You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Milli Şura geyləri təhqirə görə tənqid olunur
Demokratik Qüvvələrin Milli Şurası internet vasitəsilə keçirdiyi iclası zamanı geyləri təhqir edən fikirlərin səslənməsinə görə tənqid olunur.
Sosial mediada Milli Şuranın sədri Cəmil Həsənli, üzvləri Gültəkin Hacıbəyli, Qənimət Zahid, Rafiq Manaflı, Eldəniz Quliyev və digərlərinin iştirak etdiyi onlayn iclasının görüntüləri yayılıb.
Həmin görüntülərdə Milli Şuranın bəzi üzvləri ABŞ-da yaşayan azərbaycanlı jurnalist İsmayıl Cəlilov və onun statusları haqqında danışır, onu müzakirə edir və geyləri bir neçə dəfə təhqir edirlər.
Sözügedən videoda Milli Şuranın üzvü, keçmiş millət vəkili və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin keçmiş üzvü Gütəkin Hacıbəyli geylər barədə danışarkən "üzdəniraq" ifadəsi işlədir.
"Çünki biləsiniz ki, Qərbin bir nömrəli prioriteti bu azlıqların hüquqlarıdır, bu üzdəniraqlardır. Ona görə də, onlar çox həssas yanaşırlar", - Gültəkin Hacıbəyli iclasda deyir.
Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclis sədri, Milli Şura üzvü Rafiq Manaflı da iclasda jurnalistin ünvanına təhqiramiz ifadələr işlədir.
Daha sonra o, "mən təəssüf edirəm ki, Hitler o vaxt geyləri qırıb qurtarmadı"deyir.
Bundan sonra iclasda iştirak edən Milli Şura üzvü Qənimət Zahidin "iclasımız canlı yayıma gedir, ehtiyatlı ol" dediyi eşidilir.
"Yolverilməz"
BBC News Azərbaycanca iclasda iştirak etmiş və iclasın yayılan hissəsi zamanı səslənənlərə gülümsəməkdən başqa reaksiya vermədiyi görünən, Milli Şura sədri Cəmil Həsənli ilə əlaqə saxlamağa çalışsa da, nail olmayıb.
Buna baxmayaraq, Cəmil Həsənli sosial şəbəkə hesabında görüntülərin "məqsədli şəkildə" kəsildiyini və kəsilən hissədə Rafiq Manaflının ifadələrinə etiraz edildiyini bildirib.
O, Rafiq Manaflının cinsi azlıqlar barədə işlətdiyi ifadələri "yolverilməz" adlandırıb.
"Əgər videonun davamı təqdim edilsəydi aydın olardı ki, belə yolverilməz ifadələrə, xüsusiylə Rafiq Manaflı bəyin çıxışına elə toplantının gedişində kəskin etiraz edilib və belə leksikonun yolverilməz olduğu, Milli Şuranın prinsipləri ilə ziddiyyət təşkil etdiyi onun nəzərinə çatdırılmışdı" - Cəmil Həsənli Facebook-da yazıb.
Yayılan görüntülərdə Cəmil Həsənlinin Gültəkin Hacıbəyli və Rafiq Manaflının cinsi azlıqlara qarşı işlətdikləri ifadələrə güldüyü görünür.
Ancaq daha sonra Cəmil Həsənli açıqlayıb ki, "Milli Şura heç bir milli, etnik, dini, irqi, cinsi fərq qoymadan bütün vətəndaşların, o cümlədən LGBT vətəndaşların təməl hüquqlarını müdafiə edir, öz fəaliyyətində bu prinsipləri üstün tutur".
"Konkret şəxs barədə"
Milli Şura üzvü, keçmiş millət vəkili Gültəkin Hacıbəyli deyir ki, o, iclasda cinsi azlıqlar barədə yox, konkret bir şəxs barədə danışıb.
O iddia edir ki, İsmail Cəlilov bundan əvvəl onu və Milli Şuranı sistematik olaraq təhqir edib.
"İsmail Cəlilov məni mənim videoda istifadə etdiyim ifadələrlə müqayisə edilməyəcək dərəcədə ağır ifadələrlə təhqir edib. Əgər bir şəxs vaxtilə hakimiyyətə yaxın olubsa, parlamentdə təmsil olunubsa və sonra idarəetmənin yanlış yöndə aparıldığını görəndən sonra hakimiyyətlə məsafə saxlayıbsa, niyə ona qarşı ən aşağılayıcı davranış olmalıdır?".
Gültəkin Hacıbəyli deyir ki, onun iclasda istifadə etdiyi fikirlərin "heç bir halda cinsi azlıqlara aidiyyəti yoxdur".
"Mən bununla bağlı üzrxahlığımı yazmışam. Əgər kimsə Azərbaycanda bir cinsi azlığın, qrupun üzvü bunu öz üzərinə götürübsə, bu, yanlışdır. Yanlış anlaşma nəticəsində bu fikirləri öz üzərinə götürəcək şəxslərə görə üzrxahlıq etdim. Mən kimliyimə görə Avropaya inteqrasiya tərəfdarıyam və insan hüquqlarının tərkib hissəsi olan LGBT, eləcə də qadın hüquqlarının müdafiə olunmasının tərəfdarıyam. Hesab edirəm ki, insanların hüquqları onların insan olduğuna görə qorunmalıdır, mənim üçün onların şəxsi həyatı önəmli deyil".
