ÜST təmsilçisi: "Yumşaldılmadan 7-10 gün sonra hökumət bəlkə karantin rejimini təkrar tətbiq edəcək"

Bakı, koronavirus

Şəklin mənbəyi, Aziz Karimov/Getty Images

Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması qərarından 7-10 gün sonra hökumət bəlkə də karantin rejimini təkrar tətbiq edəcək.

Cümə günü Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə nümayəndəliyinin keçirdiyi brifinqdə qurumun Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı deyib.

Azərbaycanda koronavirus infeksiyasının yayılması ilə bağlı son vəziyyəti dəyərləndirən Hande Harmancı "indiyədək ölkədə 300 tibb işçisinin koronavirusa yoluxduğunu və 140 mindən çox şəxsin test edildiyini" bildirib.

Azərbaycanın mayın dördündən etibarən yumşaldılma tədbirlərini davam etdirəcəyi ehtimalına gəlincə, qurum nümayəndəsi bunun "bütün dünyada baş verdiyini, insanların uzun müddətli içəri qapadılmasının mümkün olmadığını və karantin rejiminin iqtisadiyyata pis təsirinin nəzərə alınmalı olduğunu" bildirib.

Azərbaycanda martın 24-dən tətbiq olunan xüsusi karantin rejimi aprelin 27-dən yumşaldılmağa başlayıb.

"Gec və ya tez olduğunu rəqəmlərə baxıb görəcəyik"

Dünyada "virusa qarşı güclü immunitetin olub-olmamasının bəlli olmadığını" bildirən Hande Harmancı "yumşaldılmaya gedildikdən sonra ÜST-ün müşahidələrini davam etdirəcəyini" bildirib.

"İnsanları heç bir yerdə uzun müddət qapalı saxlamaq mümkün deyil. İnsan sosial varlıqdır. Ciddi karantin rejimi həm də iqtisadi vəziyyətə zərər vurur. Dövlətlərin də insanların mental sağlıqlarını qorumaq və sosiallaşmağa imkan yaratmaq hədəfləri var. Bir tərəfdən virusdan qorumağa, digər tərəfdən də yoxsulları da daha da yoxsullaşdırmamağa çalışırlar.

Ölkələrin hazırkı dərdi həm insanların sağlığını təmin etmək, eyni zamanda da sosial-iqtisadi məsələləri həll etməkdir. Azərbaycan da eyni məsələnin həllinə çalışır".

Hande Harmancı deyib ki, "karantin tədbirləri yumşaldılacaq, səhiyyə sistemi vəziyyəti müşahidə edəcək, buna görə də bəzi önləmlər artırılacaq, bəzi önləmlər isə azaldılacaq".

Bu riyaziyyat deyil, bir irəli, bir geri addım atıb izləyəcəyik. Azərbaycan da eyni metodu həyata keçirəcək. Hazırda Azərbaycan hökuməti hələlik kiçik mağazaları açıb, bunların təsirini müşahidə edərək, indi vəziyyətə baxaraq, toplumun sağlamlığını qorumağa çalışacaq. Biz də bu mövzuda onlara yardım edəcəyik...

... İnsanlar əvvəlki həyata dönməyə başlayarsa, yoluxma sayının artacağını bilirik. Yumşaldılma qərarından (aprelin 27-dən) 7-10 gün sonra hökumət bəlkə karantin rejimini təkrar tətbiq edəcək. Bunun gec-tez olduğunu rəqəmlərə baxıb görəcəyik".

Azərbaycanın "karantin rejiminin tətbiqinə tez başlamasını" təqdir edən ÜST təmsilçisi "bunun müsbət nəticələrinin 10 apreldən sonra müşahidə olunduğunu" bildirib.

Bakı, koronavirus

Şəklin mənbəyi, Anadolu Agency/Getty Images

"Əhali vəziyyəti anlamalıdır"

Hande Harmancı "əhalinin vəziyyəti anlamalı olduğunu" bildirib və onların "əməl etməli olduğu" qaydalardan danışıb.

"Harada olursa-olsun ara məsafəsini qorumaq, bir metr ara buraxmaq qaydasına əməl etmək lazımdır. Əlcək taxın demirəm, ancaq əllərin tez-tez yuyulması vacibdir. Xəstəsinizsə, küçəyə çıxmayın və dəsmala və ya dirsəklərinizə öskürün (asqırın).

Hande Harmancı "artan yoluxma sayının hökumətin və ya ÜST-ün nəyisə səhv etməsi kimi qəbul edilməməli olduğunu" da bildirib.

Plazma müalicəsi

Koronavirus xəstələrində plazma müalicəsinin tətbiqi ilə bağlı ÜST təmsilçisi qurumun indi "qəti sübuta dayalı tövsiyyə etdiyi dərman müalicəsinin olmadığını" deyir.

"Lakin biz Azərbaycanın da qoşulacağı "Solidarity try" ("Həmrəylik cəhdi") adlandırdığımız bir təcrübə aparırıq. Dörd fərqli dərman rejiminin tətbiqi aparılır. Plazma ilə müalicə mümkündür. Bəzi yoluxucu xəstəliklərdən sonra bəzi xəstələrin qanında anticisimlər yaranır. O qandan istifadə edərək immunitet yaradılması mümkündür. Bəzi ölkələr bu metodu tətbiq edib. Biz hələ onu müşahidə edirik", - Hande Harmancı deyib.

