“Daha deyin ki, ölkəyə heç nə gətirməyin, hamısını Bakıdan üçqat qiymətə alın”, gömrük dəyişikliyinə etirazlar

    • Müəllif, Cəmilə İbrahimova
    • Vəzifə, BBC News Azərbaycanca

Aytən Məmmədli universitetə bu il daxil olub. O deyir ki, təhsililə bağlı xaricdən kompüter almaq istəyib, amma gömrük qaydalarındakı son dəyişiklər onun planlarını yarıda qoyub.

"Düşünürdüm ki, internetlə kompüter alım, araya pandemiya düşdü, indi də gömrükdəki limit azaldıldı. Bakıda satış qiyməti çox bahadır deyə ya gərək zəif kompüter alasan, tez xarab olsun, ya da baha qiymətə. Ona da gücüm çatmır".

Aytən Məmmədli gömrük qaydalarına son dəyişikliklərin onun "tələbə büdcəsinə" xeyli ziyan vurduğunu söyləyir.

Lakin narahat olanlar təkcə tələbələr deyil.

Sentyabrın 21-dən qüvvəyə minəcək qaydalara görə, hər bir vətəndaşın özü ilə xaricdən rüsumsuz gətirə biləcəyi malın dəyəri ayda bir dəfə olmaqla 1500 dollardan 800 dollara, internetdən ala biləcəyi məhsulun dəyəri isə 1000 dollardan 300 dollara endirilib. Bundan başqa, əvvəl müşayiət edilən uşaqlara görə ayrılan 500 dollar limiti də ləğv edilib.

Ölkəyə rüsumsuz gətirilə bilən məhsulun dəyərinin 3 dəfədən çox azaldılması sosial şəbəkələrdə sərt tənqid olunub.

Bir çoxları bu dəyişiklərin xüsusilə pandemiya dövründə iqtisadi əziyyət çəkən əhalinin vəziyyətini çətinləşdirəcəyini yazır.

"Belimiz əyilmişdi, indi lap qırdılar. Xaricdən 4 manata aldığım ülgüc Bakıda 12 manatdır. Daha deyin ki, ölkəyə heç nə gətirməyin, hamısını Bakıdan üçqat qiymətə alın", - Hafiz adlı sosial media istifadəçisi yazır.

Dövlət Gömrük Komitəsi Katibliyinin rəisi Anar Süleymanov BBC News Azərbaycancaya deyib ki, bu dəyişiklərin əsas məqsədi kölgə iqtisadiyyatı ilə mübarizə, malları ölkəyə bütün qanunvericiliklə müəyyən edilmiş ödənişləri ödəməklə gətirən sahibkarın hüquqlarının qorunması və büdcə gəlirlərindən yayınan dövriyyənin ödənişlərə cəlb edilməsi olub.

Anar Süleymanov söyləyib ki, orta statistik Azərbaycan ailəsində rüsumsuz malllara qoyulan limitin keçilməyəcəyini düşünür.

"Əgər Azərbaycan vətəndaşlarının ay ərzində 300 dollar həcmində poçt daşımasına güzəşti varsa, orta statistik Azərbaycan ailəsini heç dörd yox, üç nəfər götürsək, bu, təkcə poçt daşımasına 900 dollar güzəşt nəzərdə tutur. Düşünmürəm ki, hansısa orta statistik Azərbaycan ailəsində bu məbləğdən qat-qat artıq poçt daşıması məbləği olur," - Anar Süleymanov deyir.

Bakı sakini Əli Hüseynov isə bununla razılaşmır. O deyir ki, altı nəfərdən ibarət ailəsinin bütün alış-verişini adətən səfər etdikləri Türkiyədən gətirirdilər. İndi isə bu qayda onlar üçün "sərfəli deyil".

"Mənim ailəm altı nəfərdən ibarət olsa da, dördü azyaşlıdır. Belə çıxır ki, mən xaricə getsəm ancaq iki nəfərin, yəni, böyüklərin haqqına düşən güzəştdən istifadə edə biləcəyəm. Türkiyədəki qiymətlər Azərbaycandan azı 2-3 dəfə ucuz olduğuna görə biz bir dəfə gedəndə bütün il boyu olan ehtiyaclarımızı alırdıq. İndi heç bilmirəm Bakıdakı qiymətlərlə nəyi necə almaq olar".

Keçmiş millət vəkili, iqtisadçı Nazim Bəydəmirli deyir ki, Dövlət Gömrük Komitəsinin bu addımı ilə tələbələr başda olmaqla ən çox informasiya texnologiyalarından yararlanmaq istəyən şəxslər "pis vəziyyətə düşüb".

O hesab edir ki, bu, ölkənin insan faktorunun inkişaf etməsinə əngəl törədir.

"Normal vətəndaş inkişaf etmək üçün informasiya texnologiyalarından yararlanmalıdır. Bu məhsullar ölkəyə gəlmədikcə və ya baha gəldikcə, ondan yararlananlar az olacaq. Nəticə etibarilə, biz həm də inkişaf tempindən geri qalacağıq".

"Həm sadə vətəndaş, həm dövlət, həm də iqtisadiyyat uduzur"

İqtisadçı bu qərarla həm sadə vətəndaşın, həm dövlətin, həm də iqtisadiyyatın "uduzduğunu" söyləyir.

