Masallıda karantində saxlanılanlar: "Çimmək istəyirik"

Azertag koronavirus

Şəklin mənbəyi, Azertag

    • Müəllif, Aygül Mehman
    • Vəzifə, BBC News Azərbaycanca

"19-20 gündür çıxmışam evdən. İsti su yoxdur, paltarlarımı dəyişməmişəm", hazırda Masallıda karantində saxlanılan Ədalət Muradov BBC News Azərbaycancaya deyir. "Elə bil hərbi şəraitdəyik", o əlavə edir.

Masallı Mərkəzi Rayon Xəstəxanasında karantində saxlanılan şəxslər isti su olmadığı üçün çimə bilməməkdən şikayətçidirlər. Onlar 11 gündür ki, koronavirus şübhəsi ilə karantin altındadırlar.

Xəstəxanadan isə bildiriblər ki, xəstələr istəyəndə onlara "vedrələrdə su isidib verirlər".

Bundan öncə karantində saxlanılan şəxslərin şikayəti ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) BBC News Azərbaycancaya xəstəxanadakı çatışmazlıqların "aradan qaldırıldığını" bildirmişdi.

Çərşənbə günü İranda olan 276 nəfər Azərbaycan vətəndaşı Azərbaycana keçib, Nazirlər Kabineti yanında operativ qərargah bildirib.

Cümə axşamı günü operativ qərargah ölkədə daha üç nəfərin koronavirusa yoluxduğunu bildirib. Bununla da Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı 6 nəfərə çatıb.

Azərbaycan hökuməti fevralın 26-dan İrandan gələn şəxslərə koronavirus şübhəsi ilə karantin tətbiq edib. İrandan qayıdan vətəndaşlar mütləq şəkildə 14-29 gün müddətinə karantin rejiminə yerləşdirilir.

"İnfarkt keçirmişəm, dərmanlarım bitib, yenisini vermirlər"

Qarabağ müharibəsi əlili olduğunu deyən Ədalət Müradov bildirir ki, "evdən 19-20 gündür çıxıb" və indi əynindəkilər evdə geyinib çıxdığı paltarlardır.

"Bizə yemək verirlər. Otaqlar da yaxşıdır, ancaq isti su yoxdur. Üstəlik mən infarkt keçirmişəm. Neçə gündür burda həkimlərə deyirəm ki, dərmanlarım bitib. Mənə dərman vermirlər".

İrana 3 günlük getdiyini bildirən Firdovsi Ələkbərov BBC News Azərbaycancaya Masallı rayon Mərkəzi Xəstəxanasında "dörd gündür isti suyu axtarıb, tapa bilmirik" deyir.

"Doqquz gündür sərhədi keçmişik. 10 gündür duş qəbul etmirəm. İsti su yoxdur. Bizi elə damlayıblar ki, sanki ən təhlükəli xəstəliyi daşıyan vətəndaşıq. Havaya çıxmaq olmaz deyirlər. İnfarkt keçirmişəm, iki gündür dərmanlarım bitib. İki gündür gördülər ora-bura zəng vururam, axırda dava-dalaşdan sonra gətirib dərman verdilər", - Firdovsi Ələkbərov deyib.

O bildirir ki, "bir qədər səs-küy saldıqdan sonra onların təzyiqini yoxlayıb, hərarətlərini ölçüb, dərman versələr də, isti suyu hələ də verməyiblər".

Astaradan gətirilərək Masallı Rayon Mərkəzi Xəstəxanasında saxlanan şəxslərdən biri də Rəhilə Məstəliyevadır.

BBC News Azərbaycancaya danışan Rəhilə Məstəliyeva deyir ki, indi şəraitləri bir qədər yaxşıdır, lakin bu "yaxşıya" isti su daxil deyil.

Koronavirus karantin

"Mənə deyirlər qərəzlidir. Bax, bizə yemək verirlər. İndi qaldığımız otaqlar yaxşıdır. Qərəzli olsam bunları da deməzdi. Ancaq isti su yoxdur, 11 gündür bədənimizə su dəymir, çimə bilmirik".

"Verdələrdə su isidib xəstələrə veririk"

Masallı Mərkəzi Rayon Xəstəxanasından bildiriblər ki, xəstələr istəyəndə onlara "vedrələrdə su isidib verirlər".