"Koronavirus ailəsinin tez-tez mutasiyaya uğramadığını" vurğulayan qurum təmsilçisi, Malayziyada virusun mutasiyaya uğraması ilə bağlı "ÜST-ün dünyanın müxtəlif yerlərindəki laboratoriyalarında hələlik Çində yayılan son COVİD-19 virusunda mutasiya müşahidə olunmadığını, lakin bu səpkidə müşahidələrin davam etdiyini" bildirib.

Koronavirusla bağlı ÜST-ün nüfuzuna zərbə dəyməsinə" gəlincə, qurum nümayəndəsi "ÜST kimi təşkilatların tənqid hədəfi ola biləcəyini və belə təşkilatların bu tənqidlərə açıq olmalı olduğunu bildirir".

ÜST rəhbərinin dəyişməsinə gəlincə, Hande Harmancı indiyədək "vəzifəsindən seçimsiz getmiş ÜST direktorunun olmadığını və qurum rəhbərinin getməsi üçün bütün ölkələrin anlaşmasının vacibliyini" vurğulayıb.

ÜST

Şəklin mənbəyi, FABRICE COFFRINI/Getty Images

"Uşaqlarda müşahidə olunan yeni xəstəlik"

Avropa ölkələrində və Amerikada əsasən uşaqlar arasında damar iltihabı ilə müşahidə olunan xəstəliyin pandemiyaya çevrilmə ehtimalının olub-olmadığına şərh verən ÜST nümayəndəsi qurumun xəstəliklə bağlı "araşdırmalara başladığını bildirib".

"Cenevrədə hər gün minlərlə şəxs - ekspertlər, həkimlər, labaratoriya ekspertləri araşdırmalar aparırılar. Bir də koronavirus xəstələrinə baxan həkimlər var. Aktiv olaraq onlayn konfranslar vasitəsilə onlarla əlaqə saxlanır. Ən son onların bu uşaqlar arasında yeni yayılan xəstəliklə bağlı müzakirələri oldu. İndiki məqamda bununla bağlı heç bir şey deyə bilmirik", təmsilçi deyib.

"Koronavirusla bağlı isə indiyə qədər dəqiq bilinən məsələ odur ki, bu xəstəlik uşaqlarda daha yüngül keçir. Uşaqlarda çox az ölüm görülür. Covid-19 uşaqlar üçün yüksək riskli deyil. Bu mövzu da araşdırması davam edən mövzulardandır", o əlavə edib.

Ölkədə aparılan testlərin çoxaldılması imkanı varmı?

Azərbaycanda koronavirusla bağlı testlərin aparılması üçün laboratoriyaların sayının 2-3-dən artırılıb 20-yə çatdırıldığını bildirən Hande Harmancı ölkədə 140 mindən çox testin aparıldığını deyib.

O, ölkədə laboratoriyaların sayının artırılacağını istisna etməyib.

Ölkədə epidemiyanın səviyyəsini müəyyənləşdirmək üçün əhalinin neçə faizini testdən keçirmək lazım olmasına gəlincə, Hande Harmancı belə bir sayın olmadığını, lakin qurumun bu məsələ ilə bağlı araşdırma aparmaq üçün hazırlıqlarının davam etdiyini" bildirib.

Hande Harmancı aprelin 30-da ÜST-ün fövqəladə iclasının keçirildiyini bildirib, "Təcili Vəziyyətlər Komitəsinin tövsiyələrinin bu gün açıqlanacağını" bəyan edib.

"300 tibb işçisi koronavirusa yoluxub"

Hande Harmancı Azərbaycanda indiyədək 300 tibb işçisinin koronavirusa yoluxduğunu da nəzərə çatdırıb.

"Koronaviruslu xəstələrin olduğu xəstəxanalarda sağlıq işçilərinin virusa yoluxması çox azdır. Bildiyimiz qədərilə sağlıq işçiləri arasında Covidlə yoluxma halları bu virusun müalicəsinin aparıldığı xəstəxanalardan kənarda baş verir. Oradakı tibb işçiləri özlərini qoruyurlar. Yoluxmalar isə əsasən poliklinikalarda baş verir. Bu da o deməkdir ki, həkimlərin, tibb bacılarının hər yerdə önləm alması vacibdir".

Virusun yayda azalıb-azalmayacağı ilə bağlı Hande Harmancı indiyədək isti ölkələrdə virusa yoluxmuş xeyli şəxsin olduğunu deyib.

"Virus masanın üstündə durursa və üstünə gün işığı düşürsə, məhv olur. Suda qaynayırsa yenə də məhv olur. İndi isti ölkələrdə də çoxlu yoluxmanın olduğunu bilirik. "Yay gəldikcə çoxalacaqmı?" görəcəyik. Havalandırmadan dolayı xəstəliklər azala bilir".

"Uşaqlarınızı peyvənd etdirin!"

ÜST təmsilçisi həmçinin azərbaycanlı valideynlərin övladlarını peyvənd etdirmələri üçün çağırış edib: "Uşaqlarımızı peyvənd etdirməklə onları və cəmiyyəti yoluxucu və ölümcül xəstəliklərdən qoruyaq", Hande Harmancı deyib.

koronavirus
xətt