"Dövlət əgər vətəndaşlarını təmin edə bilmirsə, vətəndaşlar əgər özlərini dolandıra bilmirsə, onlar sosial müavinət üçün müraciət edir, nəticə etibarilə dövlət uduzur. Yəni, normal ölkələrdə hökumətlər və gömrük kimi qurumlar vətəndaşın vəziyyətini daha da rahatlaşdırmaq, həmçinin daxili istehsalı stimullaşdırmaq üçün bir çox kompleks addım atır, bizdə isə hokumətin müəyyən qolu süni qiymət artımı yaradır. Bununla da vətəndaşın maliyyə vəziyyətini çətinləşdirir, onun gəlirlərini azladır. Nəticə etibarilə, hamı uduzur: vətəndaş, dövlət, iqtisadiyyat".

Nazim Bəydəmirli deyir ki, Azərbaycanda məsələləri sadələşdirmək əvəzinə müvafiq icra hakimiyyəti orqanları "öz işlərini asanlaşdırmaq, öz proqnozlarını daha yüksək göstərmək üçün" belə addımlar atırlar.

"Bunu da pərdələmək üçün gözəl sözdən haşiyələməyə cəhd göstərirlər. Məsələn, daxili istehsalı qorumaq adı ilə", - iqtisadçı Dövlət Gömrük Komitəsinin dəyişikliklərə səbəb kimi göstərdiyi bəzi məqamlarla razılaşmır, - "Vətəndaşların öz istehlakı üçün gətirdiyi mallar nə cür daxili istehsalı qoruya bilər ki? Biz kompüter ölkəsiyikmi, yüksək texnologiyalarla bağlı hər hansı nailiyyətimizmi var, bir brendimizmi var?" - Nazim Bəydəmirli sual edir.

Dövlət Gömrük Komitəsi Katibliyinin rəisi Anar Süleymanov BBC News Azərbaycancaya bildirmişdi ki, xaricdən məhsul sifariş verərkən ayda 300 dollar limitini keçməmək şərtilə bir neçə dəfə sifariş vermək istəyən vətəndaşlar məhsulları daşıyıcı şirkətlərin anbarında saxlaya və ayda bir dəfə bəyannamə verə bilərlər.

Cənab Bəydəmirli bu cavabı "qeyri-adekvat" hesab edir. O deyir ki, daşıyıcı şirkətlərin məhsulu anbarlarda saxlama qiyməti bahadır və bu, vətəndaşlara sərf etmir.

"Bəyannaməyə havadan rəqəm yazırlar"

Nazim Bəydəmirli deyir ki, bazar iqtisadiyyatında süni qiymət artımı olmasa da, Dövlət Gömrük Komitəsinin son dəyişiklər kimi qərarları "süni qiymət artımı yaradır".

"Vətəndaş və ya şirkət xaricdən mal alır, mal idxal edir. Onun hesab-fakturası var, müqaviləsi var, amma onu qəbul etmirlər. Öz bildikləri, havadan rəqəm müəyyən edirlər. Sən bir telefonu məsələn, 300-ə almısansa, deyir yox, biz bunu 500-dən bəyannamə edirik. Bəyannamədən də tutulan gömrük rüsumu və ƏDV - təqribən 36 faiz həmin əsaslandırılmamış qiymətdən süni qiymət artımı yaradır".

Dövlət Gömrük Komitəsindən BBC News Azərbaycancaya bildiriblər ki, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malın gömrük dəyərinin müəyyən edilməsi sistemi "beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə" əsaslanır.

Qurum açıqlayıb ki, gömrük dəyəri bəyannaməçi tərəfindən qeyd olunsa da, onun düzgünlüyünə gömrük orqanı nəzarət edir.

Komitənin məlumatında deyilir ki, "Gömrük Tarifi haqqında" qanuna əsasən, malların gömrük dəyəri hesablanarkən bu məhsulla eyni vaxtda idxal olunmuş, başqa şəxsə satışmış malın Azərbaycandakı satış qiyməti müqayisə üçün əsas kimi götürülür və bu məbləğdən müəyyən əlavələr çıxılır.

"Gömrük Komitəsi vergi toplamamalıdır"

Nazim Bəydəmirli hesab edir ki, Dövlət Gömrük Komitəsi Gömrük Xidmətinə çevrilməli və ya Vergilər, ya da Maliyyə Nazirliyinə birləşdirilməlidir.

Azərbaycan az ölkələrdən biridir ki, vergini bir neçə qurum toplayır, iqtisadçı deyir.

"Bunlar prosedur orqanlarıdır, icra hakimiyyəti orqanları deyillər, amma bizdə Gömrük Komitəsi icazə verən orqan vəziyyətinə gətirilir. ...Kökündən dəyişiklik olmalıdır və Gömrük Komitəsi Gömrük Xidməti olmalı və mahiyyətcə xidmət göstərməlidir", o deyir.

Aytən Məmmədli hazırki şərtlərlə yeni başlayan tələbə həyatı üçün kompüter almaq istəyini azı bir neçə ay təxirə salmalı və xərclərinə nəzarət etməli olacağını düşünür.

O deyir ki, gömrükdəki yeni qaydalardan sonra Bakıdan "ucuz, amma yararsız" kompüter almaq, yoxsa yenə pul toplayıb xaricdən bahalı kompüter alıb-almamaq barədə qərarsız qalıb.