Bu gündən Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş məhdudlaşdırılır

sıxlıq, tıxac, yol bağlanıb, Moskva prospekti, yol təmiri

Bu gündən etibarən Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş məhdudlaşdırılır, Nazirlər Kabineti yanında operativ qərargah bildirir.

Qərargah bildirir ki, martın 19-u saat 00.00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılır.

"Xüsusi buraxılış rejimi qaydalarını pozan şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri tətbiq olunacaq," - qərargah bildirib.

Məlumatda deyilir ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan avtobus, mikroavtobus, taksi və digər sərnişindaşıma nəqliyyat vasitələrinin ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunur.

Nazirlər Kabineti Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı şəhərinə sərbəst giriş-çıxışına icazə verildiyini bildirib.

Qurum əhaliyə müraciət edərək sözügedən ərazilərdə qeydiyyatda olan avtomobillərin və sərinişindaşıma nəqliyyat vasitələrinin qeydiyyatda olduqları yaşayış məntəqələrindən kənara səfər etməyə və sərnişin daşımaqdan çəkinməyə çağırıb.

koronavirus
xətt

Qatarlarla sərnişin daşıma dayandırılır

Nazirlər Kabineti yanında operativ qərargah bildirib ki, Sumqayıt və Abşeron istisna olmaqla ölkənin bütün şəhər və rayonlarından qatar vasitəsi ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna sərnişin daşınması dayandırılır.

"Ölkə ərazisindəki hava limanlarından Bakıya sərnişin daşınmasına fasilə verilir," - məlumatda qeyd olunur.

Qərargah bildirib ki, "ticarət əlaqələrinin saxlanması, ərzaq və başqa gündəlik tələbat mallarına ehtiyacı təmin etmək məqsədilə bütün nəqliyyat vasitələri ilə yükdaşımaları sərbəstdir".

Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb.

Rəsmi qurumlara əsasən, Azərbaycanda 27 nəfərdə korona virus aşkarlanıb, bir nəfər ölüb, 11 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi"-nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, indiyə qədər xəstəlik aşkar olunmadığı üçün 711 nəfər karantindən evə buraxılıb. "Hazırda karantində 560 nəfər var, bu günə qədər 4200-ə qədər müayinə aparılıb", o deyib.