Bakıda metro yenidən açıldı - şəkillər

Bakı Metropoliteni səhər saat 6-da öz fəaliyyətini bərpa edib. Metronun açılması karantin rejiminin mərhələli yumşalma planının tərkib hissəsidir.

Qaydalara görə, metro stansiyalarına yalnız yaşayış yerini "SMS icazə ilə, "icaze.e-gov.az" portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən" sərnişinlərin girişinə icazə verilir.

Metro stansiyası ərazisində və qatarlarda qoruyucu maskalardan istifadə və sosial məsafəni gözləmək mütləqdir.

Cümə günü jurnalistlərlə görüşən metropoliten rəhbərliyi bu qaydaya əməl etməyə səsləyərək metronun 25 stansiyasının 17-də apteklərin olduğunu bildirib.

"Qalan stansiyalarda da səyyar maska satışı təşkil olunacaq. Eyni zamanda, apteklərin səhər saat 6.00-da açılmasını xahiş etmişik. Sərnişinlərdən xahiş edirik ki, maskanı səhər saat 6.00-da deyil, qabaqcadan əldə etsinlər", - "Bakı Metropoliteninin" rəhbəri Zaur Hüseynovun sözləri Azərtacda iqtibas edir.

Bakı Metropoliteninin fəaliyyəti koronavirusla mübarizə tədbirləri çərçivəsində əvvəlcə səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilmişdi.

Daha sonra martın 31-də, gecə saat 10-dan etibarən isə metronun fəaliyyəti dayandırılmışdı.

Nazirlər Kabineti yanında Operativ Qərargah bu addımın əhalinin sağlamlığının, təhlükəsizliyinin təmin olunması məqsədilə atıldığını bildirmişdi.

Azərbaycanda koronavirusun ilk halı 28 fevralda qeydə alınıb. Ölkədə koronavirusla mübarizə tədbirləri çərçivəsində martın 24-dən xüsusi karantin rejimi elan olunub.

Azərbaycanda aprelin 27-də birinci dəfə, mayın 4-də isə ikinci dəfə xüsusi karantin rejiminin yumşaldılması həyata keçirilib.

Xüsusi karantin rejimi mayın 31-dək davam edəcək.