You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Transparency İnternational hesabatı: Azərbaycan Cənubi Qafqazda "ən korrupsiyalaşmış" ölkədir
"Transparency International" beynəlxalq qeyri-hökumət təşkilatı dünya ölkələrinin vəziyyətini dövlət sektorundakı korrupsiyanın səviyyəsinə görə dəyərləndirdiyi illik hesabatın açıqlayıb.
Hesabat rəqəmlərinə görə, Azərbaycan Cənubi Qafqazda "ən korrupsiyalaşmış" ölkədir.
Azərbaycan hakimiyyəti ölkədə korrupsiya ilə mübarizə apardığını və bir çox sahədə artıq şəffaflığa nail olduğunu bildirir.
İlham Əliyev ötən ilin sonunda keçirdiyi iqtisadi müşavirədə demişdi ki, o, bütün qurumlar qarşısında vəzifə qoyub ki, "maksimum şəffaflıq, dürüstlük olmalıdır, rüşvətxorluğa, korrupsiyaya son qoyulmalıdır".
O, bu mübarizədə ictimai nəzarətin "daha güclü" olmalı olduğunu qeyd edib.
"Transparency International" beynəlxalq qeyri-hökumət təşkilatının hesabatında ekspertlər və sahibkarlar yüksək bal toplamış ölkələri müsbət qiymətləndirirlər.
Keçən il olduğu kimi, "Korrupsiyanın qavranılması indeksi"nə (KQİ) görə, Rusiya yenə 100 baldan 28-ni toplayıb. Buna baxmayaraq, bir pillə yuxarı qalxıb və 180 yerdən 137-ni tutub.
Bu reytinq siyahısında Rusiyanın qonşuları Dominikan Respublikası, Keniya, Liberiya, Livan, Mavritaniya, Papua-Yeni Qvineya, Paraqvay və Uqandadır.
Hesabatda bildirilir ki, son illərdə KQİ göstəricisinə görə, Rusiyanın vəziyyəti stabitdir.
"Həqiqi dəyişikliklər üçün siyasi iradə olmadıqda, korrupsiyaya qarşı mübarizə karqo-kult olaraq qalır. Bu mübarizəyə cavabdeh orqanların ayrı-ayrı tədbirləri, o cümlədən, qanunvericiliyə lokal dəyişikliklər ölkəmizdəki vəziyyəti köklü olaraq dəyişməyə kifayət etmir. Bunun üçün hakimiyyətin dar bir qrupun maraqlarına uyğun qərarlar qəbul etməsinə imkan verməyən, ictimai faktorların maraqlarını əlaqələndirən inklüziv bir sistem qurulmalıdır"- "Transparency International - R" Mərkəzinin direktoru Anton Pominov belə deyir.
"Hüquq sisteminin sağlamlaşdırılması"
2019-cu ildə liderlər qrupunda kiçik dəyişiklik baş verib: birinci yeri Yeni Zelandiya və Danimarka tutub (hər biri 87 bal), onların ardınca Finlandiya (86) gəlir. Son illərdə ilk üç yeri məhz bu ölkələr qazanır.
Britaniya 12-ci yerdədir (77 bal). 2018-ci illə müqayisədə (80 bal) ölkənin göstəricisi bir qədər pisləşib.
MDB ölkələri və Rusiyanın coğrafi qonşuları arasında il ərzində ən böyük nailiyyətə Ermənistan imza atıb - 35 baldan 42 bala sıçrayış edib. Azərbaycanın göstəriciləri də yaxşılaşıb - 25 baldan 30 bala yüksəlib.
Siyahını Suriya (13 bal), Cənubi Sudan (12 bal) və Somali (9 bal) tamamlayır.
"Transparency International - R" Mərkəzinin ekspertləri hesab edirlər ki, reytinq siyahısında bu qədər aşağı düşməmək üçün Rusiya hakimiyyətdəki nəzarət və tarazılıq sistemini gücləndirməlidir.
Onlar siyasi partiyaların maliyyələşməsinə nəzarəti gücləndirməyi, biznesmənlərin öz sahələri üzrə məmurlara, məmurlarınsa biznesmənə çevrildiyi lobbiçilik fəaliyyətini və "dönən qapılar" praktikasını tənzimləməyi təklif edirlər.
Bundan başqa, ekspertlər vətəndaşlara daha çox azadlıqlar verilməsini, aktivistləri, jurnalistləri və korrupsiya halları haqqında məlumat verənləri müdafiə etməyi tövsiyə edirlər.
Yanvarın 22-də Rusiyanın yeni Baş prokuroru İqor Krasnov Federasiya Şurasındakı çıxışında bəyan edib ki, əsas işi "hüquqi mühitin sağlamlışdırılması" hesabına korrupsiyanı maksimum zəiflətmək olacaq.
O, "korrupsiya təzahürlərinə" qarşı "dözümsüzlük atmosferi" yaratmağı təklif edib.
Hesabatla bağlı şərh verən YAP-ın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyib ki, "ölkənin korrupsiya vəziyyəti onun hansısa hesabatda neçənci yer tutması ilə bağlı deyil, bu ölkədəki real vəziyyətlə, ölkə rəhbərliyinin siyasi iradəsinin ortada olması ilə bağlıdır".
"Azərbaycanda korrupsiyanın aradan qalxması üçün maksimum tədbirlər görülür. Bu, Azərbaycan iqtidarının fəaliyyətinin əsas istiqamətlərindən biridir və biri olaraq da qalacaq", - o bildirib.