"Dedim ki, islahatlar ləng gedir, insanlar onu heç cür hiss edə bilmirlər" - Prezident köməkçisi ilə görüşdə nə danışılıb?

bu gün Azərbaycan Anar Ələkbərov Çingiz Abdullayev Qənirə Paşayeva Erkin Qədirli Fərhad Bədəlbəyli

Şəklin mənbəyi, Azərtac

    • Müəllif, Aygül Mehman
    • Vəzifə, BBC News Azərbaycanca

Azərbaycanda bir qrup ictimai xadim və ziyalılar Prezident İlham Əliyevin köməkçisi Anar Ələkbərovla görüşdə ölkədə koronavirus pandemiyası ətrafında aparılan işlər, Tovuz döyüşləri və media və sosial şəbəkələrdə müzakirələr barədə danışıblar.

Görüşdən sonra BBC News Azərbaycancaya danışan bəzi iştirakçılar görüşdə "xeyli tənqidi fikir səsləndirilməsindən", "verdikləri bir çox suallara cavab aldıqlarından" və "konkret təkliflərdən" bəhs ediblər.

Onların sözlərinə görə, Prezidentin şəxsən iştirak etdiyi mədəniyyət işçiləri ilə 2019-ci ildəki görüşdən fərqli olaraq bu, "işgüzar görüş" olub.

"Görüşün formatı və mövzusu əvvəldən elan olunub"

Media mütəxəssisi Qulu Məhərrəmli deyir ki, 21 iyul görüşündən əvvəl "əsasən iki mövzunun müzakirə olunacağı elan olunub".

"Birincisi, pandemiya ilə əlaqədar görülmüş işlər. Hökumətin fəaliyyəti, uğurları, nöqsanları - bax, bunlar barədə danışıldı."

Onun sözlərinə görə, ikinci məsələ - son günlər Azərbaycan-Ermənistan sərhəddində, Tovuz bölgəsində olan toqquşmalar və bundan irəli gələn problemlər, cəmiyyətdə həmrəylik, informasiya müharibəsi, sosial şəbəkələrdə Azərbaycana qarşı təxribatlar, onun qarşısının alınması ilə bağlı vəzifələr barədə olub.

İndiki görüşü Prezidentin 2019-cu ildə mədəniyyət işçiləri ilə görüşü ilə müqayisə edən Qulu Məhərrəmli deyir ki, "bu, əsasən işgüzar görüş olub."

"Orada əsasən işgüzar olmayan, cəmiyyətdən gələn mesajların toplusunu bütünlüklə duya bilməmişdim. Bu görüşdə isə xeyli məsələlərə toxunuldu. Burada təkcə sosial məsələlər deyildi. Cəmiyyətdə dialoq məsələsi, həmrəylik məsələsi, informasiya, medianın durumu, indiki karantin şəraitində insanların problemlərinin yüngülləşdirilməsi məsələsi müzakirə olundu".

"Konkret təkliflər və tənqidlər oldu" deyən Qulu Məhərrəmli vurğulayır ki, "həmin tənqidlərə və təkliflərə də çox gözəl münasibət oldu. Görüşdən-görüşə fərq var. Sıxıntı yox idi və insanlar fikirlərini çox rahat ifadə edirdilər".

Onun sözlərinə görə, "birinci təklif karantin rejiminin nisbətən yüngülləşdirilməsi"olub.

"Təklif olundu ki, çimərliklər açılsın. Evdə qalan işlə təmin olunmayan əhalinin güzəranının yaxşılaşdırılması ilə bağlı tədbirlər görülsün. 190 manatı ala bilməyən şəxslərin problemləri həll olunsun. Həkimlərin şəraiti və maaşının yaxşılaşdırılması, ölənlərin ailələrinə yardım təklifləri Çingiz Abdullayev, Fərhad Bədəlbəyli, Azər Qərib tərəfindən səsləndirildi. Yəni, bunları biz Prezidentin köməkçisinə çatdırdıq."

Qulu Məhərrəmli bildirib ki, "Qarabağla bağlı əsas məsələ medianın durumu ilə bağlı olub."

"Belə bir təklif olundu ki, biz medianın durumu üçün ayrıca toplantı edək. Ora jurnalistlər, media mütəxəssisləri dəvət olunsunlar. Peşəkar insanlar - Arif Əliyev və Mehman Əliyev kimi insanlar dəvət olunsunlar və bu məsələ ayrıca müzakirə olunsun. Hərbi jurnalistika ilə, yəni, ixtisaslaşma ilə bağlı məsələlər dönə-dönə səsləndirildi."

"Əhali ilə danışmaq lazımdır"

Yazıçı Çingiz Abdullayev BBC News Azərbaycancaya deyir ki, "toxunulan problemlər əsasən pandemiya ilə bağlı" olub.

"Bilirsiniz problemlər çoxdur. İnsanlar qohum-əqrəbalarının ölü yerinə gedirlər. Yayılır. Amma yası heç kim bağlaya bilmir, axı. Birinin bacısı ölür, ya qardaşı, digərinin yaxını ölür. Bu adamların maarifləndirilməsinə ehtiyac var ki, heç olmasa maskadan istifadə etsinlər. Əhalini başa salmaq, onlarla danışmaq lazımdır", - cənab Abdullayev deyib.

