Azərbaycan-Ermənistan sərhədində "nisbi sakitlikdir"

İyulun 12-dən bəri davam edən aktiv qarşıdurma ardınca Azərbaycan-Ermənistan sərhədində "nisbi sakitliyin" yarandığı xəbər verilir.

Azərbaycan sutka ərzində "cəbhənin müxtəlif istiqamətlərində" atəşkəs rejiminin 53 dəfə pozulduğunu bildirib.

"Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub".

Azərbaycanın Müdafiə Nazirliyi qarşı mövqelərdən açılan atəşin cavab "atəşi ilə susdurulduğunu" bildirir.

"Hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlikdir, yaşayış məntəqələrimiz atəşə tutulmur, amma ümumilikdə gərginlik davam etməkdədir," - şənbə günü Azərbaycan Müdafiə Nazirliyi bildirib.

"Nisbi sakitlik"

Ermənistandan daxil olan məlumata əsasən, dünən axşamdan bu gün səhərədək Ermənistan-Azərbaycan sərhədində nisbi sakitlik hökm sürüb.

"Azərbaycan Silahlı Qüvvələri odlu silahdan Movses, Zanqakatun, Xndzoresk kəndləri yaxınlığında yerləşən mövqelərimiz istiqamətində nişanəsiz atəş açıblar", - Facebook səhifəsində nazirliyin mətbuat katibi yazıb.

Şuşan Stepanyan, tanınmamış "DQR Müdafiə Nazirliyinin rəsmi saytında" dərc olunmuş məlumata istinad edərək, " Qarabağ Müdafiə Ordusunun hava hücumundan müdafiə bölmələri tərəfindən sərhədin şimal-şərq istiqamətində qarşı tərəfin kəşfiyyat uçuşu edən "ORBITER-3" pilotsuz uçuş aparatı" vurulduğunu qeyd edib.

Azərbaycan tərəfi bu iddiaya münasibət bildirməyib. İyulun 12-dən başlayan sərhəd qarşıdurmasında itkilər barədə məlumatlar ziddiyyətli qalır.

Azərbaycan 12 hərbçisini və bir mülki şəxsi, Ermənistan isə 4 hərbçisini itirdiyini açıqlayıb.

Tərəflər atəşkəsin pozulmasına görə bir-birlərini ittiham edirlər.