharibəsində qalib gəlməsi əhvalında yad edir.
Azərbaycan tərəfi döyüşlərdə 2855 şəhid verdiyini açıqlayıb. Döyüşlərdə 50 nəfərin itkin düşdüyü bildirilib.
2020-ci ilin sentyabrın 27-də başlayan müharibə həmi ilin noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanan atəşkəs razılaşmasından sonra başa çatıb.