You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Ermənistan: Tavuşda "51 obyektə zərər vurulub"
İyulun 12-dən bəri Tavuş vilayətinin yaşayış məntəqələrində Ermənistanın 51 obyektə zərər vurulub, Ermənistan-Azərbaycan sərhədində yerləşən Tavuş vilayətinin qubernatoru Hayk Çobanyan İcevanda yaradılmış Fövqəladə İnformasiya Mərkəzində brifinq zamanı deyib.
Onun sözlərinə görə, 4 infrastruktur obyekti, 4 nəqliyyat vasitəsi korlanıb, 41 tikili dağıdılıb.
51 obyektin 29-u bu günədək, 22-i bu gün dağıdılıb və 2 ev heyvanı məhv olub.
Çobanyan deyib ki, iki bina tamamilə dağılıb ki, bunlar da yenidən tikilməlidir, qalanı təmirlə bərpa etmək olar.
O, hökumət qərarı ilə bərpaetmə işlərin dərhal başlanıldığını deyib.
Qubernator eləcə də deyib ki, iki su kəməri sıradan çıxarılıb, amma onların bərpası atışma şəraitində mümkün deyil.
Azərbaycan tərəfi də cümə axşamı günü səhər saatlarında Tovuzun Dondar Quşçu kəndiniə atılan mərmilərin yaşayış evlərinə və bir neçə həyətyanı sahəyə düşdüyünü, evlərə və və şəxsi təsərrüfatlara ciddi ziyan dəydiyini açıqlayıb.
Video açılmırsa, YouTube kanalımızda izləyin.
Azərbaycanın Müdafiə Nazirliyi Tovuz istiqamətində gedən döyüşlər zamanı "Ermənistan silahlı qüvvələrinə məxsus kazarmanın məhv edildiyini" bildirib.
Qurum bununla bağlı video da paylaşıb.
Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan bu məlumatı təkzib edərək, "İlk kadrda aydın görünür ki, zərbə Fövqəladə Hallar Xidmətinin maşınına tuş gəlib", - o deyib.
O, videonun "montaj" edildiyini güman edib.
Bu gün daha əvvəl Azərbaycan Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatının Ermənistan Fövqəladə Hallar Xidmətinin maşını vurduğu xəbər verilmişdi.
Ermənistan tərəfi insan itkisi olmadığını, FHX missiyasının nümayəndələrinin həmin vaxt dronun atəşi ilə yaralanmış Çinari kənd sakininə yardım göstərdiklərini qeyd edib.
Tovuz istiqamətində bazar günündən bəri davam edən döyüşlərdə Azərbaycan biri general-mayor olmaqla, 12 hərbçisini itirib, bir mülki şəxs də ölüb.
Ermənistan indiyədək dörd hərbçisini itirdiyini bildirib. Atəşkəsin pozulmasına görə tərəflər bir-birini ittiham edir.