Zamirə Hacıyevanın apelyasiya şikayəti təmin olunmayıb

Şəklin mənbəyi, PA Media
Britaniya Ali Məhkəməsi keçmiş bankir Cahangir Hacıyevin həyat yoldaşı, Zamirə Hacıyevanın apelyasiya şikayətini təmin etməyib.
Britaniyada ilk İzahedilməz Sərvət Sərəncamının (UWO) hədəfi olmuş Zamirə Hacıyeva apelyasiya şikayətində onu ləğv etdirməyə cəhd edib.
Məhkəmənin bildirdiyinə görə, bu şikayət qanuna aid heç bir mübahisəli məsələ yaratmayıb.
O, sərvətinin mənbəyini izah edə bilməyəcəyi təqdirdə Londondakı £12 milyonluq evini və qolf meydançasını itirə bilər.
57 yaşlı Zamirə Hacıyeva Azərbaycan Beynəlxalq Bankın idarə heyətinin keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşıdır. Cahangir Hacıyev 2016-cı ildə böyük dələduzluq və yeyintinin bir hissəsi olmaqda, ittiham edilərək Azərbaycanda həbs edilib.
Ailəyə bağlı olan offşor şirkətlər Zamirə Hacıyevanın Londonun bahalı Knightsbridge rayonunun eksklüziv bir küçəsindəki evinə və Berkshire-dəki Mill Ride qolf meydançasına sahibdir.
10 il ərzində xanım Hacıyeva dəbdəbəli Harrods dükanında £16 milyon xərcləyib - bu, onun sərvətinin mənbəyinin Milli Cinayət Agentliyi (NCA) tərəfindən araşdırılmasının bir hissəsini təşkil edib.
UWO əsasnaməsinə görə, bir şəxs varlanmasının səbəbinin qanuni olduğunu izah edə bilmirsə, məhkəmə cinayətin baş verməsini sübuta yetirmədən də, qısa zamanda onun əmlakını müsadirə edə bilər.
Xanım Hacıyeva hər hansı bir yanlışlığa yol verdiyini rədd edib və Britaniyada heç bir cinayətə görə ittiham olunmayıb. Keçən il məhkəmə onun ədalətli mühakimə olunmayacağını söyləyərək Azərbaycana mümkün ekstradisiyasını bloklayıb.

Şəklin mənbəyi, Getty Images
Onun vəkilləri Zamirə Hacıyevanın NCA tərəfindən qanunsuz hədəf alındığını söyləyərək, işə baxılması üçün Ali Məhkəməyə ərizə ilə müraciət etmişdilər.
Həmin ərizə heç bir məhkəmə baxışı keçirilmədən rədd olunub - bu isə onun bütün apelyasiya imkanlarının bitdiyi anlamına gəlir.
"Bu, maliyyə araşdırmalarında UWO-nun güclü bir alət kimi təsbit olunması üçün əhəmiyyətli bir nəticədir," - NCA-da Milli İqtisadi Cinayət Mərkəzinin rəhbəri Graeme Biggar deyib.
"Xanım Hacıyevanın UWO əleyhinə apelyasiya şikayəti verməsi üçün heç bir imkan qalmayıb. İndi ondan bu əmlakla bağlı axtardığımız məlumatları NCA-ya təqdim etməsi tələb olunacaq."

NCA Zamirə Hacıyevanın bu tələbi yerinə yetirməsi üçün dəqiq bir cədvəl təsbit edə bilərdi, lakin Milad bayramı dövrü və pandemiya ilə əlaqədar onun qışın sonuna qədər tam cavab vermək üçün vaxtının olacağına əsas verir, BBC News müxbiri Dominic Casciani izah edib.
2017-ci ildə təsbit edilən İzahedilməz Sərvət Sərəncamları hökumət tərəfindən Britaniyada korrupsiya pullarına qarşı mübarizədə mühüm yeni bir vasitə kimi təqdim olunmuşdu.







