Əfqan Muxtarlı: "Harda dayanmışdım, oradan başlayacam"

Əfqan Muxtarlı və qızı

Şəklin mənbəyi, Leyla Mustafayeva

"Yarımçıq yazılarım var, onlardan başlayacam. Həbsimə qədər nə işlə məşğul idimsə, onu da davam etdirəcəm".

Bu sözləri çərşənbə axşamı günü məhkəmə zalından azadlığa buraxılan və 15 dəqiqə sonra Almaniyaya göndərilən jurnalist Əfqan Muxtarlı deyib.

Əfqan Muxtarlı 2017-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onu 2017-ci ildə Azərbaycan dövlət sərhədini qanunsuz keçməkdə, qaçaqmalçılıqda və dövlət qulluqçusuna xəsarət yetirməkdə təqsirkar tanıyıb.

Lakin o, ittihamları daima rədd edib və yaşadığı Tbilisidən oğurlanaraq zorla Azərbaycana aparıldığını deyib.

Əfqan Muxtarlı BBC News Azərbaycancaya azadlığa buraxılması və gələcək fəaliyyəti ilə bağlı danışıb.

"5-6 ay əvvəl gündəmə gəlmişdi"

Jurnalistin sözlərinə görə, onun azadlığa buraxılmasında cinayət hüququnda "vaxtından əvvəl azad etmək formalarından biri olan" "şəxs cəzasının müəyyən bir hissəsini çəkdikdən sonra, qalan müddət daha yüngül cəza ilə əvəz olunmasından" istifadə edilib.

"Cəzamın növü dəyişdirildi və mən 1000 manat cərimə əvəzində həbsdən azad olundum, məhkəmə zalından azadlığa buraxıldıqdan 15 dəqiqə sonra hava limanına aparılaraq, ordan Almaniyaya göndərildim", cənab Muxtarlı deyir.

O, azadlığa buraxılan kimi onu niyə Almaniyaya göndərdiklərini bilmir.

Əfqan Muxtarlı BBC News Azərbaycancaya bildirib ki, "azadlığa buraxılma məsələsi 5-6 ay əvvəl gündəmə gəlsə də, bir neçə dəfə məhkəmə vasitəsi ilə buraxılmağa cəhd olunsa da alınmayıb".

"Özləri demişdilər ki, siyasi qərar verilib, azadlığa buraxılacaqsan. Bir dəfə cəhd etdik, baxılmadı. Sonuncu dəfə ərizə yazanda inanmırdım ki, cəzamın növü dəyişdirilsin. Gözlənilmədən məhkəmə çağrıldı, ərizə təmin olundu və məhkəmə zalından azadlığa buraxılma qərarı verildi", o danışır.

O deyir ki, ilk dəfə ərizə yazılan vaxt viza məsələsi həll edilmişdi.

"Viza bir neçə ay əvvəldən məni buraxmaq istədikləri birici mərhələdə hazır idi", o deyir.

Cənab Muxtarlı deyib ki, azadlığa buraxılması Almaniya hökumətinin "cəhdləri sayəsində" mümkün olub.

Həbs müddətində səhhətindən şikayətlənən Əfqan Muxtalı hazırda özünü yaxşı hiss etdiyini deyir.

İdeyalara görə...

"Həbsxanada şəkər xəstəliyindən əziyyət çəkdim, təzyiqimlə bağlı problemlər var idi. Həbs müddətində yeni bir xəstəlik qazanıb-qazanmadığımı hələlik bilmirəm. Bu yaxınlarda biləcəyəm", jurnalist deyir.

Əfqan Muxtarlı hazırda Almaniyada həyat yoldaşı və qızının yanındadır. Deyir ki, uzun müddət ailəsi və övladları ilə görüşə bilməyib.

O vurğulayır ki, övladı ilə xarici ölkədə görüşmək "qəribə hisdir".

"Həbs yaxşı yer deyil, amma həbsə düşməmək üçün ideyalardan imtina etmək doğru olmaz. Bir azadlığa görə bir ömür ideyalarından imtina etmək doğru deyil. İdeyalara görə həbsdə yatmaq olar. Amma ailə üzvlərim gələ bilmirdilər, görüşə bilmirdik, bu baxımdan yaxşı bir şey deyil", jurnalist danışır.

Üç ildən sonra azadlğa çıxmağın necə bir hiss olması barədə isə o deyir ki, "bu hisləri sözlə ifadə etmək mümkün deyil".

"Uzun müddətdir ailəmi görmürəm, qızlarımı görmürəm, böyük qızımı bu günə qədər görməmişəm, başqa şəhərdədir. Yoldaşlarım var həbsdə, siyasi məhbuslar qeyd şərtsiz azad olunmalıdırlar", o deyir.

Əfqan Muxtarlı bundan sonra journalist fəaliyyərinə davam edəcəyini də qeyd edir.

"Harda dayanmışdım, oradan başlayacam", jurnalist bildirir.