Azərbaycan Premyer Liqasında COVİD-19: Oyunlar təxirə salınır

Şəklin mənbəyi, Getty Images
Premyer Liqada bazar gününə təyin edilən "Qarabağ" - "Qəbələ" qarşılaşması koronavirus testlərinin müsbət çıxmasından sonra təxirə salınıb.
Bu barədə Peşəkar Futbol Liqası (PFL) bildirir.
"Qarabağ" - "Qəbələ" oyunu "Qarabağ"ın heyətində 7 futbolçuda COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün 06.12.2020 tarixdə baş tutmayacaq", - PFL tərəfindən şənbə günü yayılan açıqlamada deyilir.
Məlumata əsasən, XII turun bütün qarşılaşmaları təxirə salınır.
PFL öz saytında oyunların yeni tarixləriylə bağlı əlavə məlumatın veriləcəyini bildirir.