"Siz gün ərzində daha tez zəng vurun ki, daha dolğun məlumat ala biləsiniz. Doğrudur xəstəxanada isti su yoxdur, ancaq istəyən xəstələrə biz vedrələrdə su isidib veririk", Masallı Mərkəzi Rayon Xəstəxanasından bildiriblər.

"Suya həsrətik"

Rəhilə Məstəliyeva ötən həftə sosial mediada Astara Mərkəzi Rayon Xəstəxanasında karantində saxlanılarkən buradakı vəziyyəti çəkib "şəraitsizlikdən" şikayətləndiyi videonu sosial mediada paylaşmışdı.

O həmçinin BBC News Azərbaycancaya vəziyyətdən narazılığını bildirmişdi.

"Üç gündür yuyuna bilmirik. Dişimiz, bütün bədənimiz suya həsrətdir. İmdad diləyirik. Bizi burda virusa yoluxduracaqlar,"- fevralın 28-də Astara Mərkəzi Xəstəxanasında karantində saxlandıqlarını deyən Rəhilə Məstəliyeva bildirmişdi.

O, BBC News Azərbaycancaya demişdi ki, bacısı qızı ilə Tehrandan həkimdən qayıdarkən hərarətlərini yoxladıqdan sonra onları Astara Mərkəzi Xəstəxanasına gətiriblər.

"Sərhəddə bizi antisanitariya vəziyyətində bir təcili yardım maşınına yığıb gətirdilər Astara xəstəxanasına. Xəstəxanada istiliyimizi bir də ölçdülər, 36,2 idi, sonra içəri buraxdılar. Bizi yoxlayan həkim-tibb bacılarının əyinlərində sadəcə bir həkim xələti var idi. Nə bir maska, nə bir əlcək geymişdilər. Bu gündən başlayıblar, əl-ayağa düşüblər. Tapşırıblar ki, əlcək-maska taxın, gəldilər yataqları da dəyişdilər. Deyəsən, kimsə yoxlamağa gələcək", Rəhilə Məstəliyeva bildirmişdi.

Video açılmasa, YouTube-da izləyin.

"Karantindəyiksə, nə üçün burda adi vətəndaşlarla bir yerdəyik?"

Rəhilə Məstəliyeva BBC News Azərbaycancaya demişdi ki, çərşənbə günü Astara Mərkəzi Xəstəxanasının qəbul şöbəsində "yarım saat gözlədikdən və üşüdükdən sonra onlar soyuğa və antisanitariya vəziyyətinə etiraz ediblər".

"Biz hay-həşir saldıq ki, bura soyuqdur, bu nə vəziyyətdir, sonra bizi gətirdilər uşaq şöbəsinə. İçəri girdim gördüm ki, balaca uşaq yatıb. Çölə çıxanda anası mənə dedi ki, siz ora niyə girdiniz? Deyirəm, bilmirəm, bizə dedilər ki, bu otağı sizə veriblər. Səhəri gün bizə başqa otaq verdilər, getdik ki, o otaqda da iki uşaq yatır. Biz karantində olmalı şəxslər və orada yatan uşaqlar... Karantindirsə, bu xəstəliyə görə bizi bura gətiriblərsə, nə üçün biz burda adi vətəndaşlarla bir yerdəyik?"

"Hazırda xəstəxanada neçə nəfərin karantində saxlandığını bilmirəm", - Rəhilə Məstəliyeva demiş, - "burda bizdən başqa iki nəfər də xarici cütlük var," - əlavə etmişdi.

Xəstaxanadakı şəraitsizlikdən şikayətlənən Rəhilə xanım günlərdir "suya həsrət qaldıqlarını" bildirmişdi:

"Tualet-hamam sınıq-salxaq vəziyyətdədir. Üç gün idi əlimizi düz-əməlli yuya bilmirdik. Su yox idi, heç nə yox idi. Palatada bir kran var idi, biz aləmi qatdıqdan sonra gətirib ora bir göy rəngli sabun atıblar və bütün xəstələr o sabunla əllərini yumalıdır. Təsəvvür edin qadın xeylağıyıq, nə vəziyyətdəyik. Bu gün xəstəxanaya su gəlməyə başlayıb, ancaq indi də isti su yoxdur. Deyirik, tələb edirik, deyirlər ki, analiz götürmüşük, gözləyin, bir sutkadan sonra buraxacağıq. Dünən axşam analiz götürdülər ki, sabah sizi buraxa bilərik. Bəzisi isə deyir ki, yox, 14 gün karantində qalacaqsınız. İndi gözləyirik, görək nə olacaq?"

