Bakıda boya fabrikindəki yanğın zamanı xəsarət alanlar var- Video

Video açılmırsa, YouTube-da izləyin.

Şənbə günü axşam saatlarında Bakının Binəqədi rayonunda Sobsan boya fabrikinin ərazisində baş vermiş yanğın tam söndürülüb, xəsarət alanlar var. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat (FHN) yayıb.

Yanğının səbəblərinin araşdırıldığı bildirilir.

Nazirlik bildirib ki, yanğın zamanı FHN-in 5 əməkdaşı xəsarət alıb, 4 nəfərə yerində yardım göstərilib, 1 nəfər isə Toksikologiya mərkəzinə yerləşdirilib.

Yanğın nəticəsində 3000 kv.m. ərazinin yandığı açıqlanıb.

Nə baş verib?

Yanğın şənbə günü Bakı vaxtı ilə təxminən axşam saat 8 radələrində başlayıb, partlayış səsləri eşidilib.

Şahidlərin BBC News Azərbaycancaya bildirdiklərinə görə, yanğın ara-sıra söndürülsə də, baş verən partlayışlar yanğının səngiməsinə imkan verməyib.

Onlar yanğının "şiddətli" olduğunu bildiriblər.

BBC News Azərbaycancanın hadisə yerinə yaxın olan müxbiri xəbər verib ki, ətrafa kəskin boya iyi yayılıb.

Yerli mediada yayılan görüntülərdə başı qanamış bir kişinin Təcili Tibbi Yardım maşınına mindirildiyi görünür.

Müxbirimiz hadisə yerinə tərəf bir neçə Təcili Tibbi Yardım və yanğınsöndürən maşınların, su çənləri ilə dolu maşınların getdiyinə şahid olub.

Yaxınlıqda yaşayanlar hadisə yerində olan müxbirimizə deyiblər ki, onlar yanğın partlayışla müşayiət olunduğu gecə evdə qalmaqdan narahatdırlar.

"Çixıb çöldə gözləyirlər", müxbirimiz deyir.

Yaxın binalarda yaşayanların sözlərinə görə, küllər yaxınlıqdakı binaların üzərini qaraldıb.

Başqa bir şahid, Bakının Rəsulzadə qəsəbəsində yaşayan Natiq Zülfüqarov BBC News Azərbaycancaya bildirib ki, saat 20.40-da göyün üzünün qəfil qaraldığını görüblər: "Az sonra göydən kül yağmağa başladı. Göy üzü qara tüstü idi".

Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov şənbə günü BBC News Azərbaycancaya bildmişdi ki, bu saatlara qədər onlara bu yanğınla bağlı zəhərlənən şəxs gətirilməyib.

"Xoşbəxtlikdən bu sənaye müəssisəsi yaşayış ərazisindən kənarda yerləşir, sakinlər ancaq tüstünü görürlər. Amma təbii ki, boya qoxusu kəskindirsə, yaxınlıqdakı adamlar zəhərlənə bilər. Amma bu saata qədər zəhərlənmə ilə kimisə gətirməyiblər".

Yollar bağlı olduğu üçün hadisə yeri yaxınlığında yaşayanların avtomobillərini yolda saxlayaraq piyada evlərinə getdikləri bildirilib.

Hadisə yerinə Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov gedib, Azertac agentliyi bildirib.

Yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların Nazirliyin müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilib.

Apa xəbər verir ki, yanğın güclü olduğundan yaxınlıqdakı binalara keçmək ehtimalı var.