O deyir ki, üç saatdan çox davam edən görüşdə koronavirus məsələsindən başqa müharibə probleminə, sosial şəbəkələr probleminə də toxunulub: "Sosial şəbəkədə hansı yalanı istəyirlər yayırlar. Onun qarşısını da heç kim ala bilmir. Çox idi məsələlər."

Mədəniyyət işçiləri ilə görüşdən sonra yaradıcı insanların və təşkilatların təkliflərinin "hamısının" yetirə yetirildiyini deyən Çingiz Abdullayev "bu dəfə də deyilənlərin mütləq həyata keçiriləcəyinə inandığını" qeyd edib.

"Dəvət gözlənilməz oldu"

Hüquqşünas Aslan İsmayılov deyir ki, "bu görüşə dəvət alması onun üçün gözlənilməz olub."

Cənab İsmayılov bildirib ki, görüş o qədər sərbəst keçirilib ki, "heç kim tənqidi fikir bildirməkdən çəkinməyib", eləcə də "görüşdə iştirak edən şəxslərin heç birindən hakimiyyətə yarınmaq üçün hansısa ifadəni işlətdiyini eşitməyib".

Aslan İsmayılov deyir ki, görüşdə onun ilk toxunduğu problem "məmur-oliqarxlar tərəfindən zəbt olunmuş çimərliklərin azad edilməsi olub": "Dedim ki, uzun illərdir bu böyük problem öz həllini tapa bilmir."

Cənab İsmayılov ikinci toxunduğu məqamın "pandemiya ilə bağlı testlərin baha olmasından, bəzi dərman preparatlarının qiymətinin bir neçə dəfə bahalaşmasından, maska qiymətlərinin baha olması və maskaların keyfiyyətinin aşağı olması ilə bağlı olduğunu" deyib.

Aslan İsmayılov görüşdə həmçinin "Prezidentin ayırdığı 3 milyard və "Koronavirus Fondu"na toplanmış vəsaitlə bağlı insanlara hesabatların verilmədiyini qeyd etdiyini" vurğulayır:

"Daha sonra 110 milyondan artıq pul toplanmış Koronavirus Fondu ilə bağlı danışdım. İnsanların bu pulların taleyindən xəbərsiz olduqlarını və məlumat almaq istədiklərini bildirdim. Ondan sonra Anar müəllim çıxışında "Kubadan və başqa ölkələrdən peşəkar həkimlər dəvət etdiklərini" bildirdi. Mən də öz növbəmdə, öz günahları ucbatından olmayaraq, Azərbaycanın xaricdə işləyən minlərlə istedadlı, savadlı gənc həkimlərinə elə şərtlər təklif etməlidirlər ki, bu həkimləri ölkəyə qayıtsınlar dedim."

"İslahatlar ləng gedir... insanlar onu heç cür hiss edə bilmir"

Aslan İsmayılov görüşdə "hakimiyyətin islahat komandasına etimad göstərdiyini, bunu bir ildən artıqdır dəstəklədiyini, lakin bu islahatların ləng getdiyini" də səsləndirdiyini deyib.

"Mən görüşdə Anar Ələkbərova dedim ki, islahatlar o qədər ləng aparılır ki, insanlar onu hələ ki, gündəlik həyatlarında heç cür hiss edə bilmirlər. İslahatın ləngliyi sevmədiyini də qeyd etdim. İslahat sürətli olmalıdır ki, insanlar onu hiss etsin."

Görüş barədə yazılan rəsmi məlumatlara da irad bildirən Aslan İsmayılov deyir ki, "guya ordakı ziyalılar təxminən iki məsələ qaldırıblar. Birincisi görüşə görə təşəkkür ediblər. İkincisi isə guya xaricdə yaşayan və sosial şəbəkədə olan təhqir və böhtanlardan danışıblar. Xeyr, bu belə olmayıb. Oraya toplaşan ziyalılar Azərbaycan cəmiyyətini narahat edən bütün problemləri qaldırdılar. Məsələn, Qənirə Paşayeva cəbhə bölgəsində olan problemləri detallarına qədər elə xırdaladı ki, göründü ki, o həmin problemləri yerli icra orqanlarından daha yaxşı bilir."

Aslan İsmayılov deyir ki, o xaricdə yaşayan və Azərbaycanda baş verənlərə "aqressiv yanaşan şəxslərlə bağlı" deyib ki, "bu şəxslərə aqressiv cavab verməklə yox, onlara ölkədə islahatların getdiyini izah etmək lazımdır. Hakimiyyətin onları bu islahatlara inandırmaqla təhqiredici ifadələrdən çəkindirə biləcəyini dedim."

Cənab İsmayılov deyir ki, "görüşdə sosial şəbəkələrlə bağlı məsələni hamı qaldırıb": "Lakin Çingiz Abdullayev dönə-dönə qeyd etdi ki, hansısa qadağalar vasitəsilə sosial şəbəkə ilə mübarizə heç bir effekt verə bilməz."

Hüquqşünas "verdiyi təkliflərdən birinin də ziyalıların belə görüşlərinin davamlı olması ilə bağlı olduğunu" deyib.

Aslan İsmayılov bildirib ki, "Anar Ələkbərov bəzi suallara cavab verməyib, lakin o görüş iştirakçılarını əmin edib ki, verilən sualların hamısına yaxın günlərdə cavab veriləcək."