Azərbaycanda çimərliklər nə zaman açılacaq?

Azərbaycanda Covid-19 vəziyyətilə bağlı çimərliklərin açılması təxirə salınıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bü gün keçirilən brifinqində məlumat verilib.

Prezidentin köməkçisi Şahmar Mövsümov bildirib ki, çimərliklər açılarsa, koronavirusla mübarizədə əldə edilmiş "nailiyyətlər" itirilə bilər.

"Koronavirus bir müharibədir və biz müharibə şəraitindəyik. Biz bu gün çimərliklərin açılmasına hazır deyilik. Əgər çimərlikləri açsaq, əldə etdiyimiz nailiyyətləri itirə bilərik", Azərtac agentliyi cənab Mövsümovun sözlərini iqtibas edir.

Onun sözlərinə görə, çimərlikdə məsafə saxlamaq çətindir, eləcə də çimərliyə gedəndə insanların eyni yerdən su, yemək alması yoluxma riskini artırır.

"Üçüncü risk isə odur ki, çimərliyə insanlar bir ərazidən deyil, Bakının hər bir hissəsindən gedirlər ki, bu da yoluxmanı yaya bilər".

Şahmar Mövsümov çimərliklərdən istifadə ilə bağlı qaydaların hazırlandığını bildirib.

"Avqustun 5-dək biz bunu edə bilməyəcəyik. Əgər əmin olsaq ki, biz bunu həyata keçirə bilərik, növbəti mərhələdə bu barədə düşünüləcək".

O deyib ki, son günlərin statistikasına nəzər yetirdikdə sağalanların sayının artmasını, yoluxanların sayının isə azalmasını müşahidə edilir.

"Ümidvarıq ki, yoluxma sayında azalma tendensiyası davam edəcək. Nə qədər çox müsbət tendensiya olsa, biz növbəti mərhələlərdə daha çox sahələrdə açılışlara gedə bilərik."

Koronavirusla bağlı vəziyyət necədir?

Azərbaycanda koronavirusa təkrar yoluxma halı qeydə alınmayıb, bunu Səhiyyə Nazirliyinin Aparatının rəhbəri bildirib.

Nadir Zeynalovun sözlərinə görə, hazırda 12 min 862 nəfər ambulator müşahidə altındadır və onlardan 8 mindən çoxu Covid-19 testinin nəticəsi mənfi olanlar, xəstəxanadan çıxmış və nəzarəti ev şəraitində davam etdirilənlər, Covid-ə yoluxmuş şəxslərlə təmasda olmuş vətəndaşlar, testin nəticəsi mənfi olsa da, əlamətləri şübhəli olan vətəndaşlardır.

Digərləri yüngül əlamətləri olan və ya əlamətləri olmayan şəxslərdir.

O qeyd edib ki, hər gün poliklinikaların nəzdində yaradılmış xüsusi məntəqələrə koronavirusla əlaqədar 400-500 arası müraciət olur.

"Hazırda müayinə üçün götürülən yaxmaların sayı 6 minə yaxındır. Onların əksəriyyəti ev şəraitində götürülür. Az miqdarını isə birbaşa məntəqələrə müraciət edən vətəndaşlardan götürülən yaxmalar təşkil edir", - Nadir Zeynalov əlavə edib.

Azərbaycanda indiyədək bu virusa yoluxanların sayı 27 mini, yoluxma nəticəsində ölənlərin sayı isə 360-ı ötüb.

Rayonlara gediş-gəliş bərpa olunacaqmı?

Şahmar Mövsümov onu da bildirib ki, rayonlarda yoluxmanın artmasına səbəb ilk karantin elan ediləndə bəzi insanların rayonlara axışması olub.

O deyib ki, koronavirus "nəzarət altına alınan zaman ilk atılacaq addımlardan biri" rayonlara gediş-gəlişin bərpası olacaq.

"Yoluxmaların sayını idarə olunan bir səviyyəyə gətirək. ... Ən ideal variantda biz bilməliyik ki, hər yoluxan insan hardadır və o kimdən yoluxub. Biz buna nail olsaq, artıq epidemiya nəzarət və idarə olunan bir formaya düşəcək", deyə o, vətəndaşları səbirli olmağa çağırıb.

Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb.

Azərbaycanda martın 24-dən tətbiq olunan karantin rejimi aprelin 27-dən yumşaldılıb. İyun ayından sərtləşdirilən karantin rejimi ilə yanaşı, həftəsonları ev təcridi də tətbiq olunmağa başlayıb. Bakı və 13 rayon və şəhərdə sərt karantin rejimi avqustun 5-nə, xüsusi karantin rejimi isə avqustun 31-dək uzadılıb.

Bundan başqa, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları (25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək və 1 avqust saat 00:00-dan 3 avqust saat 06:00-dək) bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq, Azərtac iyulun 17-də bildirib.