Rəhilə Məstəliyeva həmçinin "xəstəxanada antisanitariya vəziyyəti hökm sürdüyündən, o, verilən yeməklərə yaxın durmadığını" demişdi:

"İnanın ki, gedib baxmamışam yeməyə nə verirlər. Üç-dörd yumurtanı gətirib atmışdılar ora, bir də çay. Bu gün də deyəsən yağ-çörək filan gətiriblər. Onu da vətəndaşlar narazılıq ediblər ki, "bu nə yağdır?". Cavab veriblər ki, bizə belə veriblər. Heç nə, nə yeyəcəyik, pul veririk bizə peçenye alırlar. Burda bəzi şəxslərə pul veririk bizə yemək alıb gətirirlər onu yeyirik. Bizə nəzarət edən polislərə də bu gün tibbi maska və əlcək veriblər".

"O qadın hər şeydən narazıdır"

Astara Mərkəzi Rayon Xəstəxanasının həkimi Oqtay Əmənullayev BBC News Azərbaycancaya demişdi ki, xəstəxananın aidiyyatı şöbəsi dolub deyə gələn şəxsləri uşaq xəstəxanasını boşaltdıqdan sonra ora yerləşdiriblər.

"Biz karantin elan olunduğu ilk gündən, ayın təxminən 23-24-dən maskaları, əlcəyi geyməyə başlamışıq. Hazırda kombinzondayıq. O xanım hər şeydən çox narazıdır, çox iddialar edir. O, evinə getmək istəyir. Bütün karantinə alınmış adamlar narazı olurlar. Bu hökumətin qanunu var. Bizə nə vaxt yuxarıdan desələr ki, buraxın, o zaman buraxacağıq," - Oqtay Əmənullayev deyib.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi BBC News Azərbaycancaya xəstəxanalarla bağlı suallara TƏBİB-in cavab verməli olduğunu bildirib. TƏBİB-dən bu barədə şərh almaq mükün olmayıb.

Nazirlər Kabinetindən xəbərdarlıq

Sosial mediada Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında İrandan gələn və karantində saxlanan şəxslərin etiraz görüntüləri yayılıb. Görüntülərdə həmçinin xəstəxananın qarşısında polis dəstəsinin cəlb olunduğu görünür.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov BBC News Azərbaycancaya Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının qarşısına polis cəlb olunduğu iddialarını təkzib etmişdi.

Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah isə cümə günü axşam saatlarında məlumat yayıb ki, İrandan Azərbaycan ərazisinə keçən və yoxlanılmaq üçün karantin yerlərinə götürülmüş şəxslər və onların yaxınları bəzi hallarda ictimai qaydaları kobudcasına pozur, tibbi heyətə qarşı zor tətbiq edir, müayinənin normal şəraitdə aparılmasına mane olurlar.

Koronavirusun yayılması təhlükəsinə qarşı görülən tədbirlərin normal şəraitdə həyata keçirilməsini təmin etmək məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah hüquq-mühafizə orqanlarına belə halların qarşısının alınması ilə bağlı göstəriş verib, məlumatda deyilir.

Nazirlər Kabineti xəbərdarlıq edir ki, karantin normalarını pozan, tibbi heyətin normal iş rejiminə mane olan hər bir şəxsə qarşı qanunun tələblərinə uyğun şəkildə tədbirlər görüləcəkdir.

İranla sərhəd bağlanıb

Fevralın 29-da Azərbaycan koronavirus təhlükəsinə görə İranla sərhədini bağlayıb. Şənbə günü İrandan Azərbaycana qayıdan iki Azərbaycan vətəndaşında koronavirus aşkar edilib. Bununla da xəstələrin ümumi sayı 6-ya çatıb.

"Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və digər dövlətlərin təcrübələrini nəzərə alaraq, koronavirus riskinin yayılması ilə əlaqədar 29 fevral 2020-ci il tarixindən saat 16.00-dan etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul olunmuşdur", - şənbə günü yayımlanan Nazirlər Kabinetinin qərarında deyilir.

Koronavirus karantin