Şahzadə karantinə görə cərimələnib, prezident oğlunun ov səfəri 75 min dollardan baha başa gəlib

Şəklin mənbəyi, Getty Images
Covid 19-a qarşı dərman sentyabr ayında hazır ola bilər
ABŞ-ın nəhəng dərman şirkəti Eli Lilly bildirib ki, test mərhələsində olan iki antikorun öyrənilməsində bir problem olmazsa, Covid-19-a qarşı hazırladıqları dərman sentyabr ayında istifadəyə hazır ola bilər.
Şirkətin baş elmi işçisi Daniel Skovronsky Reuters-ə açıqlamasında deyib ki, qarşıdakı həftələrdə insanların üzərində klinik təcrübələrə başlanıla biləcək üçüncü antikor üzərində də işləyirlər.
Şirkət iki eksperimental müalicəsində insanların üzərində təcrübələrə başlamışdı.

Şəklin mənbəyi, Getty Images
Şahzadə karantinə görə cərimələnib
Belçika şahzadəsi İspaniyada karantin qaydalarını pozduğuna görə 10.400 avro cərimələnib.
Şahzadə Joachim-ə ölkəyə gəldikdən sonra 14 günlük karantində qalmaq qaydasına əməl etmədiyi üçün cəza verilib.
28 yaşlı şahzadə mayın 24-də təcrübə keçmək üçün İspaniyaya gedib, lakin iki gün sonra ölkənin cənubundakı Cordoba şəhərində bir məclisdə iştirak edib.
O, buna görə üzr istəyib.
"Mən hərəkətlərimdən çox təəssüflənirəm" - şahzadə ötən ayın sonlarında İspaniya mətbuatında onun iştirak etdiyi məclis haqqında yayımlanan xəbərlərin ardından deyib. O əlavə edib ki, hərəkətlərinin "nəticələrini qəbul edəcək".

Şəklin mənbəyi, Getty Images
Prezident oğlunun ovu
ABŞ Prezidenti Donald Trump-ın böyük oğlu və nəvəsinin keçən il Monqolustana ov səfəri ABŞ vergi ödəyicilərinə 75 min dollardan baha başa gəlib.
Vaşinqtonda "Məsuliyyət və Etika Tərəfdarları Vətəndaşlar"-ın verdiyi məlumata görə, Donald Trump-ın oğlu Monqolustanda nadir dağ qoyunu ovlayıb, daha sonra ölkə prezidenti ilə görüşüb.
Onlar bildirib ki, pulun böyük hissəsi gizli xidmət qorumasına xərclənib.
Araşdırmaçıların sözlərinə görə, Trump ailəsi Obamalardan 12 qat çox səyahət ediblər.
Araşdırmaçı qrupun hesabatı Trump ailəsini əvvəlki hakim ailədən əsasən istirahət üçün olmaqla 1000 səfər daha çox etməkdə və bununla da gizli xidmətlərin maliyyələrini tükətməkdə günahlandırıb.
Trump-ın oğlu olan kiçik Donald Trump-ın əməkdaşı CNN-ə bildirib ki, ötən avqustda səkkiz günlük səfər, təhlükəsizlik detalları istisna olmaqla, xüsusi olaraq ödənilib.