Gültəkin Hacıbəyli deyir ki, iclas zamanı o, Cəmil Həsənli, Rahim Hacıyev və digər üzvlər Rafiq Manaflının cinsi azlıqlarla bağlı ifadələrinə etiraz edib, bu ifadələrin "nöqsanlı müqayisə" olduğunu bildirib.
"Şok keçirdim"
Milli Şuranın iclasında barəsində danışılan jurnalist İsmail Cəlilov deyir ki, yayılmış videonu görəndə "şok keçirib".
O bildirir ki, videoda öz adını eşidəndə həyəcan keçirib və ilk əvvəl məsələni başa düşməyib.
"Mən elə bildim ki, bu, kiminsə canlı yayımıdır. Sonra Gültəkin xanımın dilindən təhqiramiz söz eşidəndə şoka düşdüm ki, bu adam bunu canlı yayımdamı deyir? Gültəkin xanım "gey" sözünü işlədəndə üzr istədi, amma təhqiramiz söz işlədəndə üzr istəmədi".
İsmail Cəlilov deyir ki, indiyədək Gültəkin Hacıbəyli haqqında danışarkən yalnız onun siyasi fəaliyyəti barədə danışıb, şəxsi həyatına isə toxunmayıb.
Jurnalist Gültəkin Hacıbəylinin sosial şəbəkə hesabındakı üzrxahlığı "səmimi hesab etmir" və deyir ki, "ona görə üzr istənildi ki, ifşa olundular".
"Gültəkin Hacıbəyli yazır ki, bizim iclas qapalı idi. Dedim ki, bəs, mənim yataq otağımın qapılarını mən sizə nə zaman açmışam? Mənim ailə münasibətlərim qapalı deyil? Bunun əri belə, bunun əri elə deyə-deyə gülürsünüz. Bu düzgündürmü?", - İsmail Cəlilov sual edir.
Cənab Cəlilov deyir ki, Milli Şuradan "səmimilik" gözləyir, lakin o, bu addımın atılmayacağını hesab edir.
O iddia edir ki, Cəmil Həsənlinin sözügedən statusundan sonra Milli Şuranın üzvlərindən biri bu gün onu yenidən təhqir edib.
Video necə yayılıb?
Milli Şuranın sədri Cəmil Həsənli videonun yayılmasını "kibercinayətkarlıq" adlandırıb.
Cənab Həsənli bu məsələdə Azərbaycan hakimiyyətini və Dövlət Təhlükəsizliyi Xidmətini günahlandırır.
"Milli Şuranın qapalı iclasının video materialının yazılması və yayılması Azərbaycan hakimiyyətinin kibercinayətkarlıqla məşğul olduğunun daha bir təsdiqidir. Faktiki olar Dövlət Təhlüksizliyi Xidməti ölkə qanunlarının və Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərin, qoşulduğu beynəlxalq konvensiyaların, o cümlədən Birləşmiş Millətlərin kibercinayətkarlığı qadağan edən sənədinin əksinə olaraq müxalif ictimai-siyasi qurum olaraq Milli Şuranı izləyib, onun toplantılarını yazıb və ondan siyasi məqsədlər üçün istifadə edib".
Cəmil Həsənli söyləyir ki, baş verən kibercinayətkarlıq Azərbaycan hakimiyyətinin "pandemeya dövründə öz əleyhdarlarını təqib etməsinin daha bir ifadəsidir".
Gültəkin Hacıbəyli də videonun yayılmasını "kibercinayət faktı" adlandırıb.
O, bu məsələdə Azərbaycan hakimiyyətini günahlandırır.
"Bu, Azərbaycanda azadlıqların, şəxsi toxunulmazlıq hüquqlarının, siyasi fəaliyyət azadlıqlarının ən elementar səviyyəsinin artıq qapanmasını sübut edir. Bizim qərargahlarımız əlimizdən alınıb, kirayələdiyimiz ofislərdən çıxarıblar, buna görə də sosial şəbəkələrdən başqa toplantı keçirməyə yerimiz yoxdur. İndi hökumət bizim əlimizdən bu imkanı da alıb. Bu, böyük rüsvayçılıqdır".
Gültəkin Hacıbəyli deyir ki, "bütün imkanlardan istifadə edərək Azərbaycan hakimiyyətinin bu əməlini dünya ictimaiyyətinə çatdırmağa çalışacağıq".
Gültəkin Hacıbəyli görüntülərin iclasda iştirak edənlər tərəfindən yayılma ehtimalını qəbul etmir.
Milli Şura üzvü deyir ki, görüntülərin yayılması məsələsi ilə bağlı həm Azərbaycan, həm də Avropa məhkəməsinə müraciət edəcəklər.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli videonun qurumun "xəbəri olmadan" yayıldığını düşünür.
O hesab edir ki, bunu internet texnologiyaları mütəxəssisləri qısa zamanda aydınlaşdıra bilər.
"İcazəsiz şəkildə yayılan video ya iştirakçıların biri tərəfindən bilərəkdən yazılaraq arxivləşdirilib, ya da kiminsə kompüterinə kənar müdaxilə olub", o belə deyir.
"Ancaq həmin müzakirədə səslənən qeyri-etik ifadələrə görə həmin ifadələrin müəlliflərinin siyasi və ictimai qruplardan, o cümlədən demokratik dəyərlərin müdafiəçisi olan vətəndaşlardan üzrxahlıq borcu var", o əlavə edib.